Tarix : 2014 Feb 09
Kod 41906

Azərbaycanda vətəndaş müharibəsi

İlham Əliyevin son müşavirədə müxalifət barədə dedikləri ciddi təhlilə ehtiyacı olan məsələlərdir. O, müxalifəti “satılmış”, “xaricdən ianə alan”, “ünsür”, “rəzil” adlandırıb
Ilham Əliyevin mətbuatdakı bəzi dostları onun dövlət rəhbərinə yaraşmayan təhqirlərini təhrif etməyə qalxıblar: guya dövlət başçısı əslində xeyli vətənpərvər çıxış edib, o heç də müxalifətin hamısını nəzərdə tutmayıb, dedikləri müxalifətin bir hissəsinə aiddir. Gülməlidir. Xüsusən ona görə ki, belə zərərli ideyanı cəmiyyətə sırımaq istəyənlərin özünü Ilham Əliyev hələ prezidentliyə ilk namizəd olarkən, belə - indi müxalifəti aşağıladığı formada yamanlamışdı.

Əliyev tele-çıxışında bu gün ona qahmar çıxan mətbuatdakı dostlarına nifrət etdiyini demişdi. Üstüörtülü, dolayı ifadələrlə də yox, eynən belə: “mən onları oxumuram, onlara nifrət edirəm”.

Bu cür adamlara bir dəfə Şahvələd Çobanoğlu gözəl bənzətmə etmişdi.

Demişdi ki, onlar “Axırıncı aşırımda”kı ətdoğrayan kişi"dilər.

Açmasın da belə vermişdi: yadınızda var, filmdə biri “siyasi səhvə” yol verir, Qəmlo da tutub həmin şəxsin qulağını kəsir.

Növbəti kadrda isə görürük ki qulağıkəsilən adam Qəmlo üçün ət doğrayır.

Bəli, bizim vəziyyət bu qədər vahiməlidir.

Bir də görürsən Ilham Əliyev, sözün əsl mənasında, anasını ağlar qoyduğu adam, onun üçün “ət doğrayır”, adam düşünür, əski olmalıydı axı?

Mövzumuzsa belə naqis keyfiyyətləri araşdırmaq deyil.

Bizi bu dəqiqə ayrı-ayrı adamların yarım-fabrikat olmasından çox Azərbaycanı idarə edən şəxsin zərərli düşüncəsi narahat etməlidir.

Bir: müxalifəti xarici qüvvələrə satılmağına görə danlamaq lazım deyil, bu iş konkret dövlət cinayətidir, zəhmət çəkib o adamlar kimdirsə, həbs etməlisiniz.

Qibleyi-aləm iddiasında səmimidirsə, onda öz acizliyini, bacarıqsızlığını da etiraf etməlidir. Siz necə rəhbərsiniz ki, gözünüzün qabağında ölkənin mənafeyini satan müxalifələriniz var, ancaq siz onların heç birini məsuliyyətə cəlb edə bilmirsiniz?

Əlbəttə ki, bunlar əsası olmayan fikirlərdir. Azərbaycan hakimiyyətinin əlində ən kiçik belə hal olsaydı, bir günün içində bütün müxalifət partiyaların üzvlərinin hər birinin evinə Qrad, Alazan zərbəsi endirilmişdi, bir günə müxalifətin leqal fəaliyyətinə son qoyulmuşdu.

Belə bir ən kiçik halı olsaydı, daha müxalifət üzvlərinin cibinə nəşə qoymağa ehtiyac qalmazdı.

Iki: Biz Ilham Əliyevin səmimi çıxışından başa düşməliyik ki, necə çətin işə düşmüşük. Razılaşaq, o, müxalifəti ona görə təhqir edir ki, müxalifət onu tənqid edir, onun korrupsiyası ilə barışmır, tiranlığına son qoymaq istəyir.

Indi, kimlərsə dəvəquşuluq edib, başını quma soxmaqla “Ilham Əliyev məni nəzərdə tutmur” deyir, desin, reallıq budur; Azərbaycan xalqının mütləq əksəri aktiv mövqe tutmasa da, Ilham Əliyevə qarşıdır. Biz avtobusda, toyda-yasda, səmimi ortamda olarkən hətta məmurların arasında Ilham Əliyev və onun idarə üsuluna qarşı ictimai nifrəti, qəzəbi hər an görürük. Millət zülmdən zinhardır.

Deməli, ölkənin mütləq əksəri narazı olduğu üçün Ilham Əliyevin gözündə düşmən misalındadır, rəzildir, satqındır, ünsürdür.

Problemin kökü də bundadır; Azərbaycan qarşılıqlı nifrətlə idarə olunur. Xalq təbii olaraq, öz dolanışığından, hər gün üzləşdiyi yalan və talana görə rejimdən narazıdır, rejim sahibi bu narazılığa görə xalqdan yanıqlıdır. Və bu, torpaqları işğal altında, Ermənistanla müharibə vəziyyətində olan bir ölkədə baş verir.

Elm artıq çoxdan sübut edib, hisslərin də maddi kökü var, hisslər də ölçülüdür, artıb azala bilir, miqdarı, potensialı var. Bizim fərdi qəzəb, nifrət istehlak miqdarımız özümüzə yönəlir, erməniyə ondan bir şey çatmır.

Bu xoşagəlməz vəziyyətə görə cavabdeh birbaşa hakimiyyətin özüdür. Hakimiyyət xalqda, müxalifətdə özünə qarşı münasibətin dəyişməsi üçün heç bir təşəbbüs göstərmir. Onlar yuxarıda göstərdiyimiz kimi, uzaq başı “qulaq kəsmək”lə insanları ram etmək istəyə bilər. Daha ürəkləri fəth etməklə, insanlara can yandırmaqla onları tərəfdarlarına keçirmək onlarlıq deyil.

Xülasə, bilməyənlər də bilsin: bizim ölkədə gizli və soyuq vətəndaş müharibəsi gedir./azadlıq/
  • Yazılıb
  • da (də) 2014 Feb 09