Tarix : 2014 Jan 26
Kod 41793

Gülər Əhmədova «tapılmayan» 1 milyondan danışdı

Sabiq deputat məhkəmə zalında brifinq keçrib jurnalistlərin suallarını cavablandırdı/Hakim vəkilin qaldırdığı vəsatətləri təmin etmədi; məhkəmə prosesi fevralın 6-a təyin olundu
Dünən Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə həbsdə olan sabiq deputat Gülər Əhmədovanın apellyasiya şikayəti əsasında məhkəmənin ilkin baxış iclası davam etdirilib. Prosesdə dövlət ittihamçısı Nəsir Bayramov Gülər Əhmədovanın vəkili Əfsər Talıbovun dünən keçirilən məhkəmə iclasında qaldırdığı vəsatətlətə münasibət bildirib. Vəsatətlərdə şikayətə məhkəmə istintaqı ilə baxılması, Gülər Əhmədova barəsində cinayət işinə xitam verilməsi və ittiham hökmünün ləğv edilməsi, Elşad Abdullayevin yaydığı videonun sübutlar siyahısından çıxarılması, Sevinc Babayevanın yazdığı mesajların sübutlar siyahısına daxil edilməsi, əlavə şahidlərin dindirilməsi, Gülər Əhmədovanın istintaq zamanı verdiyi ifadənin tam mətninin elan olunması və sübutlar siyahısından çıxarılmasının müzakirə edilməsi, Elşad Abdullayevin gətirilərək ifadəsinin alınması, Səlcuq Ağlayanın və Ayxan Məmmədovun Türkiyə məhkəməsində verdikləri ifadələrin sübutlar siyahısına daxil edilməsi, Sevinc Babayevanın Türkiyədə olarkən Azərbaycanın prokurorluq orqanlarına ünvanladığı müraciətin sübutlar siyahısına əlavə olunması də s. məslələr xahiş edilirdi.
Prokuror bildirib ki, sübutların daxil edilməsi və xaric edilməsi məhkəmə baxışının predmeti olduğu üçün, hazırkı mərhələdə müzakirə oluna bilməz. O, Bakı Ağır Cinayətlər Məhkəməsində işin hərtərəfli araşdırıldığını deyərək, apellyasiya şikayətinə məhkəmə istintaqı ilə baxılmasına ehtiyac olmadığını bildirib və digər vəsatətlərin də təmin edilməməsini istəyib.
Fasilədən sonra hakim vəsatətlərin təmin edilməməsi və apellyasiya şikayətinin baxışa təyin edilməsi barədə qərarı elan edərək, ilk iclasın 6 fevral tarixinə təyin etdi.
Hakimlər müşavirədə olan zaman elan edilmiş fasilədə Gülər Əhmədova jurnalistlərə müraciə edərək, bəzi fikirlərinin təhrif edildiyini bildirib. “Bir daha bəyan edirəm, Elşad Ebdullayevdən heç nə almamışam və buna görə də, ona nəsə qaytarma fikrində deyiləm. Zatən Elşad Abdullayev bu işdə zərərçəkmiş kimi tanınmayıb və onun mülki iddiası da qəbul edilməyib. Gəlsin bura danışaq. Elşad Abdullayev axtarışda-filan deyil. İnterpolin rəsmi internet səhfəsində Elşad Abdullayevin şəkli və axtarışa verilməsi barədə məlumat yoxdur”. Sabiq deputat onun barəsində qərəzli yazılar yazdıqlarını hesb etdiyi KİV-lərə də səsləndi: “Elşad Abdullayevin pulla səhifələrini aldığı qəzetlər var. Bilirəm ki, hamı pul qazanmaq, hamı evinə çörək aparmaq istəyir. Anna bir qadının, ananın haqqında şər-böhtan yazaraq uşağa çörəkpulu qazanmaq olmaz”.
Gülər Əhmədova «Bizim Yol» qəzetinin sualını da cavablandırıb:

