“Qərb hakimiyyətə elə-belə deməyəcək ki, gedin, vaxtınız bitdi, sizlərlə işləməkdən yorulduq”
ReAL Vətəndaş Hərəkatının üzvü Erkin Qədirli «Bizim Yol» qəzetinə müsahibəsində ölkədəki ictimai-siyasi durumu təhlil edib, problemlərin səbəblərini, ondan çıxış yolları barədə fikirlərini bölüşüb. E.Qədirli ilə geniş müsahibəni oxucularımıza təqdim edirik.
- Erkin bəy, artıq ötən ilin sonundan başlanan məhkəmələr seriyası hökmlər mərhələsinə keçir, müsavatçı Yadigar Sadıqov 6 il azadlıqdan məhrum olundu, növbədə NiDA-çılar, ReAL sədri İlqar Məmmədov və Müsavat başqanının müşaviri Tofiq Yaqublunun hökmü gözlənilir. Proseslərdən qeyri-adi gözləntiləriniz varmı?
- Prosesin özü başlanğıcdan saxta olduğu üçün ədalətli keçəcəyinə gözləntimiz yox idi. Ümumiyyətlə, siyasətə girdiyimiz andan bu günə qədər öz aramızda da ümidsiz çalışacağımıza razılaşmışdıq. Siyasətdə ümid qorxu qədər ziyanlı bir şeydir. Yanlış ümidlərlə yaşayacaqsan başqalarında da yanlış gözləntilər yaradacaqsan və nəticədə onların da ümidini qıracaqsan. Ona görə məhkəmələrin necə yekunlaşacağını başımıza dərd edib düşünmürük. Təəssüfedici durumdur ki, ölkədə həbslər siyasi prosesin tərkib hissəsidir. Bu baxımdan siyasi prosesə girdiyin andan ona hazır olmalısan. Bu gün səni, sabah bir başqasını həbs edirlərsə, bu, artıq sənin idarə edəcəyin bir şey deyil.
- Deməli, növbəti həbslərə hazırsınızmı?
- Təbii. Bu işdə xüsusi bir cəsarət də, fayda da görmürük. Əlbəttə azadlıqda olmaq daha yaxşıdır. Amma proses onu tələb edirsə, gərək o mərhələni də keçəsən. İlqar Məmmədov da o fikirdədir, yəni xüsusi bir gözləntimiz yoxdur.
- Beynəlxalq təşkilatların həbslərə “soyuq” münasibətini necə izah edərdiniz, “Şahdəniz-2” müqaviləsi, yoxsa başqa amillər rol oynadı bu yanaşmada?
- Beynəlxalq təşkilatları gərək fərqləndirək, qeyri-hökumətlər və hökumət QHT-ləri. Sonuncular sırasında Avropa Birliyi iki dəfə xüsusi qətnamə qəbul etdi, sənədlərdə İlqar Məmmədovla Tofiq Yaqublunun xüsusi olaraq adını da çəkdi. Hətta qətnmənin birində İlqar Məmmədovun adını başlığa çıxartdı, o cümlədən, həbsdəki NİDA-çılar, gənclər, jurnalistlər, dindarların adı qətnamədə qeyd olunaraq şərtsiz buraxılması bildirilmişdi. Avropa Birliyi Parlamentinin bundan artıq edəcəyi bir şey yoxdur. Avropa Məhkəməsi isə bu günə qədər görünməyən bir addım atdı, İlqar Məmmədovun həbsindən 2 ay ötməmiş işi icraata götürüb hakimiyyətlə yazışmaya başladı. Yazışma bitib və mahiyyət üzrə baxılmaq mərhələsindədir. Yəqin bilirsiniz, Avropa İnsan Haqları Məhkəməsində işlər bu cür tezliklə baxılmır, hazırda 2005-ci il seçkilərindən şikayət edənlər var ki, nəticələri gözləyirlər. Güman ki, İlqar Məmmədova bu yanaşma özü də bir işarədir.
- Bəs hökumət bu işarəni qəbul edirmi?
- Açıq görünən odur ki, qəbul etmir və “pərdəarxası” nə danışılır, məlumatım yoxdur. Məsələ ondadır ki, hakimiyyətin üçüncü müddət, bir sistem problemi var. Heç də təsadüfü deyil ki, son həbslər, təqiblər, Qərblə Rusiya arasındakı vurnuxmalar üçüncü müddət kontekstdə götürülməlidir. Hakimiyyət xeyli dərəcədə xaricdən asılıdır, dəfələrlə demişəm öz xalqından asılı olmayan hökumət sonda başqa ölkələrin hakimiyyətlərindən asılı olur.
- Xaric deyəndə Rusiya, Avropa Birliyi, yoxsa Amerikanı nəzərdə tutursunuz?
