Bakıda səyyar qəzet satışı qadağan edildi; prezidentin yayımla bağlı göstərişlərinə zidd olan qərar redaktorları etiraza qaldırdı; “Yeni Müsavat” məhkəməyə üz tutacaq; Rauf Arifoğlu: “Bu, qəzetlər üçün əcəl zəngidir...”
Noyabrın 24-də prezident İlham Əliyevin redaktorlarla görüşündə “Yeni Müsavat”ın baş redaktoru Rauf Arifoğlu qəzetlərin yayımında olan problemləri qaldırmışdı. Ölkə başçısı da bu problemlərin həllinə göstəriş vermişdi.
İnsafən, prezidentin müdaxiləsindən sonra bu yöndə yavaş-yavaş da olsa, müsbət dəyişikliklər özünü göstərməyə başlamışdı. Amma dünən xəbər gəldi ki, paytaxtda səyyar qəzet satışı qadağan olunub. Belə ki, Bakı küçələrində küçə ticarətinə, qəzet və jurnalların səyyar satış nöqtələrinə Bakı Şəhər Ticarət və Xidmət Departamenti tərəfindən verilmiş icazələr yanvarın 1-dən ləğv edilib.
Departamentdən APA-ya verilən məlumata görə, bu qərar Bakının abadlaşdırılmasını, gözəlləşdirilməsini, dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsini və şəhərdə dünya standartlarına uyğun ən müasir qəzet və jurnalların satış köşklərinin quraşdırılmasını nəzərə alaraq qəbul edilib. Departament bildirir ki, bundan sonra şəhər ərazisində küçə ticarətinə yol verilməyəcək, qəzet və jurnalların satışı isə yalnız və yalnız şəhərdə quraşdırılmış dünya standartlarına cavab verən köşklərdə həyata keçiriləcək.
Dünən Bakı Şəhər Baş Polis İdarəsi də məsələyə münasibət aşıqlayıb. İdarədən musavat.com-a daxil olan məlumatda deyilir ki, polis tərəfindən qəzet satışına qadağalar qoyulması barədə məlumatların heç bir əsası yoxdur: “Bəli, paytaxt polisi şəhər icra hakimiyyəti ilə birlikdə qanunsuz küçə ticarətinə qarşı müvafiq tədbirlər həyata keçirir və bu sırada primitiv qaydada kustar üsulla hazırlanmış rəflərin üzərində olan qəzet-jurnal satışının da qarşısının alınması həmin tədbirlərin tərkib hissəsidir.
Vətəndaşların küçə ticarətinin qarşısının alınması ilə bağlı çoxsaylı müraciətləri gündən-günə gözəlləşən şəhərimizin simasına xələl gətirən hər cür əldəqayırma satış nöqtələrinin yığışdırılmasını zəruri edir. Odur ki, Bakı Şəhər İcra Hakimiyyəti və Baş Polis İdarəsi əhalinin haqlı narazılığına səbəb olan belə neqativ hallara qarşı tədbirləri mütəmadi olaraq davam etdirəcək. O ki qaldı qanunsuz küçə ticarəti ilə məşğul olanların xüsusi icazə əsasında fəaliyyət göstərmələrinə, müxtəlif yollarla əldə edilən həmin sənədlər artıq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ləğv edilib".
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu isə qadağa ilə bağlı musavat.com-a bunları deyib: “Bu, qəzetlər üçün əcəl zəngidir. Gözləmədiyimiz bir vəziyyətə gəlib çıxdıq. Prezidentlə görüşdən və yayım məsələsini qaldırdıqdan sonra işlər zəif templə də olsa, yaxşılığa doğru gedirdi. Yeni köşklərlə müqavilə imzaladıq, indi oraya hər gün 1400 nüsxə qəzet veririk. Çalışırdıq ki, metroda da yayımı bərpa etdirək. Ümidli idik. Mətbuat Şurasında xüsusi komissiya yaradaraq, qəzet yayımını genişləndirməyə dair plan hazırlamışdıq. Həmin planı da hesabat halına salıb, Prezident Administrasiyasına yollamışdıq. Lakin qəfildən belə bir vəziyyətlə üzləşdik”.
Baş redaktor qeyd edib ki, səyyar satış qadağası qəzetin 3 min tiraj itirməsi deməkdir: “Yerdə qalan 3-4 min tirajla isə qəzetin məsrəflərini ödəmək qeyri-mümkündür. Bu cür davam etsə, ”Yeni Müsavat" qəzeti ixtisarlara gedəcək, dövriliyini azaldacaq. Hələlik musavat.com adlı portalımızda problem yoxdur, onun ziyarətçi sayı hər gün artır. Lakin 25 illik tarixi olan bir qəzet sıradan çıxmaq ərəfəsindədir. Prezidentlə görüşdən sonra işlərin bu yerə gəlib çıxacağını gözləməzdim".
