Tarix : 2014 Feb 22
Kod 42056

Ərdəbilin cümə namazı

14 fevral (25 bəhmən)
Birinci xütbə

بسم الله الرحمن الرحیم

الحَمدُلله الَّذی خَلَق السمواتِ و الارض و جَعَل الظُلماتِ و النور ثُمّ الَّذینَ کَفَروا بِرَبّهم یَعدِلون وَ الصَّلوه وَ السَّلام عَلی الهادی البَشیر، السّراجِ المُنیر، سَیدنا سَید الانبیاء وَ المُرسَلین، ابالقاسِم محمّد و علی آله الطَیبینَ الطاهِرین وَ لا سیَّما بَقیه الله فی الاَرَضین



Özümü və əzizləri ilahi təqvaya dəvət edirəm. Təqvanın dəyər və əhəmiyyətini iki alovu söndürməsində görmək olar. Birini cəhənnəm alovu, o biri nəfs alovu. Biz iki alovdan keçməliyik. Birinci alov haqqında Məryəm surəsinin 71-ci ayəsində buyurulur: "Sizdən elə bir kəs olmaz ki, oraya varid olmasın. Bu, Rəbbinin (əzəldən) buyurduğu vacib bir hökmdür. (Bütün insanlar Cəhənnəmin müdhiş mənzərəsini onun körpüsü üstündən keçərkən öz gözləri ilə görəcəklər. Cənnətliklər cəhənnəm odunun içindən yanmadan, sağ-salamat keçəcək, cəhənnəmliklər isə ora düşüb əbədi əzaba məhkum olacaqlar. Bir qism insan da müəyyən müddət orada qalıb günahı təmizlənəcək, sonra Cənnətə qayıdacaqdır)." Dünyada alov alan axirətdə də alov içindədir. Dünyada sədaqətlə yaşayan cəhənnəm odu görməz. (Elmul-yəqin). Həzrət buyurur ki, biz cəhənnəmdən söndüyü zaman ötüb keçdik. İkinci alov nəfs alovudur. Biz nəfs alovundan keçməliyik. Bu çox qorxulu alovdur. Çünki axirət oduna bağlanıb, cəhənnəmi yaradır. Əgər bu insan həmin iki oddan keçmək istəsə təqvalı olmalıdır. İman nuru cəhənnəm odunu söndürür. Şairin təbirincə, odu məhv edən möminin nurudur.
Peyğəmbər (s) buyurur: "Mömin cəhənnəmdən keçəndə cəhənnəm ona deyər ki, tez keç, nurun odumu söndürdü. Nəfsin qorxulu, dəhşətli odu var. İnsan bu oda daxil olsa məhv olar. Əxlaq alimləri deyir ki, insan nəfsində onu özünə məşğul edən meyillər var. Əgər insan bu meyillərə aludə olsa dayanacaq yoxdur, daim dərinə gedəcək. Şəhvət və ləzzəti tərk etmək çətindir. Bu meyilə uyanlar qurtula bilmir. Həzrət buyurur ki, tamah şeytanın insana içirdiyi şərabdır. İnsan ayılanda xəbər tutur ki, cəhənnəmdədir, şeytanı yanında görür. Şəhvət tüğyan etsə onun fəlakəti Nuhun tufanından ağır olur. Şair deyir ki, ruh dəryasındakı coşqun dalğalar Nuhun tufanındakından yüz qat təhlükəlidir.
Mövlana deyir: "Nəfsin tufanı Nuhun tufanından yüz qat güclüdür və hər şeyi qərq edir. Azğın nəfs istəyi dalğaları insanın bütün şərəf ləyaqət bağlarını qırır. İnsanın bir başı, bir ağzı var. Amma cilovunu qırmış nəfsin başı bir deyil. Nəfsin 800 başı var..."
Azğın nəfsin bir ağzı açılsa artıq onu bağlamaq mümkün deyil. O insanın bütün mənəvi sərvətini udasıdır.
Bu dünyada çox səslər var ki, yalnız mənəviyyat qulağı ilə eşidilər. İnsanın maddi qulağı, ağzı və gözü dünya həyatından sonra təsirsizdir. Bəzi insanlar ölümdən sonra kar, kor və laldırlar. Çünki daim hissə uyublar.
