Arannews -Tanınmış jurnalist, Axar.az saytının baş redaktoru Anar Niftəliyevin Facebook yazışmalarını oxuyurlar. Bu barədə Niftəliyev sosial şəbəkədəki profilində status yazıb. Bildirib ki, bu barədə MTN-ə şikayət edəcək :
“Facebook profilimdə qurdalananın nəzərinə: çat yazışmalarımı kopi edib, kimlərəsə göstərməyindən narahat deyiləm, çünki bütün yazışmalarımı özüm dərc etməyə hazıram. Amma indi diqqət edirəm ki, yenə profilimə soxulursan. Artıq bu tendensiya halını alır... Səndən MTN-ə mütləq şikayət edəcəm. Ona görə yox ki, yazışmalarımı ələ keçirməyindən və onu dost-düşmən qarşısına qoymağından narahatam; ona görə ki, sən əxlaqsız adamsan, cinayətkarsan, yaramazsan və bu qədər təhlükəli bir adamın cəzasız qalması cəmiyyət üçün təhlükəlidir. Səni mütləq ifşa edib, cəmiyyətə tanıdacam. İnan ”
Məsələ ilə bağlı AzNews.az saytına açıqlama verən Anar Niftəliyev bildirib ki, Facebook profilinin parolunu sındıran şəxs onun şəxsi yazışmalarını Azərbaycanda fəaliyyət göstərən KİV rəhbərlərindən birinə təqdim edib: “Mənim yazışmalarımı kopi edib, dost baş redaktorlardan birinə təqdim ediblər. Hələlik heç bir ad açıqlamaq istəmirəm. Müəyyən araşdırmalardan sonra ictimaiyyətə ətraflı məlumat verəcəyəm ”.
AzNews.az-ın məlumatına görə, A.Niftəliyevin facebook profilini sındıran şəxs media rəhbərlərindən birinin tapşırığı ilə bu əməli həyata keçirib.