R.Arifoğlu “qəzetin kollektivi və digər qəzetçilər bu məsələ ilə bağlı hansısa etiraz addımları düşünürlərmi” sualına belə cavab verib: “Əlbəttə ki, nələrsə edəcəyik. Lakin hazırda AXCP iki mühüm qəzeti - ”Yeni Müsavat"ı və “Azadlıq” qəzetini üz-üzə qoyub. İndi biz daha çox bir-birimizə qarşı məqalə yazmaqla, savaşmaqla məşğuluq. Lakin kollektivin kifayət qədər sayı və buradakı jurnalistlərin böyük nüfuzu var. Biz yayım sektoru ilə birlikdə etirazlara başlayacağıq. Bunlarla paralel olaraq, mən prezidentə təkrar müraciət edəcəyəm, bu vəziyyətin onun özünə və mövzu ilə bağlı dediyi sözlərə zərbə olduğunu vurğulayacağam. Prezident demişdi ki, qəzet yayımına kimsə əngəl olmamalıdır. Budur, indi Bakı meriyası qəzetləri məhv edəcək bir qərar verib. Biz isə yaşanmaq, işləmək, davam etmək istəyirik".
Öz növbəsində “Yeni Müsavat”ın hüquqşünası Vaqif Hüseyn qəzetin məhkəməyə müraciət edəcəyini bildirdi: “Qəzet inzibati aktın mübahisələndirilməsi ilə bağlı məhkəməyə müraciət etmək fikrindədir. Çünki bu qərar Azərbaycan Respublikasının Konstitusiyası, ”KİV haqqında" Qanuna ziddir. Belə ki, mətbu nəşrlərin çap məhsulları bilavasitə redaksiya, naşir, yaxud müqavilə əsasında rabitə müəssisələri, başqa təşkilatlar, habelə vətəndaşlar tərəfindən yayıla bilər. Məhkəmənin qərarı yoxdursa, kütləvi informasiya vasitəsi məhsulunun yayılmasına mane olmağa, o cümlədən onun tirajının, yaxud tirajının bir hissəsinin müsadirə edilməsinə yol verilmir. Bu qanuna istinad edib məhkəməyə müraciət edəcəyik. Qanunvericilik iyerarxiyası baxımından “KİV haqqında” Qanun meriyanın Ticarət və Xidmət Departamentindən daha üstün qüvvəyə malik olduğu üçün bu məlum qərarın heç bir hüquqi qüvvəsi yoxdur. Üstəlik, heç bir “abadlaşdırma və gözəlləşdirmə” insan hüquqlarının kobud sürətdə pozulması ilə müşahidə edilə bilməz".
“Azadlıq” qəzetinin redaktoru Sücəddin Şərifov “Yeni Müsavat”a bildirdi ki, bu, ölüm-dirim məsələsidir: “Biz qadağanın ləğvi üçün mübarizə aparacağıq. Səyyar satışdan əldə olunan gəlir ən əhəmiyyətli hissədir. Bir tərəfdən ”Qasid" firması ilə problemlər var, “Qaya” tamamilə çökdürülüb, yeni firmalarla iş qurmağa çalışırıq, belə vəziyyətdə küçə satışını ləğv edirlər. Qəzetin ayaqda qalması və vəziyyətdən çıxması üçün çalışacağıq".
“Gündəm-xəbər” qəzetinin təsisçisi Şirin Cəfəri isə qeyd etdi ki, ölkə mətbuatında satışla özünü saxlayan bir neçə qəzet var: “Onlardan biri də ”Gündəm-xəbər"dir. Bu qadağa hakimiyyətin qərarıdır, yoxsa Bakı meriyasının öz təşəbbüsüdür bilmirəm, amma bizi çox ağır vəziyyətə salırlar. İndi fikirləşirik ki, vəziyyətdən çıxmaq üçün nə edək. Metro keçidlərində, şəhərin müxtəlif yerlərində zibillik yaradan məhsullar satılır, qoz-fındıq qoyub satırlar. Amma şəhərin təmizliyinə xələl gətirməyən qəzet satışı qadağan olunur. Səyyar satışın ləğvi ilə əldə olunan gəlirin yarısı itirilib. Bu məsələni ölkənin birinci şəxsi həll edə bilər".
Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov məsələyə münasibət açıqlayıb. azvision.az-a açıqlamasında o, MŞ-nin məsələ ilə bağlı Bakı Şəhər Ticarət və Xidmət Departamentinə məktubla müraciət etdiyini söyləyib: “Biz bu məsələnin dəqiqləşdirilməsi üçün həmin departamentə məktub göndərmişik. Cavab gəlsin, görək nə məsələdir. Hələ ki məndə dəqiq məlumat yoxdur bu barədə. Məlumat dəqiqləşəndən sonra məsələyə münasibət bildirəcəyəm”.