Tarix : 2014 Feb 21
Kod 42043

Bakıda tələbələr etiraza qalxdı+FOTO

Polis BDU-nu nəzarətə götürdü; etirazçılardan bir neçəsi saxlanıldı
Bakı Dövlət Universitetin (BDU) tələbələri sosial şəbəkələr vasitəsilə elan etdiyi “Kəsir üçün pul verməyək” aksiyası dünən sözügedən təhsilocağının həyətində baş tutdu.

Onu da qeyd edək ki, aksiyanın vaxtı sosial şəbəkələrdə yayılandan sonra universitetlərdə tələbələrə təzyiqlər olub. Məlumatlara görə, jurnalistika fakulətsinin dekanı Şamil Vəliyev tələbələrə aksiyaya çıxacağı təqdirdə valideynlərini universitetə çağıracağını deyib.
Fəlsəfə fakültəsinin tələbələri hafta.az-a kredit qiymətlərinin artmasına görə həqiqətən narahat olduqlarını, bu qərardan narazı qaldıqlarını bildiriblər: “Narazıdır e, hamı narazıdır... Amma heç kim ayağa durub heç nə demir. Hələ ortada heç nə yoxdur, dünən artıq jurnalistika fakültəsinin tələbələrinə ilk xəbərdarlıq edilib ki, etiraz olsa qoşulmayın, valideyninizi çağıracağıq”.

Jurnalistika fakültəsinin dekan müavini Əli Hacıyev isə tələbələrə dekanlıq tərəfindən heç bir təzyiq göstərilmədiyini deyib: “Ola bilər ki, hansısa müəllim öz tələbəsinə nəsə məsləhət verib, nəsə deyib. Bəzən heç bizim tələbələr söhbətin nədən getdiyini, nəyə görə etiraz edildiyini bilmirlər. Görürlər hamı yığışır, onlar da küyə düşüb gedirlər. Hə, aksiya haqqında məlumat var idi, mən də oxudum. Əslində etirazı edən başqa fakültələrdir, bizim fakültənin isə adı çıxıb...”
Aksiya başlanmazdan bir neçə saat öncə universitetin bütün korpusları polislərin nəzarətində idi.
Aksiya birinci növbənin bitməsi, ikinci növbənin başlanması ərəfəsində olduğu üçün polislər tələbələrə nəzarət edə bilmədi.



Etirazçılar öncə oturaq aksiyası keçirdi. Daha sonra şüar səsləndirilən tələbələri polis dağıtmağa səy göstərdi. “Qanunları pozmayın, saxta qanun yazmayın”, “Kəsir üçün pul vermirik” şüarları universiteti bürüdü.
Aksiyada BDU-nun qonşuluğunda yerləşən Texniki Universitetin və Memarlıq Universitetinin tələbələri də iştirak ediblər. Deyilənlərə görə, onların bir çoxu hətta hasarın üstündən aşaraq aksiyaya qatılıb.
BDU-nun rektoru Abel Məhərrəmov etirazçıların qarşısına çıxdı. O vəd etdi ki, sabah saat 12:00-da tələbələrlə görüş keçirəcək. Ancaq tələbələrin etirazlarının davam ediyini görən rektor geriyə, universitetin binasına qayıtdı.
Polislər etiraz edən tələbələri metronun “Elmlər Akademiyasına” doğru sıxışdırmağa başladı. Bunu görən tələbələr metronun qarşısında da şüarlarını səsləndirdilər.
10-a yaxın tələbə həbs olunaraq, Yasamal rayon Polis İdarəsinin 26-cı bölməsinə aparıldı. Bundan başqa polislər aksiyanı işıqlandıran jurnalistlərə qarşı kobudluq edib.

BDU-nun mətbuat xidmətinin yaydığı məlumata görə, aksiyaya polislərin cəlb edilməsi aksiya ilə bağlı deyil. “Qazaxıstan parlamentinin sədri BDU-da universitetin rəhbərliyi ilə görüş keçirəcək və 25 nəfərlik polis briqadası hörmətli qonağa görə BDU-ya gəlib”, deyə məlumatda qeyd edilir.
Universitet aksiyayla bağlı məlumat yayıb.
“Bununla əlaqədar BDU-da izahat işləri aparılıb, bu qərarın şərhi ilə əlaqədar mətbuatda məlumatlar verilib. Buna baxmayaraq, Bakı şəhərindəki müxtəlif təhsil müəssisələrinin bəzi tələbələri və əksəriyyəti ümumiyyətlə tələbə olmayan müxtəlif təbəqələrin nümayəndələri universitet qarşısında aksiya keçirməyə cəhdi ediblər. BDU tələbələrinin bir hissəsi isə etiraz edən tələbə yoldaşlarına izahat vermək məqsədilə tədbirə qoşulub.
Bəzi qızışdırıcı şəxslərin təşəbbüslərinə baxmayaraq, tələbələr qərarın mahiyyətini başa düşərək aksiyanı tərk ediblər. Aksiya 8-10 dəqiqə davam edib. Bir sıra mətbuat orqanlarında tədbirə polislər tərəfindən müdaxilə edilməsi fikri yayılıb. Bununla əlaqədar olaraq bildiririk ki, əvvəlcədən olan razılaşmaya əsasən, Qazaxıstan Respublikası Parlamentinin sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə BDU-da görüş keçiriləcək və polis əməkdaşları həmin tədbirə görə BDU-ya gəlib. Məlumat üçün bir daha bildiririk ki, kredit sistemilə təhsilin təşkilinə dair qaydalar üzrə daha ətraflı izahatların verilməsi məqsədilə sabah Təhsil Nazirliyinin nümayəndəsinin iştirakı ilə tələbələrin rektorla görüşü planlaşdırılıb”, - deyə açıqlamada deyilir.
Təhsil Nazirliyi də tələbələrin etirazına münasibət bildirib.
Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini, QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov APA-ya açıqlamasında bildirib ki, tələbələrin aksiyasına səbəb olan yaranmış vəziyyət heç də Nazirlər Kabinetinin təsdiq etdiyi “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nda əks olunan məsələlərlə bağlı deyil: “Əsas məsələ həmin qaydaların düzgün tətbiq olunmaması ilə bağlıdır. Bunu nəzərə alaraq Təhsil Nazirliyinin nümayəndələri sabah Bakı Dövlət Universitetinin akt zalında bu qaydaların bir daha düzgün anlaşılması ilə bağlı tələbələrlə görüş keçirəcəklər. Bu görüşdə Bakı Dövlət Universitetinin tələbələri iştirak edə bilərlər”.






































  • Yazılıb
  • da (də) 2014 Feb 21