Tarix : 2014 Mar 01
Kod 42130

AİP sədri Astarada həbs olan dindarlarla bağlı bəyanat verdi

Vəkil Anar Qasımlı fevralın 28-də Azərbaycan İslam Partiyasının həbsdə olan lideri Mövsüm Səmədovla görüşüb
İslamçı lider müalicə müəssisəsindən 11 saylı Cəzaçəkmə Müəssisəsinə qaytarılıb.
“Media forum”a danışan vəkil bildirib ki, partiya sədri Astarada həbs olunan dindarlarla bağlı bəyanat verib: “Mövsüm Səmədov Astaranın Ərçivan kənd sakinlərinin keçirdiyi aksiyaya görə bir sıra dindarların, o cümlədən İslam Partiyası Astara rayon komitəsinin sədri Famil Şükürovun saxlanmasını pisləyir. Ümid edir ki, tezliklə bu özbaşınalığa son qoyulacaq, saxlananlar azadlığa çıxacaq”.
Fevralın 17-də Astara rayonunun Ərçivan kənd sakinləri sosial şəbəkələrdə barələrində təhqiramiz ifadələr yayıldığını bildirərək aksiya keçiriblər. Aksiyaya görə həbslər olub. Bir neçə dindar və Azərbaycan İslam Partiyasının Astara rayon komitəsinin sədri Famil Şükürov da saxlananlar arasındadır.
Mövsüm Səmədov 2011-ci ilin yanvarından həbsdədir. O, hakimiyyəti zorla ələ keçirmə cəhdi və başqa ağır cinayətlərdə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum olunub. Bakıdakı 11 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan Mövsüm Səmədov fevralın 11-də Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin Müalicə Müəssisəsinə köçürülmüşdü. O, ümumi halsızlıq və böyrəyində yaranan ağrılardan əziyyət çəkir.
Qeyd edək ki, Azərbaycan İslam Partiyasının Astara rayon komitəsinin sədri Famil Şükürovun harada saxlandığı məlum olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə “Media forum” saytına bildirib ki, Famil Şükürovu polis saxlayıb, sonra rayon məhkəməsi onun barəsində inzibati həbs qərarı çıxarıb və hazırda Famil Şükürov Astara Rayon Polis Şöbəsində saxlanılır.
Astara Rayon Məhkəməsindən “Media forum”a bildirilib ki, Famil Şükürov haqqında 1 aylıq inzibati həbs qərarını hakim Mübariz Məmmədov fevralın 20-də çıxarıb.
Şükürov İnzibati Xətalar Məcəlləsinin 298.2-ci (qanunla müəyyən edilmiş qaydada təşkil edilməyən yığıncaq, mitinq, nümayiş, küçə yürüşü və ya piketdə iştirak etmək) maddəsi ilə təqsirli bilinib.
Fevralın 17-də Astara rayonunun Ərçivan kəndinin sakinləri sosial şəbəkələrdə təhqir olunduqlarını deyərək aksiya keçiriblər. Aksiyaya görə həbslər həyata keçirilib. Bir neçə dindar və Azərbaycan İslam Partiyasının Astara rayon şöbəsinin sədri Famil Şükürov da onların arasındadır.
  • Yazılıb
  • da (də) 2014 Mar 01