Nəfs tüğyan qoparanda qızmış şirə dönür. Onu necə cilovlamaq olar?! Mövlana deyir ki, bu şiri dovşanla aldatmaq olmaz. Əgər qarşındakı düşməni öldürmüsənsə arxayınlaşma və bil ki, öz içindəki düşmən ondan təhlükəlidir. Mövlana "şir ovuna dovşanla getməzlər", deyir.
Cəhənnəm Allahla söhbət edir. Allah ondan doyub-doymadığını soruşur. Cəhənnəm doymadığını deyir. Öz qurbanlarının davamını istəyir. Mövlana nəfsin cəhənnəmlə oxşar cinsdən olduğunu söyləyir. Yəni nə nəfs doyur, nə də cəhənnəm. Şair deyir ki, cəhənnəm yeddi dənizi içsə belə susuzluğu azalmaz, insan da onun kimi.
Nəfs çeşidli xörəklər yeməklə doymaz. Allahdan nida gələr ki, doydunmu? Nəfs isə cəhənnəm kimi yeminin davamını istər. Əgər dünyanı nəfsə yedirsən doyası deyil. Çünki onun iştahası həqiqi iştaha deyil.
Cəhənnəmlə bağlı bu söhbətlər Quranda yer alıb. Cəhənnəm nərə çəkib Allahdan qurbanlarının davamını istər. Mövlana deyir ki, nəfsin böyük müsibəti insandan seçim qabiliyyətini almasıdır. Nəfs tüğyan qopardıqda insan artıq yaxşını pisdən seçə bilmir. Doktorluq dərəcəsi almış şəxs belə haqqı batildən seçmir. Nasir Xosrov deyir: "40 il yuxuda oldum, sonda bir yuxu ilə oyandım. 40 il mənə yuxuda dedilər ki, nə üçün şərab içirsən? Dedim hələ ki, qəm-qüssəni aradan qaldıran başqa bir şey tapılmayıb. Dedilər ki, ağlını əlindən alanı həkim sayma." Mövlana deyir ki, bizim nəfsimiz cəhənnəmin bir cüzüdür. Cüzdə küllün tələbləri var. (küll, yəni tam). Tam cəhənnəmdir və bu cəhənnəm doyası deyil. Nəfs bu tamın bir cüzüdür. Tamın xüsusiyyəti onda da var. Yəni cəhənnəm doymadığı kimi nəfs də doymaz. Bəzilərinin hesabsız var-dövləti olsa da gözü doymur. Mövlana deyir ki, çölümdən ayrıla bilsəydim içimə baxa bilərdim.
Şair deyir ki, daim çöl düşməni ilə vuruşdum və onu məğlub etdim. Səddam və ABŞ-ı yada salaq. Onlar xarici düşmənlərdir. Amma daxili düşmənlər də var. Peyğəmbər (s) savaşdan qayıdanda buyurur: "Kiçik cihadda qalib gəldik, böyük cihadda vuruşmalıyıq." Soruşdular ki, bu qədər ağır savaş kiçik cihad oldu? Həzrət (s) buyurur ki, böyük cihad insanın nəfsi ilə vuruşur, böyük qələbə nəfs üzərində qələbədir. Hafiz deyir ki, məni dünyadan ayıracaq bir acı şərab sorağındayam. Mövlana deyir ki, çöl döyüşdən dönüb iç döyüşə başladım.
Peyğəmbərin (s) ardınca böyük cihada üz tuturuq. İnsan böyük cihadda məğlub olsa qarşıda vəziyyəti ağır olacaq. Qaranlıq vadilər onun sorağındadır. Bu qaranlıq vadilər nəfs zülmətinin dünyadakı təcəssümüdür. Peyğəmbər (s) buyurur ki, insanlar yatıb, öləndə oyanacaq.
Bəs nəfs üzərində necə qələbə qazanmaq olar? Şairin təbirincə, insana dənizi yaracaq qüvvə lazımdır. Nəfs Qaf dağı kimidir. Onu dırnaqla zərrə-zərrə ovmaq lazımdır. Dəryanı yaran qüvvə nədir? Bu qüvvə təqvadır. Mövlana sözünün davamında deyir ki, əsl şir özünü məğlub edə bilən şirdir.
