“İsmayıllı məhkəməsi”ndə prokuror müttəhimlərə cəza istədi; prosesdə qalmaqal düşdü; hakim Müsavat rəhbərliyini məhkəmə prosesindən çıxartdı...
aat 13.05
ittihamçı Fuad Musayev "İsmayıllı işi" üzrə mühakimə olunanlara ağır cəzalar istəyib.
Belə ki, Müsavat başqanının müavini Tofiq Yaqubluya 7, REAL hərəkatının lideri İlqar Məmmədova 8, iş üzrə mühakimə olunan Səftər Ağamalıoğluna 9, digər təqsirləndirilənlərə də 6 il cəza tələb edib.
Bu qədər ağır cəza tələbi proses iştirakçılarında kəskin etiraz doğurub.
****
İsmayıllı hadisələri ilə bağlı Şəkidə keçirilən məhkəmə prosesi maraqlı başlayıb.
Musavat.com-un məhkəmədə iştirak edən müxbiri xəbər verir ki, prosesə start verilən kimi hakim Rəşid Hüseynov 892 nəfər İsmayıllı rayon sakininin prezidentə ünvanladığı müraciəti oxuyub.
Müraciətdə prezidentdən xahiş olunur ki, bu işlə bağlı həbs edilənlərin azadlığa çıxmasına şərait yaratsın.
Musavat.com-un müxbiri qeyd edir ki, müraciətdə hazırda həbs olunanların belə bir cinayət əməli törətməsinə inanmadıqları vurğulanır, lakin prezidentdən xahiş olunur ki, hətta belə bir cinayət törədilibsə də, məhkum olunan gəncləri əfv etsin.
Daha sonra proses davam edib və dövlət ittihamçısı Fuad Musayev çıxışa başlayıb. O, ittiham aktını oxuduqca, məhkum olunan şəxslər orada səsləndirilən iddialara reaksiya veriblər.
Tofiq Yaqublu, İlqar Məmmədov və digər təqsirləndirilən şəxslər ittiham aktındakı əksər iddialara əsəbi reaksiyalar sərgiləyiblər. İş üzrə təqsirləndirilən Elşən Qurbanov isə üsyan püskürüb.
O, əsəbi şəkildə bəyanat verib: "Bəsdir, yetər. Üzümə adam qoyub, məni etmədiyim cinayətlərə görə məhkum etmək istəyirsiniz. Mənsə sizə deyirəm, ya məni içəridə öldürün, ya da mən çıxıb, sizlərə göstərəcəm, əsil cinayətkar necə olur..."
Hakim prosesi yarıda kəsərək, məhkəmə nəzarətçilərindən tələb edib ki, onu zaldan çıxartsınlar. Bu zaman Elşən Qurbanov daha da əsəbiləşib və "...yaxın gəlsəniz, özümü doğrayıb, qanımı üstünüzə tökəcəm", - deyib.
Proses dayanıb. Digər dustaqlar da etiraz ediblər.
Yekunda Elşən Qurbanov öz dustaq yoldaşlarının xahişləri ilə məhkəmə zalından çıxarılması ilə razılaşıb.
Lakin məhkəmədə yeganə gərginlik bu olmayıb.
Musavat.com-un məlumatına görə, Bakıdan Şəkiyə gedərək, prosesə qatılan siyasi liderlər də məhkəmə zalından çıxarılıblar.
Hakim Rəşid Hüseynov Müsavat Partiyasının başqanı İsa Qəmbər, partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, Ali Məclis sədri Arzu Səmədbəyli və Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyni məhkəmə salonundan çıxarıb.
Qalmaqala məhkəmə nəzarətçilərindən birinin Pənah Hüseyni təxribata çəkməyə cəhd etməsi səbəb olub. Nəzarətçi Pənah Hüseyni məhkəmə prosesi zamanı yatmaqda (!) günahlandırıb. Bu hal bir neçə dəfə təkrarlanıb.
Nəhayət, Pənah Hüseyn ayağa qalxaraq, məhkəmə nəzarətçisinin onu təxribata çəkməyə çalışdığını hakimə çatdırıb. Hakim isə yerindən danışdığı üçün Pənah Hüseyni zaldan çıxarıb.
İsa Qəmbər, Arif Hacılı və Arzu Səmədbəyli də Pənah Hüseynlə bağlı hadisəyə etirazlarını bildiriblər. İsa Qəmbərlə dövlət ittihamçısı Fuad Musayev arasında mübahisə də yaranıb.
Məhkəmə hakimi Azərbaycan prezidentinin səlahiyyətlərini icra etmiş, Milli Məclisinin keçmiş sədri olmuş və illərdir ki, Azərbaycanın ana müxalifət partiyasına liderlik edən İsa Qəmbərdən, eləcə də Arif Hacılıdan özlərini təqdim etmələrini tələb edib.
Bunun qarşılığında İsa Qəmbər hakimə öz etirazını bildirib, Arif Hacılı isə hakimə üzünü tutaraq, deyib: "Bizi tanımayan, özünü də tanımır".
İsa Qəmbər zalı tərk edərkən üzünü məhkəmə heyətinə tutaraq, uca səslə deyib: “Sizin kimi prokurorları da Ukraynadakı prokurorlar kimi mühakimə edəcəklər”.
Hakim Rəşid Hüseynov bundan sonra İsa Qəmbər, Arif Hacılı və Arzu Səmədbəylinin də məhkəmə prosesindən kənarlaşdırılması barədə qərar qəbul edib.
Məhkəmə hakimi prosesdə iştirak edən "Yeni Müsavat"ın baş redaktorunun birinci müavini Azər Ayxana və qəzetin əməkdaşları Nərgiz Yaqubluya və Günel Manaflıya da əsassız olaraq, xəbərdarlıq edib.
Müsavat başqanı İsa Qəmbər məhkəmə zalından çıxdıqdan sonra məhkəmə prosesində fasilə elan edilib.
***
09.58
Xəbər verildiyi kimi, Şəki rayon Məhkəməsində keçirilən "İsmayıllı prosesi" yekunlaşmaq üzrədir. Müttəhimlərə, o cümlədən, Müsavat başqanının müavini Tofiq Yaqubluya və ReAL hərəkatının lideri İlqar Məmmədova hökm oxunacağı gözlənilir.
Bu gün məhkəmənin növbəti iclası keçirilir. Məhkəmədə iştirak etmək üçün Bakıdan Şəkiyə bir qrup tanınmış siyasi xadim gedib. Onların arasında Müsavat Partiyasının başqanı İsa Qəmbər, AXP sədri Pənah Hüseyn, Müsavat rəhbərlərindən Arif Hacılı, Arzu Səmədbəyli, Gülağa Aslanlı, İkram İsrafil və "Yeni Müsavat" qəzetindən Azər Ayxan da var.
Qeyd edək ki, bu gün Müsavat başqanı İsa Qəmbərin doğum günüdür. O, 57 yaşını Şəkidə, Tofiq Yaqublunun məhkəməsində "qeyd etmək" qərarına gəlib.
Xatırladaq ki, T.Yaqublu və İlqar Məmmədova ötən ilin yanvarında İsmayıllıda baş verən iğtişaşlardan bir gün sonra bu rayonda olublar və onlara baş vermiş iğtişaşları təşkil etmək ittihamı irəli sürülüb. Adları çəkilən və çəkilməyən müttəhimlər bir ildən artıqdır ki, həbsdə saxlanılırlar.