Tarix : 2014 Feb 16
Kod 41977

“Sovetski” sakinləri sabaha aksiya təyin etdi

Yasamal rayonu, İnşaatçılar məhəlləsindəki (Beynəlxalq Bankın Yasamal filialının arxasından “Sovetski” məhəlləsinədək) evlər söküləcək
Hazırda bütün “Sovetski” sakinləri bu söküntü xəbəri ilə nəfəs alır. Hamı narahatdır.Bu da səbəbsiz deyil. Səbəb söküntünün sakinlərə nə verəcəyi məsələsi ilə bağlıdır. Sakinlər “bu, bizə rahatlıq, geniş evlər gətirəcək, yoxsa əlavə qayğılar, evsizlik” sualı qarşısında tərəddüd keçirirlər. “Qış parkı” tikilən zaman Basin küçəsi sakinlərinin üzləşdiyi kompensasiya problemi hazırda “Sovetski” sakinləri üçün də aktualdır.

“Sovetski”də də bəzi evlərin qiymətləndirilməsi aparılıb. Bu zaman sakinlərlə dövlət qurumlarının nümayəndələrindən ibarət komissiya üzvləri arasında mübahisə yaranıb. Səbəb isə evlərin müqabilində ödəniləcək vəsaitin azlığıdır. Buna baxmayaraq komissiya sakinlərə hər kvadratmetr üçün 1500 manatdan artıq vəsait verilməyəcəyini açıqlayıb.

Qeyd edək ki, İnşaatçılar məhəlləsi köçürüləndən sonra “Sovetski”dəki evlərin söküntüsünə başlanılacaq. Amma deyəsən, komissiya bu dəfə fərqli addımlar atmalı olacaq. Çünki məhəllə sakinləri artıq xəbərdarlıq ediblər: “İstədiyimiz məbləğ verilməsə, “Sovetski”dən bir daş belə sökülməsinə razı olmayacağıq”.

Xatırladaq ki, keçən ilin sonunda Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 2014-2015-ci illərdə söküləcək evlərin siyahısını açıqlamışdı. Bəlli olmuşdu ki, bu il paytaxtın ən qədim məhəllələri tarixin yaddaşına köçəcək.

“Sovetski”nin söküləcəyi xəbəri sakinlər arasında narahatçılığa səbəb olub. Kimi köhnə məhəlləsindən, dədə-baba yurdundan ayrılmaq istəmir, kimi də veriləcək pulun məbləğindan narazılıq edir. Amma artıq hər kəs köç əhval-ruhiyyəsindədir.

Virtualaz.org saytının əməkdaşları “Sovetski” məhəlləsində gördüklərindən yazırlar.

...Sovetskidə hər kəs bundan danışır. Məhəllə marketlərində, tinlərdə, küçədə evlərin söküləcəyi mövzusu müzakirə edilir. Bəziləri evinin müqabilində normal mənzil istəyir, bəzisi qeydiyyatda olan ailə üzvlərinə görə ödəniş tələb edir, bəzisi də pulun kvadrata görə hesablanmasını tələb edir.

Görünən isə odur ki, sakinlər kompensasiyanın müəyyənləşdirilməsi və veriləcək pulun məbləği ilə bağlı qərara gələ bilmirlər.

Ədilov küçəsi, 13-də yaşayan Rafiq Babayev deyir ki, kvadrata görə ödəniş edərlərsə, ev ala bilməyəcək: “Əvvəllər bizim ünvana mənzil-istismar sahəsi baxmırdı. Deyirdilər ki, şəxsi evindir, problemlərini də özün həll elə. Ev və həyətin ərazisi ümumilikdə 120 kvadratmetrdir. Amma hesablama aparılarkən yalnız evin kvadratı əsas götürülür, həyət hesablanmır. Deyirlər ki, kompensasiya ancaq yaşayış yerinə verəcəyik. Mənim dörd uşağım, yaşlı anam var. Bəs həyətimdən istifadə etməyəcəklər? Kimsə milyonlar qazanacaq, mən də əlimdə beş-on manat şəhərin küçələrində ev axtaracam”.

“Basində elədiklərini “Sovetski”də edə bilməyəcəklər”

Bunu isə “Sovetski”, 178 ünvanında yaşayan Rəşid Əhmədov söyləyir: “Biz öz hüquqlarımızı da, qanunları da yaxşı bilirik. “Sovetski”dəki evlərin 90 faizi “kupça”lıdır. “Sovetski” deyib keçməsinlər, buranı “Basin”lə qarışıq salmasınlar. “Basin”də evlərin sayı az idi. Üstəlik, oradakıların əksəriyyəti gəlmələr idi. “Sovetski”dəki evlər isə bizim dədə-baba yurdumuzdur. Biz şəhərin mərkəzindəki evlərimizi kiməsə verək, özümüz də kənarlarda qəpik-quruşa ev alaq?”