Amerikanı məğlub etmək çətin deyil. Əsl qələbə insanın öz nəfsi üzərində qələbəsidir. Söhbətin davamı şirindir. Mövlana mövzunu incəliyinə qədər açıqlayır. İnsanın təqvanın qədrini bilməsi üçün çox danışmaq lazım gəlir. Nəfs alovunu yalnız təqva söndürür. İslamın tərbiyə sistemi bu nöqtə üzərində dayanır. Əsrin İmamı (əc) zühur edəndə onun tərbiyə üsulu təqva üzərində qurulacaq. Həzrətin hünəri bu olacaq ki, bütün insanlarda təqva həqiqətini canlandıracaq.

İkinci xütbə

بسم الله الرحمن الرحیم


Özümü və əzizləri ilahi təqvaya dəvət edirəm. Əzizlər, fürsətlər sürətlə ötüb keçir. İmkanları boşa verməyək. Axirətdə əməl naməsinə baxanda görərsən ki, ya boşdur, ya da günahla dolub. O zaman insan əldən buraxdığı fürsətlər üçün həsrət çəkər. Dünya həyatı sürətlə ötüşür. İnsan dəyərsiz, alçaq işlərlə məşğul olsa peşman olar. Hətta halal ömür sürən həmin gün özünü zərərdə görər. Belə olan halda haram yaşayının vəziyyəti necə olacaq?! Dünya həyatı Allahın bəşəriyyət üçün açdığı məktəbdir. Biz bu məktəbdə tərbiyə almaq üçün gəlmişik. Allahın bir məqsədi var. Dərsimizi oxumuşuqmu, həmin məqsədə çatmışıqmı? Məbada dünya həyatını ilahi məqsəddən xəbərsiz tərk edək. Hafiz deyir ki, bir gün dünya həyatı başa çatar və səndən həyatın məqsədi soruşular. Zamanın, ömrün qədrini bilək. Elə yaşamayaq ki, sonradan ötən günlərin xəcalətini çəkək. Allah bu xəcaləti heç bir müsəlmana rəva bilməsin.
Böyük İslam İnqilabının qələbəsinin ildönümü ilə bağlı 22 bəhmən aksiyalarında iştirakına görə xalqa təşəkkür edirəm. Bu ilahi nemətə görə Allaha şükr edirəm. 22 bəhmən nümayişlərində xalqın izdihamlı iştirakı bizim üçün adiləşsə də dünya üçün böyük hadisə olaraq qalır. Bu Allahın bizə lütf etdiyi böyük nemətdir. Milyonların qatıldığı aksiyaları bütün dünya anbaan izləyirdi. Bu izdihamlı aksiyanın böyük mesajı var və mən bu mövzuda bir neçə nöqtəyə toxunmaq istəyirəm:
Bir nöqtə budur ki, bizim İnqilabın güclü arxası var. İslam üsul-idarəsi böyük bir gücə söykənib. Başqa ölkələrdə inqilabın ildönümü günü yalnız ordu parad keçirir. Dünyada görünməyib ki, inqilabın ildönümü günü bütün xalq İrandakı kimi küçələrə axışsın. Dünya ölkələri öz xalqlardan belə bir sevgi həsrəti ilə yaşayır. İqtidar nümayişi, milli birlik budur. Xalq bu əzəmətlə özünü göstərir. Bundan güclü silah nə ola bilər?! Xalqımız sübut etdi ki, iradələr müharibəsində heç zaman məğlub olmayacaq. Xalqın iştirakının dəyəri o zaman bilinəcək ki, bizə qarşı psixoloji müharibənin miqyasını dərk edək. Bu müqaviməti məhv etmək istəyirlər. İnqilabdan 34 il sonra, xalqa ağır təzyiqlərin ardınca milli birliyin bu şəkildə nümayişi ən böyük möcüzədir.
İkinci nöqtə budur ki, xalqın bu günki inqilabi bəsirəti inqilab zamanındakı bəsirətdən az deyil. Xalqımız düşmənin hiylələrindən tam xəbərdardır və bu hiylələrə qarşı vaksin olunub. Bu gün bu mövzu çox aktualdır. Bu xalq böyük təzyiqlər, böyük məhrumiyyətlər, sanksiyalarla başbaşadır. Dünyanın məşhur araşdırma mərkəzləri bu suala cavab tapa bilmir ki, İran xalqı bu miqyasda təzyiqlərə necə tab gətirir?
