Tarix : 2014 Jan 25
Kod 41780

ABŞ-dan Azərbaycan zabitinin öldürülməsi xəbərinə reaksiya - Atışma dayanmır

ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Marie Harf yanvarın 24-də Azərbaycan və erməni silahlı qüvvələrinin təmas xəttində bir həftəyə yaxın davam edən atışmalara münasibət bildirib, o cümlədən Azərbaycan Müdafiə Nazirliyinin erməni tərəfinin Azərbaycan əsgərini öldürməsi ilə bağlı iddiasına
ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Marie Harf yanvarın 24-də Azərbaycan və erməni silahlı qüvvələrinin təmas xəttində bir həftəyə yaxın davam edən atışmalara münasibət bildirib, o cümlədən Azərbaycan Müdafiə Nazirliyinin erməni tərəfinin Azərbaycan əsgərini öldürməsi ilə bağlı iddiasına.

“Əlbəttə ki, biz məlumatları görmüşük və hər yerdə, o cümlədən burada insan itkisinə təəssüflənirik. Bizim mövqeyimiz dəyişməz qalır, güc tətbiqi münaqişəni həll etməyəcək. Bizi bütün tərəfləri gücdən istifadə etməkdən, yaxud gücdən istifadə hədələrindən çəkinməyə çağırırıq. Biz münaqişə tərəfləri ilə birgə işləyərək sülhə nail olmaqda israrlıyıq. Bu bizim hədəfimiz olaraq qalır və hədəfimiz dəyişməyib. Bilirik ki, bunu etmək çətindir, amma hədəfimizdən yayınmayacağıq”.

ERMƏNİLƏR HAVA MƏKANINA NƏZARƏT ETDİKLƏRİNİ DEYİRLƏR

Qarabağdakı erməni silahlı qüvvələri özlərinin hava hücumundan müdafiə sistemlərinin sutkanın 24 saatı dayanmadan keşik çəkdiyini bildirir. Bu barədə həmin qurumdan AzadliqRadiosunun erməni xidmətinə bildiriblər.

Azərbaycanın döyüş təyyarələrinin təmas xəttində uçuşlar həyata keçirməsi barədə xəbərləri şərh edərkən bildiriblər ki, “yanvarın 24-də Azərbaycan təyyarələri yalınız öz hava məkanlarında hərəkət ediblər.”

AZƏRBAYCANDA DA ERMƏNİSTANDA DA QADINLAR YARALANIB

Ermənistandan Regnum.ru saytına verilən xəbərə görə yanvarın 23-də Azərbaycan silahlı qüvvələrinin Tovuz istiqamətindən atdıqları güllələrdən biri Ermənistanın Ayqepar kəndində 16 yaşlı qız uşağının ayağına dəyib. Xəbərə görə yaralı xəstəxanaya çatdırılıb, vəziyyəti normaldır.

Ermənistan son bir neçə gündə sərhəddə yerləşən kəndlərinin Tovuz istiqamətindən müntəzəm atəşə məruz qaldığını iddia edir.

Azərbaycanda yayılan məlumata görə isə Ermənistan silahlı qüvvələrinin Tovuz rayonunu atəşə tutması nəticəsində 38 yaşlı Əlibəyli kənd sakini Ruhiyyə Hüseynova yaralanıb. Bu barədə həmin kəndin icra nümayəndəsi Valeh Rzayev məlumat verib. O, yaralının müalicə edildiyini, vəziyyətinin normal olduğunu deyib.

İcra nümayəndəsi bildirir ki, Ermənistan ötən gecə saat 2-dən səhər saat 6-a qədər Əlibəylini atəş altında saxlayıb. Valeh Rzayev son 10 gündə demək olan müntəzəm atəş altında olduqlarını deyir.

Azərbaycanın Müdafiə Nazirliyi son günlər atəşkəsin pozulmasının intensivləşdiyini, ötən gecə də erməni kəşfiyyat-diversiya qrupunun təmas xəttini keçməyə çalışdığını bildirir. Rəsmi xəbərə görə erməni əsgərləri Azərbaycanıən Tərtər rayonu istiqamətində Qapanlı və Seysulan yaşayış məntəqələri arasında, qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Amma onların qarşısı alınıb.

Müdafiə Nazirliyi rəsmi xəbərində onu da vurğulayır ki, kəşfiyyat qrupu geri çəkilərkən onlara verilən əmrlər qeyri-erməni dilində də səsləndirilirmiş. Amma nazirlik bunun hansı dil olduğunu açıqlamır.

Azərbaycan hərbi hava qüvvələrinin döyüş təyyarələri də yanvarın 24-də təmas xətti boyunca uçuşlar həyata keçirib. Müdafiə Nazirliyindən bildiriblər ki, hərbi hava qüvvələri təmas xəttində vəziyyətə nəzarətə üçün bu addımı atıblar.

Təmas xəttində gərginlik əsasən yanvarın 19-dan 20-ə keçən gecədən gərginləşib. Ermənistan həmin gecə Qarabağda Azərbaycan əsgərlərinin sərhədi keçməyə çalışdıqlarını, atışmada bir erməni əsgərini - Armen Hovanisyan-ı öldürdüklərini bildirir. Amma Bakı bu məlumatın yalan olduğunu bildirir.

Yanvarın 23-də isə Azərbaycan Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığında erməni tərəfinin snayperlə zabit Elnur Cəfərovu öldürdüklərini bildirib.

Erməni silahlı qüvvələri 1990-cı illərin əvvəllərində Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafında altı rayonunu işğal edib. Azərbaycanla Ermənistan 1994-cü ildə atəş razılaşması imzalasalar da hələlik sülh danışıqları yekun nəticə verməyib.
Tez-tez tərəflər bir-birini atəşkəsi pozmaqda ittiham edir.
  • Yazılıb
  • da (də) 2014 Jan 25