Bakı aeroportundan yoxa çıxan jurnalist türmədən tapıldı; Türkiyədən deportasiya olunan “Ayna-Zerkalo”nun əməkdaşı MTN-də saxlanılır
Bakı aeroportundan yoxa çıxan jurnalist türmədən tapıldı; Türkiyədən deportasiya olunan “Ayna-Zerkalo”nun əməkdaşı MTN-də saxlanılır.
Aprelin 19-da Türkiyədən deportasiya edilən “Ayna-Zerkalo” qəzetinin siyasi şərhçisi Rauf Mirqədirovun vəkili Fuad Ağayev musavat.com-a bildirib ki, ona Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi ilə cinayət işi başlanılıb. R.Mirqədirov hüquqlarının F.Ağayev tərəfindən müdafiə olunmasını istəyib.
“Maddə 274. Dövlətə xəyanət. Dövlətə xəyanət, yəni Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə - əmlakı müsadirə olunmaqla və ya olunmamaqla on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.
“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev R.Mirqədirovun Azərbaycan dövlətinin maraqlarına zidd hər hansı hərəkətə yol verdiyinə inanmadığını söylədi: “Rauf Mirqədirov son vaxtlar da Azərbaycan hakimiyyəti və Ərdoğanla bağlı tənqidi məqalələr yazırdı. Hesab edirəm ki, Rauf Mirqədirovla bağlı Ərdoğanla Azərbaycan hakimiyyətinin mövqeləri üst-üstə düşüb və belə bir tədbir görülüb.
Deyilənlərə görə, R. Mirqədirov bir neçə ay öncə - bu ilin əvvəllərində Ermənistanda səfərdə olub. Qaynaq bildirir ki, bu, Rusiyanın hansısa fondunun təşkil etdiyi konfrans idi və Mirqədirov oraya Gürcüstan üzərindən gedib. Rauf Mirqədirov həmin səfərlərə gizli getməyib, bu, Azərbaycan və Türkiyə dövlətlərinin bilgisi daxilində olub. Onunla səfərdə AK Partiyə yaxın olan Uluslararası Strateji Araşdırma Kurumunun (USAK) təmsilçisi də iştirak edib. Mirqədirovun həmin konfransda ermənilərlə mübahisəsi də düşüb.
Mirqədirovu yaxından tanıyan Ankarada yaşayan jurnalist Zaur Bayramlı isə onu da deyib ki, R. Mirqədirov Türkiyədə daim maddi sıxıntılarla yaşayıb.
Mirqədirovun sonuncu yazısı aprelin 17-də “Dava-dava” oyunu, Hitler və Putin" başlığı ilə dərc olunub. Apreldə müəllifi olduğu “Milli təhlükəsizlik, həqiqət və azadlıq” yazısında Türkiyənin daxili siyasətindən bəhs edilir və ad çəkməsə də Ərdoğanın sosial şəbəkələri youtube-ni bağlaması israrı tənqid edilib.
Onun mart ayının 10-da yazdığı bir yazının sərlövhəsi də diqqətçəkəndir. “Rusiya ilə dostluğun sonucu - Vətənə xəyanət” başlıqlı yazıda Krımın işğalından sonra yaranmış vəziyyət Azərbaycan kontekstində təhlil olunur. Jurnalist yazısında Azərbaycanın balanslaşdırılmış siyasətini təqdir eləmir.
Onun ironik tərzdə yazdığı “Müxalifət üçün rekvium” yazısı da diqqət çəkir. Sitat: “Artıq Azərbaycanda rəsmi olaraq müxalifət yoxdur. Sən demə, fil qulağında yatmışıq. Demə, bir neçə ay öncə, keçən il oktyabrın 9-da müxalifəti öz əllərimizlə, daha doğrusu, seçkilərdə verdiyimiz və vermədiyimiz səslərlə dəfn eləmişik, üçünü, yeddisini və qırxını da çoxdan vermişik”.
Qey edək ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Bakı səfərində iki ölkə hakimiyyətləri arasında bəzi anlaşmaların olduğuna dair məlumatlar var. Həmin məlumatlarda iddia edilirdi ki, Ərdoğan nurçuların Azərbaycanda fəaliyyətinə son verilməsi müqabilində Azərbaycan hakimiyyətinin “qara siyahı”sında olanların da Türkiyədə “əl-qollarının” bağlanacağına vəd verib.