- Bu məsələdə çox kompleks bağlantılar var. Maliyyə, siyasi, təsisat yaddaşı baxımından biz heç şübhəsiz ki, Rusiyaya bağlıyıq. Məmurların davranış örnəkləri, nitqləri, işlətdikləri anlayışlar Rusiyayla nə qədər oxşardır. Maliyyə qaynaqları, təhlükəsizlik və qlobal, regionlar məsələlərdə Qərbə daha çox bağlıdırlar.
- Deməli, hakimiyyət arxayındır?
- Hər halda arxayın kimi görünürlər. Amma məsələ ondadır ki, bununla kifayətlənmək olmaz, sabah istənilən bəhanəylə hər birimizi həbs edə bilərlər və edə biləcəyin bir şey yoxdur. Eləcə də iqtidarın dəstəyi, bu gün dəstək alır, sabah hansısa səbəbdən dəstək ala bilməyəcək. Amma dəstək dediyim məqam ölkədaxili proseslərdən çox asılıdır. Ölkədə güclü, aydın siyasi proqramı olan müxalifət yetişməyincə, Qərb kimi dəstəkləyəcək? Qərb hakimiyyətə elə-belə deməyəcək ki, gedin, vaxtınız bitdi, sizlərlə işləməkdən yorulduq. Bəs indiki hakimiyyət kiminlə əvəz olunsun, bu, artıq böyük məsələdir, Qərb əvəz olunacaq böyük qüvvənin yetişmədiyini görür.
- Ötən ilin sonunda Qarabağ əlili özünü yandırandan sonra intiharlar seriyası başladı. Bu ildə Müsavat Partiyasının Milli Şuradan getməsi əsas hadsə oldu. Bu mənada 2014-cü ilə, depressiya, apatiya dövrünə qədəm qoymuruqmu?
- Milli Şuradan başlayaq, qurum başlanğıcdan böhrandaydı. Yəni danışıqların özü düzgün getmirdi, kiminləsə açıq, başqa biriylə qapalı danışıq aparılırdı. Geniş koalisiya adı altında çoxdan gündəmdən düşən, siyasətlə bağlı heç bir anlayışları olmayan və gözləntiləri bəlli adamlar quruma düşmüşdü. Bir sözlə, Milli Şura təməldən çox yanlış quruldu, bu barədə nə demişdiksə, doğruldu. Bu, sadəcə, insanların bir yerə toplaşmasıydı, ideya yox idi. ona görə gec-tez vardı, nə zaman dağılacaqdı, kim birinci tərk edəcəkdi, bu, artıq o zamanın predmeti deyildi, amma olan oldu. Məhz təməldə qoyulan yanlışlıların nəticəsidir ki, bu gün bunları görürük.
- Bəs ardı necə olacaq, gələcəkdə həmin iki partiya yenə birgə olacaqlarmı?
- Özləri bilərlər, bir-birlərinə dedikləri bu qədər sözdən sonra bir araya gələ bilirlərsə, mat qalınası bir şeydir əslində.
- Əvvəllər bundan da ağır qarşılıqlı təhqir və böhtan olub, amma İctimai Palata yaratdılar...
- Bilmirəm, o dərəcədə prinsipallığı önəmisəyən adamlardırsa, bir araya gələ bilərlər. Əvvəllər də demişdim ki, düz-əməlli ayrılmaq lazımdır, bunun sağçısının, dinçisinin, liberalının, solçusunun, kim olduğunu bilək. Ondan sonra siyasi mənzərədə nə olduğunu bilib ideoloji yaxınlıq üzərində birlikləri quraq. Milli Şuraya geniş koalisiya adıyla hamını yığmaq istədilər, dindarı da, sağçını da, solçunu da. Bu, səhv idi. Gərək, ekonomik düşünəydilər, bütün birliklər kiçik sağlam nüvədən başlayır, sonra bunun hekayəsi və buna uyğun davranışlar sərgilənir. Ondan sonra kimlər üzv olmaq istəyirsə, müzakirə aparıb şərt qoyursan. Hər bir təşkilatın şərti olmalıdır. Bizdə şərtlə danışmaq nədənsə pis və ayıb sayılır, xüsusən sən yaşda kiçiksənsə, dərhal deyirlər ki, şərt qoşursunuz. Elə deyil, bu işin fəlsəfəsi budur.
- Erkin bəy, niyə insanlar intihar edir?
- Facebook-da yazmışdım, mən bunu pisləyir və intihara olan yazıqlıq görkəmini də qəti pisləyirəm. Xüsusən siyasilər tərəfindən cəmiyyətə mesaj verilməlidir ki, yazıqlığı istismar etməyək, hər yerdə yazıqlığın istismarını görə bilərik. Əslində, pafosdan qabardılan cəsarət mövzusu yazıqlığın istismarının əksidir. O cəsarət deyil, yazıqlıq nümayiş etdirirdi, halbuki, sağlığında o adama diqqət yetirilirmi. Bu, heç bir yazıda, müsahibələrdə bəraət qazandırılacaq, heç təəssüf ediləcək mövzu deyil. Cəmiyyət qürurlu notlarla danışmalıdır ki, belə olmaz! Bunun kökü hardan gəlir, dindənmi, hansısa ənənəmizdən gəlir, ancaq mən yazıqlığın istismarının qəti əleyhinəyəm. Əlbəttə, hakimiyyət çox pis davrandı, halbuki, haqsızlığın kökü hökumətdəydi. Səttar Mehbalıyev funksionerdir, o olmayacaqdı, başqası üzə çıxacaqdı. Onsuz da mediaya çıxmayan çoxlu intiharlar var. Hər gün televiziyalardan məişət zəminində görürük bunları.
