Tarix : 2014 Apr 07
Kod 42422

Ərazisi işğal altında olan xalqın daimi döyüş ruhiyyəsində tərbiyə olunmağı zəruridir

Müstəqilliyimizə yönələn təhdidlərə qarşı bir olmalıyıq

Arannews - Ötən il martın 31-də narkotik ittihamı ilə həbs olunmuş ilahiyyatçı Tale Bağırov “Yeni Müsavat”a yazı yollayıb .

Yazı Ukrayna ətrafında baş verən son olaylar, Krım məsələsi və Azərbaycanın bu proseslərdəki yerinə həsr olunub. Qeyd edək ki, T.Bağırov ötən il həbs olunaraq 2 il azadlıqdan məhrum edilib .

Yazını təqdim edirik :

1991- ci ildə müstəqilliyimizin bərpası şəhidlərimizin qanı hesabına baş verdi. Bu səbəbdən 70 illik əsarətdən sonra qan hesabına qazanılan müstəqilliyimizin qədrini bilib onu qorumaq hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur. Biz bu gün hakimiyyətdə olan rejimə qarşı müxalifik və onun ciddi problemləri vardır .

Hakimiyyət azad düşüncəli, müxalif mövqedə olan şəxslərə qarşı daim repressiya aparmaqdadır və bu gün zindanlarda yüzlərlə günahsız insanlar vardır. Buna baxmayaraq müstəqilliyimizə, dövlətin ərazi bütövlüyünə xaricdən təhdid olduqda bizim üçün müxalifət,iqtidar anlayışları olmamalıdır 

Bu səsləndirdiyim fikirlər təbii ki, təsadüfi deyil. Belə ki, Rusiyanın növbəti imperiya iddiaları Beynəlxalq Müqavilələri, hətta Ukraynanın ərazi bütövlüyünə təminat verən özünün imzaladığı Budapeşt Müqaviləsini kobud şəkildə pozaraq Krımı faktiki olaraq işğal edib öz ərazisi elan etməsi, dolayısı olaraq Azərbaycanın ərazi bütövlüyünə və dövlətçiliyinə təhdiddir. Abxaziya, Osetiya və Krımdan sonra Rusiyanın eyni davranışının davamı olacağını zənn etmək çətin deyil. Faktiki olaraq Rusiyanın vilayətinə çevrilmiş Ermənistan onu dəstəkləməsi eyni ssenarilərin Qarabağımızda da təkrarlanacağına ehtimalları artırır. Belə bir məqamda Azərbaycanda hakimiyyətdə olan iqtidarın BMT-də Ukraynanın ərazi bütövlüyü ilə bağlı qətnamənin lehinə səs verərək cəsarətli mövqe nümayiş etdirməsi xalqımız tərəfindən təqdir edilərək birmənalı olaraq dəstəklənməlidir. Bu səsvermədən sonra cəbhədə artan gərginlik dövlətçiliyimizə yönələn təhdidlərin real göstəricisidir .

Təbii ki, Azərbaycanın bu mövqeyi şimal qonşumuzun xoşuna gəlməmişdir. Danılmaz faktdır ki, 20-ci əsrdə Azərbaycan müsəlmanlarına qarşı törədilən bütün qətliamlarda Rusiyanın birbaşa və dolayı iştirakı olmuşdur. Tarixi səhvlərin təkrarlanmaması üçün bu təhdidlərə qarşı xalqımız həmrəylik nümayiş etdirməlidir. Ərazisi işğal altında olan xalqın daimi döyüş ruhiyyəsində tərbiyə olunmağı zəruridir. Zindandan bütün müsəlmanlara səslənirəm. Müstəqilliyimizə yönələn təhdidlərə qarşı bir olmalıyıq. Düşmənin böyük görünməsi bizi qorxutmamalıdır. Əksinə bizim müsəlman olaraq birliyimiz düşmən müqabilində az olsa belə qələbənin bizimlə olmağında şübhə olmamalıdır. Çünki Allah-Taala Quran-Kərimdə buyurmuşdur: “Neçə dəfə olub ki, az bir dəstə Allahın izni (iradəsi) ilə çox bir dəstəyə qalib gəlib! Allah səbir edənlərlədir!(Bəqərə surəsi 249-cu ayə (.

Torpaqlarımızı qaytarıb ərazi bütövlüyümüzü bu ruhiyyədə təmin edə bilərik.


  • Yazılıb
  • da (də) 2014 Apr 07