“Sərhədsiz reportyorlar” təşkilatı bildirir ki, keçmiş sovet respublikalarında informasiya azadlığı ilə bağlı vəziyyət “günbəgün pisləşir”.
Parisdə yerləşən təşkilat “Dünyada Mətbuat Azadlığı İndeksi” adlanan hesabatını açıqlayıb.
Reytinq cədvəli 180 ölkəni əhatə edir.
“Sərhədsiz Reportyorlar”ın Şərqi Avropa və Mərkəzi Asiya bölümünün rəhbəri Johann Bihr Azadlıq Radiosuna deyib ki, mətbuat azadlığına qarşı yeni-yeni sərt qanunlar qəbul edən Rusiya (cədvəldə 148-ci) həm də pis mənada region ölkələri üçün nümunə olur.
Johann Bihr belə qanunlara “homoseksuallığın təbliğini qadağan edən” qanunu, “küfrə qarşı” qanunu misal çəkib. O, jurnalistlərin peşə fəaliyyətinə görə həbsə atıldığını da bildirib.
Belorusda (157-ci) küçə nümayişlərini işıqlandıran jurnalistlər “mütəmadi saxlanır”, hakimiyyət “ekstremizmə qarşı mübarizə” bəhanəsiylə müxalif düşüncəliləri susdurur.
Bihr deyib ki, Qazaxıstan (161-ci) və Azərbaycan (161-ci) “hər növ media azadlığının boğulması astanasındadır”.
“Sərhədsiz reportyorlar”a görə, Azərbaycanda telekanallar hakimiyyətin nəzarəti altındadır, “sözəbaxmayan” jurnalistlər, bloqçular fiziki hücumlara məruz qalmaqla yanaşı ölüm hədələri və oğurlanma təhlükəsi ilə üz-üzədirlər.
"Azadlıq" qəzetinin əməkdaşları yayım firmasının onlara olan borcunu tələb edirlər, Bakı, 22 yanvar 2014
"Azadlıq" qəzetinin əməkdaşları yayım firmasının onlara olan borcunu tələb edirlər, Bakı, 22 yanvar 2014
Qazaxıstanda isə 2012-ci ildə bütün ölkəni əhatə edən müxalif media orqanlarının hamısı bağlanıb. O zamandan müxalif media ya lokal səviyyədə fəaliyyət göstərir, ya da bütün ölkəni əhatə etmək istəyəndə sistemli şəkildə təqiblərə məruz qalır.
“Sərhədsiz reportyorlar” bildirir ki, Özbəkistanda (166-cı) sərt senzura mövcudluğunu sürdürür, azı 10 jurnalist və İnternet istifadəçisi həbsdə qalır. Türkmənistan isə (178-ci) jurnalistlər üçün bir “cəhənnəmdir”.
Regionun bəzi ölkələrində, reytinqə görə, vəziyyət Azərbaycandan xeyli yaxşıdır. Moldova 56-cı, Ermənistan 78-ci, Gürcüstan 84-cüdür.
Bihr deyir ki, bu ölkələrdə media sahəsində problemlər mövcud olsa da, plüralizm üçün də yetərincə geniş meydan var.
Azərbaycan ötən il “Sərhədsiz reportyorlar”ın sözügedən retinqində 156-cı idi.
Azərbaycan hakimiyyəti təşkilatın hesabatlarını qərəzli adlandırır.