Son zamanlar vəhhabilər sosial şəbəkələrdə müxtəlif çağırışlar və dini zəmində qarşıdruma yaratmaq üçün ststuslar paylaşırlar
Bununla bağlı İslamazeri.az "Məşhədi Dadaş" məscidinin axundu, ilahiyyatçı Hacı Şahin Həsənlidən münasibət alıb.
Hacı Şahin Həsənli Azərbaycan cəmiyyətində bu radikal cərəyanların təsir imkanının zəif olduğunu bildirərək deyib: "Azərbaycanda onların sosial dəstəyi yoxdur. Eyni zamanda bu tip çağırışlara tam da biganə yanaşmaq və əhəmiyyətsiz bir şey kimi də baxmaq olmaz. Çünki bu cür qruplaşmaların əsas məqsədi Azərbaycanda dini zəmində qarşıdurma yaratmaqdır və Azərbaycan dövlətçiliyinə zərbə vurmaqdır. Bu cür cərəyanlarla, bu cür təfəkkürlü insanlarla mübarizə aparmağın əsas yollarından biri də maariflənmədir. Radikal düşüncə ilə bağlı mübarizənin ən təsirli yolu maarifləndirmə işinin gücləndirilməsidir. Kütləvi informasiya vasitələrində həqiqi dinin təbliğ olunması, orta məktəblərdə dinin təbliğ olunması və din haqqında məlumatların verilməsi, yəni bu səpkidə addımların atılması radikal cərəyanların fəaliyyətini zərərsizləşdirə bilər. Eyni zamanda hüquq-mühafizə orqanları bu günə qədər, bildiyimiz kimi, bir neçə belə qruplaşmanı zərərsizləşdirib. Yəni onlar da öz işlərini görməlidirlər, ayıq-sayıq olmalıdırlar. Amma məncə bütün cəmiyyət belə qruplaşmalara qarşı səfərbər olmalıdır ki, onların təsir dairəsi Azərbaycanda genişlənə bilməsin."
Vəhhabiliklə mübarizə və bu istiqamətdə addımların tolerantlığa zidd olub-olmaması haqda sualımıza isə "Məşhədi Dadaş" məscidinin axundu, ilahiyyatçı Hacı Şahin Həsənli belə cavab verib: "Azərbaycanda həqiqətən, həm islam məzhəbləri arasında, həm müxtəlif dinin nümayəndələri arasında yüksək səviyyədə tolerantlıq, dözümlülük olub. Bu Azərbaycan xalqının tarixi ənənəsidir. Eyni zamanda dini-irqi və milli qarşıdurmalar yaratmaq istəyən insanlara qarşı müxtəlif tədbirlər görülüb və görülməlidir. Bunun tolerantlıqla heç bir əlaqəsi yoxdur. Yəni hər hansı bir cərəyan bir dövlətin milli təhlükəsizliyinə təhlükə olursa, milli təhlükəsizliyini təhdid edirsə və yaxud daxildə qarşıdurma yaratmağa çağırışlar edirsə, kimisə ölümlə hədələyirsə, bunlara qarşı istər yazı ilə çıxış etmək, istər hansısa bir hüquqi müstəvidə addımlar atmaq heç vəchlə tolerantlığın pozulması kimi dəyərləndirilə bilməz."