Astaradan olan Qarabağ veteranı 5 ailə üzvü ilə birgə özünü yandıracağını bəyan etdi
Astaradan olan Qarabağ veteranı 5 ailə üzvü ilə birgə özünü yandıracağını bəyan etdi.
“Yeni Müsavat”a daxil olan məlumata görə, Astara rayonu, Siyaku kənd sakini Aslan Mütəllim oğlu Babayevin məktubu daxil olub.
Müdafiə naziri Zakir Həsənova, hərbi prokuror Xanlar Vəliyevə ünvanlanmış müraciətdə Qarabaş müharibəsində əlil olmuş A.Babayev yazır:
“Cənab nazir! 1993–1994-cü illərdə Fizuli rayonunun Horadiz bölgəsində düşmənlə üzbəüz mövqedə vuruşaraq ağır yaralanmışam. Düşmənin atdığı mərminin 9 qəlpəsi indi də bədənimdədir. Bu müddət ərzində respublikamızın aidiyyəti orqanlarına ərizə və teleqramlar göndərmişəm.
Səfər Əbiyevin dövründə, hospitalınızda həkim mənə təklif etdi ki, imkan daxilində mənə rüşvət ver, sənin diaqnozunu ağır yazım. Mənim maddi imkanım olmadığından bundan imtina etdim.
Düşmənə də, dosta da borcluyam. Mənə çatası sığorta pulumu da bu günə qədər ala bilmirəm. 5 nəfər ailə üzvlərimlə palçıqlı evdə, meşə materialından tikilmiş tövlədə yaşayırıq.
Sizdən artıq dərəcədə xahiş edirəm ki, mənim 5 ailə üzvümü şəxsən qəbul edəsiniz və bizi intihar dərəcəsindən azad edəsiniz. Döymədiyim qapı qalmayıb. Getmədiyim məmurların binası qalmayıb. And içirəm ki, namusuma and olsun, beş nəfər ailə üzvlərimə yanacaq səpib İcra Hakimiyyətinin binası qarşısında yandıracağam. Buna əmin ola bilərsiniz”.
Bakıdakı tükürpədici olaydan sonra bu olya Yevlaxda da təkrarlandı. Yanvarın 27-də Yevlax şəhər sakini Nizami Kərimov Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin qarşısında özünü yandırıb. N.Kərimov hazırda Yevlax şəhər xəstəxanasının reanimasiyadadır və vəziyyəti orta ağırdır. N.Kərimovun sosial yardım almaq üçün rayon Sosial Müdafiə Mərkəzinə müraciət etsə də yardım pulunu ala bilmədiyindən özünü yandırdığı bildirilir. Onun 3 uşağı var. Qardaşı Fəxrəddin Yusif oğlu Kərimov Qarabağda şəhid olub. Xəstəxanadan bildirdilər ki, N.Kərimovun vəziyyəti çox ağırdır və o, qətiyyən danışa bilmir.