- Və ardınca televiziyalar cin çıxardır...
- Çünki sistem budur və indiki sistemdə yeni nəsli göstərmirlər. Son 30 ildə tamam yeni nəsil yetişib, yaxşı nəsildir, içində hüquqşünas da, filosof da, sənət adamı da, siyasətçi də var. Televiziyalar bu adamları millətə göstərmirlər, millətə sovet dövründə qalmış iqtidarı göstərirlər. Hansı ki, partiya təfəkkürlü adamlardır, o cümlədən sovetdən qalmış müxalifəti göstərirlər ki, mitinq təfəkküründən uzağa getməyib. O cümlədən, sovetdən qalmış xalq artistlərini, akademikləri, yazıçıları göstərirlər. Millət də elə bilir ki, bunlardan başqa heç kim yoxdur.
- Deməli, hələ sovetlər birliyi düşüncəsində yaşayırıq?
- Yox, yaşadırlar. Bax, iqtidar başqa cür idarə edə bilmir, risklərini bu cür önləyirlər. Çünki sovet sistemi işləyirdi, onlar da həmin sistemdən çıxdıqlarından risklərini bu cür idarə edirlər. Millətə də bu cür adamları göstərirlər. Yeni nəsil, yeni mövzular, yeni təqdimatlar yoxdur. Millət də düşünür ki, olanımız budur!
- Millət də həzm edirmi?
- Milləti qınamıram, hardan bilsin reallıqda baş verənləri?! Siyasətdə ən sonuncu yol milləti qınamaqdır, yaxud seçicinin boynuna nəsə qoymaqdır. Seçici siyasətçidən ağıllıdır, siyasətə bu anlayışla girmək lazımdır. Mitinqə çıxmırsa, deməli, səbəbi var. Sənə səs vermirsə, səbəbi var. Yoxsa, bunun əvəzində millətə “tupoysunuz”, “qoyunsunuz” demək doğru deyil.
- Amma millət də yalnız Facebookdan ibarət deyil...
- Facebook çox real olan bir şeydir, virtual olan Az.TV-dir. Az.TV-də yalançı Azərbaycan göstərirlər, əsl Azərbaycan Facebook-dadır. Orda hamı var, müxalifət də, QHT-lər də, jurnalistlər də, gənclər də. Facebook çox real ünsiyyətdir, həm də söyüşməyə qədər. İkinci, Facebook iştirakçılarını 4-ə və 5-ə vura bilərsiniz, söhbət ailə üzvlərindən gedir. Əvvəllər evə xəbəri ata və ana gətirirdi, bu gün isə gənclər telefonla internetə girib istənilən xəbəri bilirlər. Bax, real Azərbaycan ordadır, virtual Azərbaycan isə televiziyalardadır, cin çıxartmalar, yaltaqlanmalardır. İnternet çox real bir şey olduğundan internetdəki fikirlərə görə həbslər də başlayıb. Sizi əmin edirəm ki, hətta bölgələrə gedəndə, adamı çox yaxşı tanıyırlar. Çünki insanlar televiziyalara yox, sosial şəbəkələrə baxırlar. İddia etmirəm ki, böyük bir əhatəyə malikdir, amma belə hallar var.
- Bütün bunların fonunda Siz Azərbaycan cəmiyyətinin depressiyaya düşdüyünü fikirləşmirsiniz?
- Kimlərsə yaşaya bilər, aşağı-yuxarı ruh düşkünlüyü var, bunun da obyektiv səbəbləri var. Birinci, ərazilərimiz işğaldan azad olunmayıb, nə qədər yaxşı yaşasaq da, demokratiya qura bilsək də, ərazilərimiz azad olunmayınca, bu, ruh düşkünlüyünün böyük səbəbidir. Kim nə deyir desin, torpaqlarımız işğalda olduğundan ən soyuqqanlı adam belə özünü qürurlu hesab edə bilməz. Bundan sonra iqtisadi səbəblər, təhsil, səhiyyə sisteminin çökməsi, insanların bir-birinə yadlaşması, dövlətin əhaliyə göstərdiyi xidmətin keyfiyyətsizliyi, ümumi müzakirə mövzularının olmaması gəlir. Bunlar hamısı ruh düşkünlüyü yaradır. Bu vəziyyəti aradan qaldırmaq üçün hərə bir yol axtarır, kimisi narkotikə, içkiyə qurşanır, başqa biri dinə meyllənir, digəri ölkədən gedir, yaxud intihara əl atır.