Novruzda böyük əfv fərmanının veriləcəyi gözlənilir. Artıq bununla bağlı Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətin həbsxanalarda dustaqların məhkəmə hökmlərinin toplamağa başladığı bildirilir
Novruzda böyük əfv fərmanının veriləcəyi gözlənilir. Artıq bununla bağlı Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətin həbsxanalarda dustaqların məhkəmə hökmlərinin toplamağa başladığı bildirilir. Bəzi hüquq müdafiəçiləri prezidentə əfvlə bağlı məktub göndərməyə hazırlaşır. Lakin əksər siyasi məhbusların əfv ərizəsi yazmayacağını nəzərə alsaq, onların da əfvlə azadlığa çıxması mümkündürmü?
FaktXeber.com-un sualı ilə bağlı açıqlama verən tanınmış hüquq müdafiəçisi, vəkili Anar Qasımlı bildirdi ki, prosedura uyğun olaraq əfvlə bağlı mütləq şəkildə müraciət edilməlidir.
Bu günə qədər kifayət qədər siyasi məhbusların əfv ərizəsi yazmadan da əfv fərmanı ilə azadlığa çıxdığını bildirən Anar Qasımlı, “həmin məhbuslar əfv fərmanı ilə azadlığa çıxmaqlarına baxmayaraq, əfv ərizəsi yazmadıqlarını söyləyiblər”, - deyə qeyd etdi.
“Hüquqlarınızı müdafiə etdiyiniz şəxslərin əfv ərizəsi yazmaları ilə bağlı bu günə qədər sizə müraciət edilibmi”, - sualını da cavablandıran Anar Qasımlı bildirdi ki, ona yox, müvəkkillərinə müraciət olunub: “Konkret olaraq ad çəkmək istəmirəm. Amma bir çoxlarına müraciət edilib. Xüsusilə Rufullah Axundzadəyə dəfələrlə əfv ərizəsi yazmaqla bağlı müraciət edilib.”