R.Əhmədov qeyd etdi ki, 1500 manatdan hesablama aparılmasına narazıdır: “Yalnız evləri hesablayırlar, həyətləri nəzərə almırlar. Halbuki həyətlər də yaşayış yeri kimi nəzərə alınmalıdır. Hər kvadrat üçün 1500 manat ödənilməsinə o adam razı olar ki, evinin kvadratı çox olsun, həm də bir evdə 2-3 nəfər yaşasın. Belə ailələrin sayı isə çox deyil, bəlkə də sakinlərin heç 2-3 faizini təşkil etməz”.

Müsahibimiz 65 kvadratlıq evdə 6 nəfərin yaşadığını vurğuladı: “Dörd uşağım var, anam mənimlə yaşayır. Mən indidən xəbərdarlıq edirəm - heç kimi evimə buraxmayacam. Evin kvadratını müəyyənləşdirmək üçün damdan ölçməlidirlər. Damdan, yəni daşdan-daşa ölçməklə evimin kvadratını müəyyənləşdirə bilərlər. Bir-iki nəfər də gəlmişdi, amma biz onların dediklərinə əhəmiyyət vermədik. Hansısa şirkətin nümayəndəsi çox şey deyə bilər. Biz pulla bağlı razılığa gəlməsək, evlərimizin sökülməsinə icazə verməyəcəyik”.

Vəzirov küçəsi, 13-də yaşayan Elmira Babayeva isə 40 kvadratlıq evdə 7 nəfərlə qalır: “Kiçik evdə dörd uşağım, həyat yoldaşım, qayınanamla birgə qalıram. Bizə nə qədər verəcəklər ki, uşaqlarıma da, özümüzə də ev ala bilək?! Gəlib zorla küçəyə atmaqla deyil ki… Sakinlərin razılığını almalıdırlar”.

Abdulla Şaiq küçəsinin sakini Məhəmməd Məmmədov isə 20 kvadratlıq ərazisi olan evdə oğlu, gəlini və nəvəsi ilə qalır: “Mən adambaşına pul verilməsini istəyirəm. 20 kvadratlıq evə nə verəcəklər ki?! Bu pula küçədə qalaram. Tələb edəcəm ki, qeydiyyatda olan ailə üzvlərimin sayına görə pul versinlər”.

Abdulla Şaiq küçəsi, 173 ünvanında yaşayan Xanımnaz Tağıyeva isə “Sovetski” məhəlləsinin söküləcəyi günü gözləyir. Deyir bəlkə nəhayət, onda geniş evdə yaşamağın rahatlığını dada bilər: “İndi yaşadığım 30 kvadratlıq evin yarısına qədər su yığılıb. Şəhərin kanalizasiya xətti bizim evlərin altından keçir. Nəmişlikdən xəstəlik tapmışam, üstəlik şəkər xəstəsi olmuşam. Yasamal Rayon İcra Hakimiyyətinin, JEK-in də xəbəri var. Amma deyirlər ki, gözlə, yaxınlarda evləriniz söküləcək. Evdə 8 nəfər qeydiyyatdadır. Oğlum rəhmətə gedib, övladlarına mən baxıram. Hələ qızımın da evi yoxdur”.

X.Tağıyevanın sözlərinə görə, 1995-ci ildən “Sovetski”nin söküləcəyini eşidir: “Aşağı məhəllədə çoxları ilə danışıblar. Amma heç kim pulun məbləğini açıqlamır, bir-birindən gizlədirlər. Vallah, kimin adamı var, evin kvadratını çox yazdırır, kompensasiyanı da çox alır. Mənim heç kimim yoxdur ki, kömək eləsin. Nə qədər verəcəklər, ev ala biləcəmmi...”

Balababa Məcidov küçəsi, 21 və 27-nin sakinləri də kvadrata görə ödəniş edilməsinə qarşıdırlar. Onlar ailə üzvlərinin sayına görə pul verilməsini tələb edirlər: “40 kvadratlıq evdə 11 nəfər yaşayırıq. Biz adambaşına pul verilməsini istəyirik”.

Bəs mağazalar necə olacaq?

Sakinlərlə söhbətdən sonra “Sovetski”dəki mağazaları gəzirik. B.Məcidov küçəsindəki ət dükanının satıcısı söyləyir ki, evlərin qiymətləndirilməsi aparılsa da onlara heç nə deyilməyib: “Bizimlə maraqlanmayıblar. Bəlkə də heç baqqala pul verilməyəcək. Deyəcəklər ki, bütün sənədləri qaydasında deyil. Amma biz bu baqqal dükanından dolanırıq”.