Üçüncü nöqtə budur ki, psixoloji müharibə, sanksiyalarla xalqı təslim etməyin mümkün olmadığı sübuta yetib. ABŞ xarici işlər nazirinin müavini bu xalqı aşağılayanda qəti cavabını aldı. Xalq nümayişə qatılmaqla Obamaya göstərdi ki, miz üzərindəki seçim nədir. Xalqımız bütün seçimləri onların əlində aldı. Pentaqon rəsmilərindən biri deyir: "İranla müzakirəyə getməyimizin səbəbi budur ki, İran nəzərdə tutduğumuz bütün variantları əlimizdən alıb. Əgər müzakirəyə getməsəydik Rusiya Yaxın Şərqdə öz siyasətini yeridəcəkdi. Rusiyanın qarşısını almalıyıq. Müzakirələrə getdik ki, Rusiya İranla fərqli baxışlarına baxmayaraq enerji mərkəzi olan Yaxın Şərqə hakim olmasın."
Digər mühüm mesaj budur ki, milyardlar xərcələyib şəbəkələr açdılar, milli ləyaqətini qəpik-quruşa satan muzdurları ekrana çıxardılar. Bu qədər yalan daşa dəyəndən sonra Amerika hansı ümidlə danışır?! Ağ Ev hansı ümidlə bu şəbəkələrə növbəti dəfə pul xərcləyir. İran xalqının aksiyalardakı iştirakı xərclənmiş pulların havaya sovrulduğunu göstərdi.
Vurğulayacağım son nöqtə budur ki, dini demokratiya ən üstün şəkildə səhnəyə gəldi. Bu nümayiş böyük referendum idi. Xalq nümayişə qatılmaqla konstitusiyaya, İslam üsul-idarəsinə, vilayəti-fəqihə rəy verdi. Dünya buna qibtə edir. Heç bir dövlət heç zaman belə bir izdihamı özünə rəğbətləndirə bilməyəcək. Hazırda dünya ölkələri legitimlik böhranı keçirir. Ya ümumiyyətlə seçki yoxdur, ya diktatura hakimdir, ya seçkilər sünidir, ya da demokratiya cilovlanıb. Maraqlıdır ki, bəzi ölkələrdə prezident cəmi iki müddətə seçilə biləcəyi halda vaxt başa çatanda konstitusiyanı dəyişir, özlərinə ömürlük imtiyaz verirlər. Bu necə demokratiyadır?! Xalqa bundan böyük xəyanət nə ola bilər?! Xalq üçün toxunulmaz konstitusiya dəyişdirilirsə hər şey aydındır. Bəzi ölkələrinsə ümumiyyətlə konstitusiyası yoxdur. Bu ölkələrdən biri Səudiyyə Ərəbistanıdır.
Nə üçün Ərəbistan İraqda sabitliyi pozmaq üçün bu qədər pul xərcləyir? Ərəbistan nə İraq, nə də Suriyada demokratik quruluşu qəbul etmir. Bilirsinizmi niyə? Çünki nə Ərəbistan, nə də başqa Fars körfəzi ölkələrində demokratiya adında bir şey var. Onlar qorxur ki, İraqda demokratik quruluş yaransa daxili sabitlikləri pozular, xalqlar ayağa qalxıb İraqı nümunə göstərər. Ərəbistana bir ailə hakimdir. Əslində bu növ hakimiyyətin vaxtı çoxdan keçib. Deyirlər ki, xilafət hakimiyyətini qaytarmaq istəyirik. Əgər doğrudan da Osmanlı sayağı hökumət qurmaq istəyirsinizsə, ən azı Məhəmməd ibn Əbdülvəhabın yazdıqlarını oxuyun. Bu şəxs bütün Osmanlı xəlifələrini kafir sayıb. Deyir ki, bu xəlifələrin kafirliyinə şəkk edən də kafirdir. Ərəbistan Müsəlman Qardaşlarından (İxvanul Muslimin) da qorxur. Çünki onların ərəb ölkələrində nüfuzu var. Ərəbistan Mursini aldatdı. Onu Suriya ilə mübarizədə qəhrəman kimi göstərdilər. Digər tərəfdən onu İrana