Tarix : 2014 Mar 08
Kod 42194

Xanım Zeynəb(s.ə)-in mövludu qeyd olundu

İslaminsesi.az-ın verdiyi xəbərə görə, bu gün Bakının Badamdar qəsəbəsinin “Mövlana” hüseyniyyəsində AİP Qadınlar Şurasının təşəbbüsü ilə Xanım Zeynəb(s.ə)-nın mövludu qeyd olundu. Məclisdə xeyli sayda inanclı möminə xanımlar iştirak edib
Məclisdə xeyli sayda inanclı möminə xanımlar iştirak edib. Tədbir Quran-Kərimin “Cümə” surəsinin tilavəti ilə başladı. AİP Qadınlar Şurasının sədri Novrəstə İbrahimova Xanım Zeynəb(s.ə)-nın mövludu münasibətilə xanımları təbrik etdi. O, Xanımın(s.ə) ali-ruhani məqamına toxunaraq, cəmiyyətdəki nümunəvi ictimai fəaliyyətinin və mübariz xarakterinin bütün müsəlman qadınlara örnək olduğunu vurguladı. Novrəstə xanım həmçinin, xanımların şəri vacibatlara daha məsuliyyətlə yanaşmasının vacibliyini vurğuladı.
Daha sonra AİP Qadınlar Şurasının sədr müavini Fatimə Səlimova Həzrəti Zeynəb(s.ə)-in Kərbəlada baş verən müsibətlərə təmkin və mərdliklə yanaşdığını və düşmənin önündə zəiflik göstərməyərək böyük şücaət nümayiş etdirdiyini bildirdi.
Məclisdə iştirak edən ”Fatimə” jurnalının baş redaktoru Kəklik Heydərzadə isə çıxışında Xanım Zeynəb(s.ə)-i dünya xanımlarının zinəti adlandıraraq, müasir cəmiyyətimizdə Onun daha geniş təbliğ olunmasını arzuladı. Məclis ehsan süfrəsi ilə yekunlaşdı.
  • Yazılıb
  • da (də) 2014 Mar 08