Abdulla Şaiq küçəsində yerləşən mağazanın satıcısı da gözlədiklərini deyir: “Nərimanov küçəsindəki evlər hesablanıb, hamı da razılıq edir. Deyirlər ki, ordakılara yaxçı pul veriləcək. Amma bizim mağazanı heç kim ölçməyib hələ. Gözləyirik ki, evlərin hesablaması qurtarsın, sonra biz də sözümüzü deyək”.

Qeyd edək ki, digər ərazilərdən fərqli olaraq “Sovetski”də minlərlə ev, mağaza, ofislər var. Onlara bazar qiymətlərinə uyğun kompensasiyanın verilməməsi böyük narazılığa səbəb ola bilər.

Yada salaq ki, indiyə qədər də paytaxtda minlərlə ev sökülüb. Çoxları hələ də Basin küçəsində baş verən narazılıqları, etiraz aksiyalarını unutmayıblar. Sakinlər Bakı Şəhər İcra Hakimiyyətini “Qış bulvarı”nın adından istifadə edərək kompensasiyaları mənimsəməkdə ittiham edirdilər.

“Sovetski”də də eyni hadisələrin baş verəcəyi gözlənilir. Sakinlər artıq etiraz aksiyasına qərar veriblər. Belə ki, “Sovetski” sakinləri evlərinin sökülməsi müqabilində onlara təklif edilən kompensasiyanın məbləğinə etiraz olaraq sabah - fevralın 16-da aksiya keçirəcəklər.

Bu barədə həm sosial mediada xəbərlər yayılıb, həm də virtualaz.org saytına “Sovetski” sakinləri özləri məlumat veriblər. Sakinlər dedilər ki, Yasamal Rayon İcra Hakimiyyətinin (RİH) nümayəndələrindən ibarət komissiya üzvləri onlara mənzillərinin hər kvadratmetri üçün 1500 manat təklif edib. Bu isə sakinləri qane etməyərək onların narazılığına səbəb olub. Xəbərə görə, etiraz aksiyası “Sovetski” məhəlləsindəki 173 saylı orta məktəbin qarşısında olacaq. Artıq aksiya ilə bağlı küçələrdə bildirişlər də asılıb. Sakinlərin tələbi budur ki, onlara ev almağa imkan verəcək məbləğdə kompensasiya ödənsin.

Bu xəbərlə bağlı Yasamal Rayon Polis İdarəsinə müraciət edib onlarda belə bir məlumatın olub-olmadığını soruşduq. İdarədən virtualaz.org saytına bildirdilər ki, onlarda belə bir aksiyanın keçiriləcəyi ilə bağlı hər hansı məlumat yoxdur.

Bakı Şəhər İcra Hakimiyyəti mətbuat xidmətinin rəhbəri Nurlana Mərdanova virtualaz.org saytına bildirib ki, prezidentin qərarı ilə sökülən evlərə görə 1500 manatdan kompensasiya verilir: “Yasamal Rayon İcra Hakimiyyətində komissiya yaradılıb. Bu məsələyə ancaq onlar münasibət bildirə bilərlər”.

Qeyd edək ki, məsələ ilə bağlı Yasamal RİH başçısının müavini Səməd İslamov da açıqlama verib: “İlkin mərhələdə Nəriman Nərimanovun abidəsinin ətrafından başlayaraq Hüseyn Cavid bağına kimi uzanan ərazi söküləcək. Tolstoy küçəsi və Əli bəy Hüseynzadə küçələrinin aralığı ikinci mərhələdə, “Təzəpir” məscidinə tərəf uzanan ərazilər 3 və 4-cü mərhələlərdə, Əli bəy Hüseynzadə küçəsindən “Nizami” metrosunun arxa hissəsinə kimi ərazilər isə 5-6-cı mərhələdə söküləcək”.

Layihəyə əsasən, ərazidə hər hansı yaşayış binasının tikintisi nəzərdə tutulmur. Ümumilikdə 10 mindən çox ev söküləcək.

Yeri gəlmişkən, artıq sakinlərlə Bakı Şəhər İcra Hakimiyyəti, Yasamal RİH və MİS-lərin adından danışıqlar aparanlar da var. Üstəlik vasitəçilər də peyda olublar. Amma sakinlərin sözlərinə görə, onların kimliyi barədə heç kim heç nə bilmir...
  • Yazılıb
  • da (də) 2014 Feb 16