B.Sadıqov kiməsə xoş gəlmək üçün yüzminlərlə insanın qəlbini sındırır, mənəvi sarsıntıya məruz qoyur?Görəsən, B.Sadıqov inanclı insanları incitdiyinin fərqinə varırımı?
Arannews- deputat Bəxtiyar Sadıqov “Dini etiqad Azadlığı, missionerlik fəaliyyəti və media” mövzusunda keçirilən konfransda çıxış edərkən, ksenofobik ifadələrə yol verib. Millət vəkili: “...Azərbaycan qadınının XXİ əsrdə hicaba qayıtması böyük səhvdir. Lakin keçirilmiş tədbirlər öz nəticəsini verib. Görürsünüz, bu zalda bir nəfər hicablı yoxdur. Bu, bizim uğurumuzdur. Bu, media vasitəsilə görülmüş işlərin nəticəsidir” – kimi ksenofobik fikirlər səsləndirib .
Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi bununla bağlı bəyanat qəbul etmişdir. Mərkəzin sədri Hacı İlqar İbrahimoğlunun yaydığı bəyanatda bildirilir: “Millət vəkili Bəxtiyar Sadıqovun “...zalda hicablı yoxdur”, “...bu, bizim uğurumuzdur”, “...hicaba qayıtmaq böyük səhvdir” kimi çıxışları aşkar ksenofobik səciyyəlidir. Məsələnin absurdluğu ondadır ki, millək vəkilliyinə iddialı insan, bu dözümsüzlük nümayişini dini etiqad azadlığına həsr edilmiş konfransda sərgiləyib (!). Bu azmış kimi, B.Sadıqov hicab məhdudiyyəti kontekstində “...keçirilmiş tədbirlər öz nəticəsini verib”, “...görülmüş işlərin nəticəsidir” kimi ifadələr işlətməklə, dövlət orqanlarını və hakimiyyətə aid medianı dini etiqad azadlığını məhdudlaşdırmağa yönəli məqsədyönlü, planlı, ardıcıl fəaliyyətdə suçlayıb. Halbuki, hakimiyyətin bütün eşelonlarında Azərbaycanda dini etiqad azadlığının tam təmin edilməsi, tolerantlıq ab-havasının qorunması hər zaman səsləndirilir və buna xüsusi vurğu edilir. İndi isə B.Sadıqovun çıxışından belə çıxır ki, dini etiqad azadlığının təmini ilə bağlı bütün iddialar qeyri-səmimidir?! B.Sadıqovun sözlərindən belə çıxır ki, yəni əslində dini etiqad azadlığını məhdudlaşdırmağa yönəli səsləndirilməyən planlı iş aparılır ?!
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təmsilçiləri ölkədə vicdan azadlığının təmini üçün görülən işlərdən hər zaman danışdığı halda, beynəlxalq qurumlar tərəfindən insan haqlarının pozulması barədə hesabatlar istər millət vəkilləri, istər hökumət nümayəndələri tərəfindən inkar edildiyi halda, hakimiyyət təmsilçiləri Azərbaycanda tolerantlıq ənənəsinin qorunmasını əldə bayraq etdikləri halda, B.Sadıqovun hicaba qarşı məqsədyönlü iş aparılması və bu işin nəticə verməsi barədə bəyanatları kimə və nəyə xidmət edir? Bu, tolerantlıqdırmı? Öz dindaşlarının hüququnu tanımayanların digər konfessiyalara dözümlülüyünün səmimiyyətinə kim inanar ?
B.Sadıqov nə istəyirdi – tolerantlıq siyasətinin pərdə xarakterli olduğunu, əslində dini etiqad azadlığının məhdudlaşdırılması ilə bağlı ardıcıl fəaliyyətin mövcudluğunu təsbitmi etmək? Belədirsə, bunu nə məqsədlə edirdi? B.Sadıqov fərqinə varırmı ki, bir sözü ilə müvafiq dövlət qurumlarının dini etiqad sahəsində görməyə çalışdığı işlərin üzərindən çalın-çarpaz xətt çəkərək, əslində vəziyyətin tam fərqli olduğunu iddia etdi ?
Ən acınacaqlısı budur ki, ziyalı bir insan, kiməsə xoş gəlmək üçün yüzminlərlə insanın qəlbini sındırır, mənəvi sarsıntıya məruz qoyur. Görəsən, B.Sadıqov inanclı insanları incitdiyinin fərqinə varırımı ?
Görəsən B.Sadıqov kimiləri düşünürmü ki, ölkədə sayı minlərlə olduğu deyilən, xaricdə yüzlərlə şəxsin muzdurluq etdiyi iddia edilən radikalların formalaşması, məhz bu cür ksenofobik, islamofobik çıxışlardan və əməllərdən qaynaqlanır? DEVAMM olaraq illərdir xəbərdarlıq edirdik ki, məmurların zaman-zaman azan qadağası, məscid dağıdılması, hicab məhdudiyyəti cəhdləri - radikalizmin inkişafı üçün ən münbit şəraitdir. İndi bunun bir gerçəklik olduğunu, artıq ölkədə radikal çetenin formalaşmasını hamı etiraf edir. Bəs bu yeni çıxışlar nədir ?
DEVAMM olaraq, nəzərə çatdırırıq ki, hələ heç bir dövlət rəsmisi B.Sadıqovun səsləndirdiklərinin onun şəxsi fikirləri olduğunu, dövlətin bu xətti dəstəkləmədiyini bəyan etməmişdir. Bunun nə demək olduğunu və dövlət-din münasibətləri baxımından hansı mənfi nəticələrə apara biləcəyini çoxları başa düşür
DEVAMM olaraq bir daha bəyan edirik ki, dini maarifçiliyin inkişafı, dini etiqad və vicdan azadlığının təmini – ölkədə sağlam ab-havanın bərqərar olunması, dövlətçiliyin möhkəmlənməsi üçün yeganə yoldur. Və bu prizmadan baxanda, irili-xırdalı bütün məmurlar öz çıxışlarına, hərəkətlərinə xüsusi diqqət etməli, əməllərinin gətirə biləcəyi nəticələrin məsuliyyətini daşıdıqlarının fərqinə varmalıdırlar. Unutmaq olmaz ki, Azərbaycan – bizim ümumi Vətənimizdir və vəhdəti pozmağa yönələn əməllər dövlətçiliyin zəifləməsinə xidmət edir”.