Tarix : 2014 Feb 21
Kod 42037

Media Hüququ İnstitutu "Azərbaycanda informasiya azadlığı” hesabatını açıqlayıb

yazılı sorğular vasitəsilə bilgi əldə etmək əvvəlki illərlə müqayisədə daha da çətinləşib
Media Hüququ İnstitutu (MHİ) “Azərbaycanda informasiya azadlığı” hesabatını açıqlayıb. Hesabat 01 yanvar 2013 - 31 yanvar 2014-cü il tarixlərində informasiya azadlığı sahəsində aparılmış araşdırmaların nəticələri əsasında hazırlanıb. Araşdırmalar yazılı və şifahi informasiya sorğularının icra durumunun, informasiya sahiblərinin onlayn şəffaflığının, informasiya əldə etmək hüququnun müdafiə mexanizmlərinin gücünün öyrənilməsini əhatə edib. Sənəd “Qanunvericilik çərçivəsi”, “Yazılı sorğuların icra durumu”, “Şifahi sorğuların icra durumu”, “Dövlət qurumlarının onlayn şəffaflığı”, “İnformasiya azadlığının təminatları - Ombudsman, məhkəmələr” adlanan 5 bölümdən ibarətdir.

Hesabata görə, yazılı sorğular vasitəsilə bilgi əldə etmək əvvəlki illərlə müqayisədə daha da çətinləşib. Bilgi sahiblərinə göndərilmiş 105 informasiya sorğusunun icra vəziyyətinin monitorinqi bunu söyləməyə əsaslar verir. Bilgi sorğuları Milli Məclisə, məhkəmələrə, icra hakimiyyəti qurumlarına, Mərkəzi Seçki Komissiyasına, Milli Teleradio Şurasına, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fonduna, Heydər Əliyev Fonduna göndərilib. İnformasiya sahiblərindən büdcə vəsaitlərinin həcmi, həmin vəsaitlərin xərclənməsi barədə sənədlər, iş əsasnamələri, iş hesabatları, göstərilən xidmətlərdən əldə olunan vəsaitlər, onların xərclənməsi haqqında sənədlər, həyata keçirilən, hazırlanmaqda olan layihələr haqda bilgilər, qanun layihələri təkliflərinin surətləri, teleradiotezlik resursları, alınan kreditlər, məhkəmə statistikası haqqında bilgilər, məhkəmə qərarları, maliyyə yoxlamalarına dair sənədlərin surətləri, neft və neft məhsulları, qaz satışı qiymətlərinə dair bilgilər istənilib. İstənilən bilgilər ən qısa zamanda, ən geci qanunvericiliyə uyğun olaraq 7 iş günü ərzində sorğu verənlərə təqdim edilməlidir. Hesabata görə, bilgi sahibləri 105 sorğunun 27-nə cavab veriblər. Cavabların heç biri qısa zamanda (3 iş günü ərzində) təqdim edilməyib. Cavablardan yalnız 3-ü 7 iş günü ərzində verilib. Həmin cabaların 2-də bilgi verilməsindən imtina edilib. 24 sorğuya 7 iş günü ötdükdən sonra cavab verilib. Həmin cavabların 6-sı tam olub. Beləliklə, 105 sorğunun yalnız 7-nə tam cavab verilib. Cavablardan yalnız 1-ində qanuvericiliyin zaman tələbinə əməl olunub.

Şifahi sorğular vasitəsilə bilgilərə çatımın durumu da ürəkaçan deyil. Media Hüququ İnstitutu gündəlik kütləvi informasiya vasitələrində, habelə müstəqil çalışan 10 jurnalistin (Azadlıq Radiosu, “Yeni Müsavat”, “Azadlıq”, “Bizim Yol”, “Gündəlik Teleqraf” qəzetləri, “Turan” və APA İnformasiya Agentlikləri, müstəqil jurnalistlər) bilgi sahiblərinə ünvanladıqları hər 10 şifahi (telefonla) sorğuya verilən (orta hesabla) cavabları araşdırıb. Bilgi sahiblərinə şifahi (telefonla) sorğu ilə müraciət edən jurnalistlər onlardan qanunvericiliyə görə ən qısa zamanda açıqlanmalı olan, “hə” və ya “yox” ilə cavablandırıla bilən bilgiləri (rəsmi şəxslərin gerçəkləşən səfərləri, gerçəkləşməkdə olan tədbirlər, planlanan toplantılar, mərasimlər, ictimai önəm daşıyan siyasi olaylar haqqında bilgilər, qəza, fövqəladə hallarla bağlı bilgilər v s.) istəyiblər. Həmin bilgilərin sorğuçulara verilməsinə uzun zaman tələb olunmayıb. Orta hesabla bilgi sahibləri hər 10 şifahi sorğunun 5-nə dərhal cavab veriblər. Beləliklə, bilgi sahiblərinə ünvanlanan 100 şifahi sorğunun 50-nə cavab verilib. Şifahi informasiya sorğularını əsasən Statistika Komitəsi, Dövlət Neft Fondu, Baş Prokurorluq, daxili işlər, müdafiə, rabitə və informasiya texnologiyaları nazirlikləri, Sosial Müdafiə Fondu cavablandırıb. Sorğuları cavablandırmayan qurumlar sırasında fövqəladə hallar, milli təhlükkəsizlik və səhiyyə nazirlikləri öndə dayanır. Son aylarda informasiya siyasətini yeniləyən Təhsil Nazirliyi istənilən bilginin növünü diqqətə almadan şifahi sorğuları cavablamaqdan ümumiyyətlə imtina edir, yazılı sorğu göndərilməsini tələb edir. Hesabatda bütün sorğuların yazılı formada təqdim olunmasının tələb edilməsinin “İnformasiya əldə edilməsi haqqında” Qanunun pozuntusu olduğu vurğulanır.

