Onlara "Əbu Sufyan Azərbaycani" adlı radikal vəhhabinin rəhbərlik etdiyi xəbəri yayılıb
Azərbaycandan bir "batalyon" vəhhabi Suriyaya gedib. Bu barədə İraqda nəşr olunan "Əl-Əxbar" qəzeti məlumat yayıb. Qəzetin iddiasına görə, vəhhabi radikal dini qruplaşmanın üzvü olan həmin şəxslər Türkiyədən keçməklə, Suriyaya qədəm basıblar.
Məlumatda vurğulanır ki, Bəşər Əsəd ordusuna qarşı döyüşmək üçün bu ölkəyə gəlmiş azərbaycanlıların İŞİD-lə bağlı olan təşkilatların xətti ilə həmin imkanı əldə ediblər. Qəzet özünü "Əbu Sufyan Azərbaycani" kimi təqdim edən azərbaycanlılardan biri ilə danışmağa da imkan tapıb. Adı keçən şəxs Azərbaycanda minlərlə vəhhabinin Suriyada "şəhid" olmaq üçün "hazır olduğunu" deyib. O bildirib ki, Suriyaya gələn "batalyon" ikinci hazır qrupdur və bu qrupların sayı getdikcə artır. Həmçinin zaman içində onların döyüş bölgəsinə yola düşəcəklərini qeyd edib.
Qeyd edək ki, indiyə qədər Suriyada yüzlərlə azərbaycanlının döyüşdüyünə dair məlumatlar var idi. Onların sayının artacağı isə gözlənilən idi. Əsasən vəhhabilərdən ibarət olan bu dəstələr Suriyada döyüşməyi özlərinə "din borcu" bilməklə yanaşı, orada ölməyi isə "şəhidliyin ən yüksək zirvəsi" hesab edirlər./Faktxeber