göndərib tapşırdılar ki, nə sularından iç, nə yeməklərindən ye. Tapşırdılar ki, İranda sərt danış. Bundan sonra Mursiyə arxadan zərbə vurdular. Müsəlman Qardaşları 85 il siyasi fəaliyyət göstərib. Amma hakimiyyəti bir il əldə saxlaya bilmədilər. Ərəbistan ərəb ölkələrindəki İslam inqilablarını sələfilərin əli ilə viran qoydu. Çünki demokratiyadan qorxurlar. Suriyada da meydana belə daxil oldular. Amma necə deyərlər sehir sehr edənə qayıtdı, Ərəbistan terrorda ittiham edildi. Bütün ifratçı vəhabi qruplaşmalar Ərəbistana aid edildi. Ərəbistan məcbur oldu ki, bu qrupları inkar edən bəyanatlar versin. Ötən həftə maraqlı hadisə baş verdi. Vəhabilərin Ərəbistandakı baş müftisi dedi ki, şiələri öldürmək savabdır. Eyni zamanda vəhabi terrorizminə, təkfirçiliyə, İraq və Suriyaya döyüşçü göndərən müftilərə qarşı danışdı. Soruşan lazımdır ki, sənin fitvanla on iki min nəfər Səudiyyə vətəndaşı İraq və Suriyada vuruşur, nə üçün mövqeyini dəyişdin?!
Suriyaya gedib daim "sizdən kömək istəyənə kömək edin" (bax: Ənfal, 72) ayəsini oxuyan Ərəbistan müftiləri var. Peyğəmbər (s) Uhud savaşında mühasirəyə düşəndə mahir oxatan olan Təlhəni həvəsləndirirdi. Bu gün müftilər teleşəbəkələrdən bu hadisəni yada salıb terrorçulara "Peyğəmbər başınızın üzərində dayanıb" deyirlər. Bu gün Ərəbistana daşınan cəsədlər ölkə başçılarını narahat edir. Cənazə sahibləri bu mənasız savaşın səbəbini soruşur. Ərəbistanda itkin düşənlərin sayı çoxdur. Ata-analar övladlarından xəbərsizdir və bu işdə təqsirkar müftilərdir.
Bundan da təəccüblüsü odur ki, Azərbaycan Respublikasında vəhabi başçılarından biri ötən həftə Ərəbistan baş müftisi ilə eyni mövqe tutaraq, təkfirçi terrorçulara və vəhabi müftilərə qarşı çıxıb. Deyib ki, biz təkfirçi yox sələfiyik. Bu şəxs Məhəmməd ibn Əbdülvəhaba tabedir ya yox?! Əgər tabe deyilsə vəhabi deyil. Əgər tabedirsə tam meyarlı təkfirçi vəhabidir.
Məhəmməd ibn Əbdülvəhabın iki məşhur kitabına («کشف الشبهات »;« الدرر السنیه») müraciət edəndə aydın olur ki, o təkfirçiliyi qəbul edib. Elə bir təkfir ki, hətta ibn Teymiyyə, şagirdi ibn Qəyyim buna qarşı çıxıb.
Məhəmməd ibn Əbdülvəhab deyir: "Əsrimizdə şirk bütün dünyanı bürüyüb." Bu şəxs dörd məzhəbin kitabını şirk kitabı adlandırır. Onun nəzərincə, ilkin İslam dövründəki müşriklər indiki müsəlmanlardan üstün olub. Deyir ki, mənim sözümü anlasan, xalqın vəziyyətini görsən bu günki müsəlmanların bir zaman Peyğəmbərin vuruşduğu müşriklərdən daha çox şirkə batdığına əmin olarsan.
Bu şəxs yeganə şəxsdir ki, tövhid etirafını can və malın hifzi üçün kafi saymır. Deyir ki, Məkkə və Mədinə küfr diyarıdır, bu iki şəhərin əhalisi İslamdan çıxanlardır.
Onun ən ağrılı sözlərində biri budur ki, inkar etdiyi şəxslər həbs olunmalıdır və tövbə etməlidir. Əgər tövbə etməsə boynu vurulmalı, mal-mülkü müsəlmanlar arasında bölünməlidir."
