Arannews - Vətən uğrunda qəzetinin təsisçisi və baş redaktoru Rövşən Əhmədli fəaliyyət göstərdiyi ofisindən çıxarılıb
Bu barədə məlumatı virtualaz.org-a R.Əhmədli özü verib .
Baş redaktor hadisənin necə baş verdiyini də danışdı: “Yanvar ayının sonunda Milli Şuranın Koordinasiya Mərkəzinin iclası bizim ofisdə keçirildi. Fevralın 5-də növbəti toplantı da Salatın Əsgərova, 211 ünvanında yerləşən ofisimizdə oldu. Həmin gün Rüstəm İbrahimbəyovun 75 yaşı tamam olurdu. Bu münasibətlə iclasda təbrik səsləndirildi. Səhərisi gün ofisin sahibi müqavilə şərtini pozaraq bizdən oranı tərk etməyi tələb etdi. Mən də müqaviləyə əsasən bir ay öncədən rəsmi formada məlumat vermək şərtini xatırlatdım. Amma ofisin Muradxan adlı sahibi təkidlə çıxmağımızı tələb etdi. Mən bir il yarım müddətdə orda fəaliyyət göstərmişdim, amma heç kim bununla maraqlanmamışdı ”.
Baş redaktor buna görə məhkəməyə müraciət edib: “Fevralın 6-da ofisdən çıxarıldım, sonra ora qayıdanda gördüm ki, açarları dəyişiblər. Mənə əmlakımı ofisdən götürmək imkanı da vermədilər. O, mənə ofisi boş vermişdi, amma mənim orada külli miqdarda əmlakım var. Onları nə ediblər - bilmirəm. Mən də bununla əlaqədar sənədlərimi hazırlayıb məhkəməyə müraciət etdim. Mənə vaxt verilməli idi və bir ay ərzində əmlakımı çıxarmalı idim. Sahibi mənə deyə bilərdi ki, ofisi təmir edirəm, özüm yaşayacağam, yaxud başqa məqsədlə istifadə edəcəyəm. Səbəb nə olur olsun, heç səbəb göstərməyə də bilərdi. Amma 1 ay vaxt verməli idi ”.
Ofisdə Qarabağ haqda tədbirlər keçirdiyini deyən Rövşən Əhmədli ofisdən Milli Şuraya görə çıxarıldığını bildirdi: “Mən Qarabağ Uğrunda İslami Hərəkatın rəhbəri kimi Qarabağ Uğrunda Alyansa daxil idim və bu təşkilatların toplantıları da həmin ofisdə keçirilirdi. Qarabağla əlaqədar orada çoxlu tədbirlər keçirmişik, bunlar mətbuatda da yayımlanıb. Bu günə qədər gördüyümüz işlərin dövlətə faydası olub. Amma bu günə qədər olan fəaliyyətimizlə bağlı heç bir irad olmayıb. Amma bu dəfə nəsə aqressiv yanaşdılar. Təbii ki, heç kim demir ki, Milli Şuranın iclaslarına görə bizi çıxardılar. Amma görünən budur. Ofisdən çıxarılandan sonra qəzetimizi yayımlaya bilmirik ”.
Xatırladaq ki, Milli Şura toplantılarını Müsavat Partiyası qurumu tərk etməmişdən əvvəl adıçəkilən partiyanın qərargahında keçirirdi. Daha sonra isə AXCP-nin qərargahında keçirməyə başladı. AXCP-nin qərargahında baş verən partlayışdan sonra Milli Şuranın növbəti sessiyalarının harada keçiriləcəyi məlum deyil. Lakin növbəti iclasın Sülh və Demokratiya İnstitutunun ofisində baş tutacağı deyilir.