Tarix : 2014 Feb 24
Kod 42072

Rəsmi Bakı Ukraynanın azadlıq hərəkatına dəstək verib

Maddi yardımlar Maydanın büdcəsinə nəzarət edən “Yeddilər” adlandırılan maliyyə quruma məxfi şəkildə verilib; bu pullar həm də Bakının Rusiyanın təzyiqlərindən sığortası üçündür...
Ukraynadakı dramatik hadisələr Azərbaycanda da diqqətlə izlənir. Hələ ötən ilin noyabrında-Vilnüs sammiti ərəfəsində Rusiyanın iqtisad-siyasi şantajları nəticəsində Ukrayna Avropa İttifaqı ilə azad ticarət və assosiativ üzvlüklə bağlı razılaşma imzalamaqdan imtina etdikdən sonra, analitiklər Kremlin növbəti hədəfinin Azərbaycan olacağını proqnozlaşdırırdılar.

Qeyd edək ki, rəsmi Bakı Rusiyanın təzyiqlərini önləmək üçün son aylar Ukrayna ilə intensiv məsləhətləşmələr aparırdı. Məlumatlara görə, bu məsləhətləşmələrin əsas mövzusu Avropa Birliyinə üzvlüyü hədəfləyən Ukraynanın və müstəqil siyasi-iqtisadi kurs tərəfdarı olan Azərbaycanın yenidən Moskvanın iqtisadi təsirinə düşmək üçün birgə addımlar atması olmuşdu.

Azərbaycan prezidenti İlham Əliyevin Ukraynaya Vilnüs sammiti ərəfəsi - ötən ilin noyabr ayının 17-də etdiyi səfərdə də əsas məqsədin bu iki ölkənin Rusiyanın təsir dairəsinə qayıtmamaq, Gömrük İttifaqına üzv olmamaq üçün birgə addımları müəyyənləşdirmək məqsədi güdürdü.

Ukraynanın Avropa Birliyinə assosiativ üzvlükdən imtinaya məcbur edilməsi Kremlin MDB dövlətlərini keçmiş SSRİ-nin yeni modeli olan Gömrük və Avrasiya Birliyinə sürükləmək istəyini artırdı. Ukraynanın “ağ bayraq” qaldırması təbii ki, Rusiyanın iştahasını daha da artırmışdı. Xüsusilə Kremlə yaxın Rusiya mətbuatı Ukraynanın Gömrük İttifaqına daxil olduqdan sonra Azərbaycanın da bu quruma üzv olmağa məcbur ediləcəyi, hətta rəsmi Bakının buna razılaşmayacağı təqdirdə Qarabağda müharibə təhlükəsi ilə üzləşəcəyini yazırdılar. Rusiyanın Azərbaycanın şimal sərhədlərində separatizmi qızışdıra biləcəyi, hətta “DQR”i Gömrük İttifaqına üzvlüyə cəlb edəcəyi qədər avantürist planlarının olduğunu nəzərə aldıqda bu təhlükələr real görünürdü.

Amma heç kimin gözləmədiyi halda, Viktor Yanukoviçin Vilnüsdə Ukraynanı Moskvaya uduzması ilə barışmayan xalq küçələrə töküldü, Maydanda aylardır davam edən dirəniş başladı.

Kiyevdəki Maydan hərəkatı bu mərhələni 1988-1990-cı ildə qəhrəmanlıqla adlamış, qanlı 20 Yanvarda yüzdən çox şəhid vermiş Azərbaycan üçün də son dərəcə vacib idi. Maydan sanki 1988-ci ilin Azadlıq meydanını xatırladırdı. Soyuğa baxmayaraq, Maydan gecələr də boş qalmır, hamı orada dirəniş göstərənlərə imkanı çatan qədər dəstək verirdi. Avropa Birliyi, ABŞ Maydana maliyyə dəstəyini heç inkar da etmir, hətta Dövlət Departamentinin rəsmisi aksiyada peçenye də paylamışdı...

Hələ Kiyevin baş meydanında dirəniş yeni başlayanda belə bir sensasion məlumat almışdıq ki, Azərbaycan iqtidarı da Maydan hərəkatına müxtəlif kanallar vasitəsilə maddi yardım edir. Ukraynadakı mənbəmizin iddiasına görə, bu maddi yardımlar Maydanın büdcəsinə nəzarət edən “Batıkivşina” Partiyasına, daha dəqiqi “Yeddilər” adlandırılan maliyyə quruma məxfi şəkildə verilib. Qaynaq deyib ki, bu maddi yardım “Ukraynanın Azərbaycandakı dostları” adı altında ödənilib. “Amma verilən məbləğ kifayət qədər iri olduğundan bunun adi adamların ödəmədiyi aydın idi” deyə, mənbə sonda bildirib.
Qeyd edək ki, Maydanın maliyyəsinə Ukraynanın “Kredobank” bankının İdarə Heyətinin keçmiş rəhbəri, indi isə Ali Radanın maliyyə və bank komissiyasının sədrinin müavini olan Stepan Kubiv baxır. Kubiv bu günlərdə Ukrayna mətbuatına müsahibəsində deyib ki, Maydana təkcə ölkədən deyil, xaricdən də maddi dəstək gəlir. O, bu ölkələr sırasında Azərbaycanın adını çəkməsə də, Avropadan, Rusiyadan, Qazaxıstandan və Kanadadan maddi dəstək aldıqlarını etiraf edib. Rusiya prezidentinin köməkçisi Sergey Qlazyev “Kommersant” qəzetinə müsahibəsində isə iddia edib ki, “ABŞ mənbələri” Maydanın maliyyəsi üçün hər həftə 20 milyon dollar pul xərcləyir...

Proseslərin Azərbaycanı təsiri ilə bağlı təhlillər onu göstərir ki, Ukraynada başlayan dirəniş hərəkatının - politoloqlarından birinin təbiri ilə desək, “Adsız inqilab”ın onlarla qurbanı həm də Azərbaycanın gələcək taleyi üçün özlərini fəda ediblər. Bu qırğınlar rəsmi Bakını ən azı yaxın aylarda Rusiyanın təzyiqlərindən sığortalayıb. Bu baxımdan iqtidarın Maydana maddi dəstəyi ağlabatan görünür və əgər belə hal olubsa, alqışlanmalıdır.
Ötən yazılarımızda da qeyd etmişdik ki, Rusiya prezidentinin ciddi-cəhdlə Azərbaycanı da qoşmaq istədiyi Gömrük İttifaqı artıq qana bulaşıb və ağlı başında olan iqtidar indən sonra öz ölkəsini bu quruma üzv etməyi düşünməz. İkinci bir tərəfdən, Rusiyanın bir neçə gün əvvələdək dəstək verdiyi Yanukoviçi odun içərisə atıb arxasından qaçması da Moskvanın boyunduruğuna girmək istəyən iqtidarlar üçün həm də bir daha düşünmək üçün test oldu
Rəsmi Bakı Ukraynadakı hadisələrlə bağlı mövqeyini bildirməyə tələsmir. Susmaq isə həmişə razılıq əlaməti deyil...
  • Yazılıb
  • da (də) 2014 Feb 24