Bu şəxsin ən böyük düşmənçiliyi İslam alimləri ilədir. Az alim onun küfr ittihamından kənarda qalıb. Bu şəxs ibn Ərəbi kimi alimi inkar edir. Hətta onun küfr ittihamını qəbul etməyənləri kafir sayır. Hansı alimin səhvə yol verdiyini düşünürsə onu da rədd edir. Fəxr Razi belə alimlərdəndir.
Beləcə təəccübə yer qalmır ki, onun ardıcılları dörd məzhəb rəhbərindən biri olan İmam Əbu Hənifəni dindən kənar sanır. Əgər müsəlmanlar bu baxışla rədd edilsə İslamda kim qalar?!
Vəhabilər təkfir mövzusunda o qədər ifrata varıblar ki, vəhabiliyi bir sözlə ifadə etmək istəsək təkfir sözü bəs edər.
Böyük sünnə əhli alimlərindən olan Zəhabi deyir ki, həqiqi vəhabiliyin nə olduğunu soruşana cavab budur: Vəhabilik bütün müsəlmanların təkfiridir.
Beləcə Ərəbistan müftisi və Azərbaycanın vəhabi axundu etiqadı əsasında danışmır. Onlar bu sözdən öncə Məhəmməd ibn Əbdülvəhabı inkar etməli idilər. Hansı ki heç vaxt bu işi görməzlər.
Vəhabilər şiəlikdə təqiyyəyə görə onları kafir sayırlar. Hansı ki təkfirçiliyi qızışdırıb kənarda dayanırlar.
Biz özünü təkfirçilikdən uzaq göstərmək istəyən Ərəbistan müftisi və Azərbaycanın vəhabi axunduna Sədinin bir şeirini xatırladırıq: Qarğanı şahin adlandıranlar eşitməyibmi ki, gözlər açıqdır?!
Qeyd etməliyik ki, vəhabi başçıları bu günlərdə iki səbəbdən təkfirçiliyə zidd sözlər danışıb. Birinci səbəb dünyada təkfirçiliyə yönəlmiş nifrətdir. İkinci səbəb Suriya və İraqdan gələn saysız cənazələrdir. İnsanlar vəhabi müftilərinə nifrət edir, onların gənclərini müsəlmanlarla savaşa göndərən şəxsləri lənətləyir. Əksər valideynlər öz övladlarına bu savaşa qatılmaq icazəsi verməyib. Artıq vəhabilərin öz mövqeyini dəyişməkdən başqa yolu qalmayıb. Bu isə vəhabiliyin sütunlarını uçurur. Necə deyərlər, qəbristanlığa aparılan ölü geri qayıtmayacaq. Bir çoban dərziliyə başladı. Ona libas tikmək üçün parça verdilər. Parçanı o qədər o yana, bu yana çevirdi ki, baxanlar təəccüblə səbəbini soruşdular. Dedi nə qədər baxıramsa, gördüyüm budur ki, bu parçadan çoban libasından başqa bir libas çıxmaz. Bu misal vəhabilərin halına uyğun gəlir.
Bir daha 22 bəhmən nümayişlərində iştiraka görə xalqa təşəkkür edirəm. Dünyanı xalqın iradəsinə hörmətə çağırıram. Düşmənlərə sözüm budur ki, bu xalqın iradəsinə ehtiramdan başqa yolları yoxdur. Məsullara deyəcəyim budur ki, xalqın nümayişlərdə iştirakı sizə dəlil oldu. Siz söz yox, əməldə xalqa təşəkkür edin, iqtisadi problemləri aradan qaldırın, ayrı-seçkiliyə yol verməyin. Təşəkkür budur ki, bu xalqla onun şənində rəftar edilsin. Nemətlərin sahibi bu xalqdır. İnsan heç vaxt nemət sahibinə "get, sabah gələrsən" deməz. Xalqa böyük hörmət bu olardı ki, ləyaqətli insanlar iş başına gətirilsin. Bu günlər ləyaqətlilərin işə təyinat günüdür. Mən ustan məsullarından, nümayəndələrdən istəyirəm ki, Quran ayəsinə (bax: Nisa, 58) əməl etsinlər, təyinatda ölçü gözləsinlər. Vəzifə böyük bir əmanətdir. Vəzifədə şəxsi mənafelərə yer verilsə Allaha, Peyğəmbərə, İmamlara, nemət sahiblərinə, şəhidlərin qanına xəyanət edilib.
  • Yazılıb
  • da (də) 2014 Feb 22