Həbsdə olan ruhani Abgül Süleymanovun vəkili Zaman Səmədov onunla görüşüb
“Media forum”a danışan vəkil deyib ki, ruhani saxlandığı şəraitdən narazı deyil: “Səhhəti də qaydasındadır. Heç bir narazılıq etmir”.Vəkilin sözlərinə görə, məhbusun ciddi rejimi olan 8 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülməsi ilə bağlı hüquqi vəziyyəti araşdırırıq: “Ədliyyə Nazirliyi hesab edir ki, Qaradağ Rayon Məhkəməsinin ruhaninin ciddi rejimli həbsxanaya köçürülməsi ilə bağlı verdiyi qərar icra olunmağa başladığı gündən sayılır.
Biz isə hesab edirik ki, ruhaninin ciddi rejimli həbsxanada yatmalı olduğu 6 ay apellyasiya şikayətinə baxıldığı müddətdə istintaq təcridxanasında başa çatıb. Bu vəziyyətləri digər vəkil Cavad Cavadlı ilə araşdırıb birgə mövqe formalaşdıracaq, məhkəməyə müraciət edəcəyik”.
Abgül Süleymanov 2011-ci ilin avqust ayında həbs olunub, 11 il müddətinə azadlıqdan məhrum edilib. Ötən ilin aprel ayında Qaradağ Rayon Məhkəməsi onun 6 ay müddətinə 13 saylı Cəzaçəkmə Müəssisəsindən Qobustan həbsxanasına köçürülməsi haqqında qərar çıxarıb. Qərardan Bakı Apellyasiya Məhkəməsinə şikayət verilib. Ruhani 8 saylı Cəzaçəkmə Müəssisəsinə 2014-cü ilin yanvar ayında köçürülüb.