Tarix : 2014 Jan 25
Kod 41777

Qubad İbadoğlu: "Etiraz aksiyaları keçirəcəyik"

"Yaxın 10 gün ərzində sənəd ya imzalanmalı, ya da prezident sənədi geri qaytarmalıdır"
QHT qanunvericiliyinə əlavə və dəyişikliklər sənədi qəbul olunarsa, etiraz aksiyaları keçiriləcək. Vətəndaş Cəmiyyətini Müdafiə Mərkəzinin üzvü Qubad İbadoğlu “Media forum”a açıqlamasında bildirib ki, qərar yanvarın 24-də Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun mətbuat mərkəzində keçirilən toplantıda qəbul olunub: “Yaxın 10 gün ərzində sənəd ya imzalanmalı, ya da prezident sənədi geri qaytarmalıdır. Bu səbəbdən biz hələ ki, qarşı tərəfin dialoq təklifimizə olan münasibətini gözləyirik. Dialoqla bağlı qəbul etdiyimiz müraciəti 90 QHT imzalayıb, onlayn qaydada isə 150 təşkilat müraciəti dəstəkləyib. Biz həmin müraciəti də Prezident Administrasiyasına göndərmişik. Təəssüflər olsun ki, hələ də heç bir reaksiya yoxdur.

Ola bilər ki, bu sənəd ya olduğu kimi, ya da qismən dəyişikliklərlə edilməklə imzalansın. Həmçinin heç imzalanmaya da bilər. Əgər sənəd olduğu kimi qüvvəyə minərsə, biz bununla bağlı etiraz aksiyaları keçirəcəyik”.

Milli Məclisin 17 dekabr 2013-cü il iclasında “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Qeyri hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında”, “Qrant haqqında” qanunlara və İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklər edilib. Əlavə və dəyişikliklərdə cərimələrin artırılması, QHT-lərin fəaliyyətinin 1 il müddətinə dayandırılması, vergi və qrant sənədləri, üzvlərin hüquqları, sənədləşmə və məsuliyyətə cəlb etmənin dairəsinin genişləndirilməsi nəzərdə tutur. Qanunvericiliyə xarici QHT-lərin fəaliyyətinə ciddi mane olacaq düzəlişlər də edilib.
  • Yazılıb
  • da (də) 2014 Jan 25