Şəxsən mən şübhə ilə yanaşıram ki, sizlər hicaba qadağaya etiraza görə həbs olunmuşların heç bir taxsırı olmadığını sadə formada aşkara çıxararaq, bəraət hökmü verəcəksiniz
Siyasi baxışlarına görə həbs olunmuş Azərbaycan Respublikası İslam Partiyasının üzvü Ruhulla Axundzadə Avropa Şurasının Bakı nümayəndəliyinə müraciət məktubu unvanlayıb. R.Axundzadə Avropa nümayəndələrinin ədalətsizliyə göz yummaqda, demokratik dəyərləri tapdalamaqda və şəxsi maraqlarını güdməkdə ittiham edib. məktubda deyilir:
"Sizlərin Bakıda nə işlə məşgul olduğunuz təkcə ağalarınıza verdiyiniz hesabatda öz əksini tapmaqdadır. Mən bu 3 il 3 ay müddətində nə Kürdəxanı istintaq təcridxanasında, nə məhkəmələrdə, nə də 15 saylı cəzaçəkmə müəssisəsində sizin bir nümayəndənizlə belə rastlaşmamışam. Hansı ki, mənim adım əksər insan hüquq və azadlıqları müdafiəçilərinin (QHT) sizlərə təqdim etdiyi siyasi məhbus və ya vicdan məhbusları siyahısında olmaqla və eləcə də Avropa İnsan hüquqları Məhkəməsinin (Strasburq) yaxın vaxtlarda baxacağı iş də sübut edir ki, sizlərin məqsədi Azərbaycan kimi post-sovet ölkələrini demokratiyaya doğru addımlatdırmaq deyil, ağalarınızın tapşırığı ilə ölkə daxilinə bu və ya başqa yöndə sirayət edib, ölkə hakimiyyətini fakt qarşısında qoymaqla özünüzdən, ağalarınızdan asılı etməkdir. Sizlərə heç də Azərbaycandakı korrupsiya, rüşvətxorluq, məmur özbaşınalığı, qanunların işləməməsi məhkəmələrin sifarişlə hökm çıxarması, işgəncə altında dindirmələr və digər neqativ hallar maraqlı deyil. Bunu özünüz də ayrı-ayrı vaxtlarda dolayısı ilə etiraf etmisiniz. Bütün söylədiklərimi və ya qeyd etmədiklərimi, lakin özünüz də yaxşı bildiklərinizi ona görə sizlərə anlatmağa çalışıram ki, yaxşıya doğru dəyişəsiniz. Yəni xislətinizi 180 dərəcə döndərəsiniz. Birinci ona görə bunları yazıram ki, həm siz, həm də bütün dünya bilsin ki, biz heç də düşündüyünüz kimi sadəlövh deyilik. Kimin kim olduğu bizlərə məlumdur. İkincisi də prosedur qaydasına görə, Azərbaycan məhkəmələrinin hökmündən Avropa İnsan Haqları Məhkəməsinə müraciət edildiyindən bizim vəkillərimiz də şikayətləri Strasburqa məlum instansiyaya təqdim ediblər. Onlar, yəni avropalı hakimləri isə əksər hallarda islamçıları terrorçu, qaniçən, insanlıqdan çıxmış dəstə, yəni Amerikanın Fransanın yetişdirdiyi terrorçu, uşaq, qoca, qadın qanına susayanlar kimi tanımaqdadırlar. Lakin yaxşı bilirsiniz ki, bizlər nəinki insana, hətta günahı olmayan, ziyan verməyən heyvana belə təcavüzü Allah Təalanın hökmü-fərmanının əksi bilirik.
Şəxsən mən şübhə ilə yanaşıram ki, sizlər hicaba qadağaya etiraza görə həbs olunmuşların heç bir taxsırı olmadığını sadə formada aşkara çıxararaq, bəraət hökmü verəcəksiniz. Bu sizlərin xisləti, xarakteridir. Çunki Ştrasser Azərbaycandakı siyasi durum və eləcə də siyasi dustaqların siyahısını təqdim etdikdi AŞPA üzvlərinin (əsasən İspaniya İtaliya, Rusiya və Türkiyə nümayəndələrinin hamısı) onun əksinə səs verməsi və bunun əsl səbəbinin bu günə kimi aşkara çıxarılmaması nə qədər demokratik olduğunuzu və biz müsəlmanlara olan əsl xislətinizi bəyan etdi.
BMT-nin 4 qətnaməsi olmasına baxmayaraq, Rusiya, Amerika və Fransa ATƏT tərkibində bu günə kimi, yəni 20 illik vaxt kəsiyində Qarabağın əsl sahiblərini qaçqın, köçkün vəziyyətində qoymaqla ermənilərin himayəçilərinə çevriliblər. İrəvanı, Göyçəni, Zəngəzuru, Borçalını, dəmir qapı Dərbəndi unutduran siyasətiniz davam etməkdədir.
Lakin yaddan çıxartmayın, indi nə 18, nə də 19-20-ci əsr deyil. İndi 21-ci əsrdir və dünyanın sülh və azadlıqsevər xalqları oyanıb, elə Avropa xalqları da daxil olmaqla ağalarınızın rejimlərini çökdürməkdədir. Məsləhət bilirəm ki, millətindən asılı olmayaraq fransız, alman, rus, ispan, italyan, polyak, türk, ingilis, isveç, slavyan xalqlarının əsl ziyalı, demokrat, dini kəsiminə qoşulun və dünyada sülhsevər, əsl demokrat olun!"