On doqquz yanvarda doğum evləri
Ölümdən, qırğından xəbərsiz idi.
O gün Bakımızda axşamdan bəri,
Ölüm ilə həyat üzbəüz idi.
Güllə səslərinin çağa səsləri,
Batırdı o gecə, şükür Allaha!
Doldu şəhidlərin boşalan yeri,
Naşükür olmayaq, vallah, bir daha!
Gedən oğulların, axan qanların,
Əvəzi su səpdi yanan qəlbimə,
O şənbə gecəsi doğulanların
Onunda doqquzu oğlanmış demə.
Zalimin zəfəri başdan qələtdir,
Zamanın səsini biz də dinlərik.
Dünya gücümüzə yaxşı bəllidir,
Hələ biçilməmiş əkilənlərik!
Bəxtiyar Vahabzadə