-Gülər xanım, istintaq sizin 1 milyon dollar aldığınızı sübut etdiyini bildirərək iş istəyib. Bakı Ağır Cinayətlər Məhkəməsi də istintaqın ittihamnı sübuta yetirilmiş hesab edərək, sizi 1 milyon dollar almaqda təqsirli bilərək, azadlıqdan məhrum edib. Amma hökmdə 1 milyon dolların harada olması barədə heç nə yazılmayıb. Bu barədə nə deyə bilərsiniz?
- Mənim işimə baxan müstəntiq də, ittihamı müdafiə edən prokuror da, məhkəmə hakimləri də, bir sözlə hamı bilir ki, Elşad mənə pul verməyib. Elşad mənə pul verə bilməz. O, mənə pul verəcək adam deyil. Elşad pul davası etdiyi adamların hamısı ilə bağlı ortaya sübutlar qoyub: İş adamı Arzu Kazımovdan qəbz alıb, müqavilə bağlayıb, notariusda təsdiq etdirib, Vaqif Hüseyn, Mikrələkbər Seyidovla da onun kimi. Əgər mən Elşaddan pul alsaydım, mütləq onun əlində sübut olmalıydı. Amma ortada heç nə yoxdur. Özüm də bilmirəm ki, məni niyə tutublar, mən sadəcə şərin qurbanıyam.
Daha sonra digər jurnalistlər də Gülər Əhmədovaya suallar ünvanlayıb.
- Həbsdə olan Şəmsiyyə Bəylərqızının vəkili Elçin Sadıqov vasitəsilə mətbuata bildirib ki, sizin gecələr şəhərə çıxmağınızla bağlı məlumatları onun ötürdüyündən şübhələnərək, ona hədə-qorxu mesajı göndərmisiniz. Buna görə ona ailəsi ilə görüş verilmədiyini bildirir...
- Bu məsələ tamamilə yalandır, vəkil Elçin Sadıqov hər zaman mənə qarşı şər kampaniyası ilə məşğul olub. O, Əvəz Zeynallının vəkili olub, amma mənə qarşı olan bu qərəzinin səbəbini başa düşmürəm. Cavan oğlandır, görünür mənim adımdan istifadə edərək məşhurlaşmaq istəyir. Əvvəllər də mətbuata məlumatlar ötürürdü ki, guya mənə belə şərait yaradılıb, ay nə bilim mebel gətirilib... Əgər bu fikirlərinə görə onu məhkəməyə versəydim, yaxud Vəkillər Kollegiyasına müraciət etsəydim, onu cəzalandırardılar. Amma ona uzun ömür, can sağlığı arzu edirəm. Mən istintaq təcridxanasında orada heç kimdən fərqlənmirəm, gəzməməkdən ayağım tutulub. Əvvəllər mənim axsadığımı görən olmuşdu? Havaya çıxarıldığımız yer də elə bil quyudur, hər tərəf bağlıdır, yalnız 7 metr hündürlükdə açıq yer var ki, o da dəmir barmaqlıqlarla örtülüdür.
O ki qaldı mənim gecələr Bakı İstintaq Təcridxanasından çıxmağımla bağlı xəbərlərə, ağlı başında olan hər kəs bunun mümkün olmadığını bilir. Orada hətta həkimə də müşayiətlə aparırlar. İkincisi, Şəmsiyyə Bəylərqızının məni görməsi də mümkün deyil. Əgər belə danışmaq hansısa formada Şəmsiyyənin işinə yarayırsa, etirazım yoxdur, qoy danışsın, o da bir qadın, bir anadır. Mən bu həyata yalnız yaxşılıq etmək üçün gəlmişəm.
- Sizə 3 il həbs veriləcəyini gözləyirdiniz?
- Xeyr...

Məhkəmə müşavirədən qayıtdığı üçün sabiq deputat suala tam cavab verə bilmədi. Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Ötən il fevralın 13-də isə G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib.
Gülər Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsiri bilinərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökm zamanı onun ilk dəfə cinayət törətməsi, 3 dəfə deputat olması, ictimai-siyasi fəaliyyəti, müxtəlif xəstəliklərdən əziyyət çəkməsi, şəxsiyyəti, himayəsində yetkinlik yaşına çatmayan övladının olması məhkəmə tərəfindən yüngülləşdirici hal kimi nəzərə alınıb və Cinayət Məcəlləsinin 62-ci (Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) maddəsi tətbiq olunub.
Həmin hökmdən narazı qalan təqsirləndirilən şəxsin vəkili Əfsər Talıbov apellyasiya şikayəti ilə məhkəməyə müraciət edib.
  • Yazılıb
  • da (də) 2014 Jan 26