İnformasiya sahiblərinin onlayn şəffaflıq göstəriciləri ötən illə müqayisədə artsa da ümumi mənzərədə ciddi dəyişiklik olduğunu söyləmək olmaz. Hesabata görə, dövlət qurumlarının əksəriyyəti onlarda olan açıq bilgilərin ən azı 60%-ni qapalı tuturlar. Hesabatda 2013-cü ilin sentyabr-dekabr aylarında yüksək pillədə duran 67 dövlət qurumunun - nazirliklərin, dövlət komitələrinin, komissiyalarının internet saytlarının monitorinqinin nəticələrinə yer verilib. MHİ 200 növə qədər bilginin saytlara daxil edilib-edilmədiyini araşdırıb. Nəticələrə görə Azərbaycanda ən şəffaf dövlət qurumları onlarda olan publik informasiyaların cəmi 56%-ni internet saytlarına daxil ediblər. Dövlət qurumlarının əksəriyyətinin internet saytları 30-40% şəffafdır. 67 dövlət qurumu üzrə orta şəffaflıq gösətricisi 31% təşkil edib. Ayrı-ayrı informasiya növləri üzrə dövlət qurumlarının şəffaflıq göstəricisi müxtəlifdir. Qurumlarla bağlı ümumi bilgilərin 71%, qurumların strukturu haqqında bilgilərin 46%, qanunvericilik bazasına aid bilgilərin 44%-i saytlara daxil edilir. Dövlət ehtiyacları üçün mal, iş və xidmətlərin satın alınması barədə bilgilərin 18%-i, büdcə vəsaitlərinin xərclənməsi ilə bağlı bilgilərinsə cəmi 4%-i açıq tutulur.
Sənəddə informasiya əldə etmək hüququnun effektiv müdafiə mexanizmlərinin hələ də formalaşmadığı vurğulanır. İnformasiya əldə etmək haqqı pozulanların 2 yolu var - onlar İnsan Hüquqları üzrə Müvəkkilə (Ombudsman Aparatı) və məhkəmələrə müraciət edə bilərlər. Qanunvericiliyə görə, “İnformasiya əldə edilməsi haqqınmda” Qanunun icrasına nəzarəti Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) həyata keçirir. İnsan hüquqları üzrə müvəkkilə belə səlahiyyət 2012-ci ildən verilsə də zəruri kadr və maliyyə ilə təmin edilmədiyindən bu vasitə özünü doğrultmayıb. İnsan hüquqları üzrə müvəkkil institutu öz vəzifə və səlahiyyətləri çərçivəsində gərəkən addımların demək olar ki, heç birini atmayıb. İnformasiya əldə edilməsi ilə bağlı informasiya axtaranlara hüquqi yardım mexanizmi yaradılmayıb, informasiya sahiblərinə informasiya xidmətlərinin təkmilləşdirilməsi yönündə təkliflərin verilməsi istiqamətində addımlar bəlli deyil, informasiya sahibindən hesabatlar tələıb olunmayıb, bunlar ictimaiyyətə açıqlanmayıb, Müvəkkilin informasiya azadlığı ilə bağlı hesabatı topluma açıqlanmayıb.

Ombudsman Aparatı effektiv vasitə çevrilmədiyindən informasiya əldə etmək hüququ pozulanlar məhkəmələrə üz tutur. Ancaq məhkəmələr də informasiya əldə etmək hüququnun pozuntusunun aradan qaldırılmasına gərəkli dəstəyi vermir. Media Hüququ İnstitutunun 2013-cü ildə monitorinq etdiyi 105 sorğu üzrə 49 bilgi sahibi sorğunu cavablandırmadığına görə məhkəməyə verilib. Məhkəmələrdən bilgi sahiblərinin üzərinə sorğunu cavablandırmaq vəzifəsi qoyan qərar çıxarılması, məhkəmə xərclərinin cavabdehlərin üzərinə qoyulması xahiş edilib. Məhkəmələr 19 şikayəti qanuni əsas olmadan (rüsumun ödənilməməsi, məhkəmə aidiyyatı, iddia ərizələrinin forma və məzmun tələblərinə uyğunsuzluğu) icraata qəbul etməyib, qərardadla geri qaytarıb. Belə işlər üzrə yenidən məhkəməyə müraciət olunub. Məhkəmələr 41 işə mahiyyəti üzrə baxıblar. İcraata götürülən 41 iddia ərizəsinin 36-sı rədd olunub. 5 işdə məhkəmə zamanı tərəflər razılığa gəliblər. Məhkəmə qərarlarının heç biri informasiya əldə etmək hüququnu dəstəkləməyib.musavat
  • Yazılıb
  • da (də) 2014 Feb 21