Sabiq vitse-admiral Şahin Sultanovun qandallanması, Müdafiə Nazirliyinin Elmi Tədqiqat Mərkəzinin sabiq rəhbəri, seysmoloq Elçin Xəlilovun həbsindən sonra Əbiyevin də həbsinə əsaslar yaradılacağı bildirilir
Sabiq müdafiə naziri Səfər Əbiyev ətrafında halqa daralır. Keçmiş nazirin kadrları, ona yaxın generalların həbsinə hazırlıq getməsi barədə iddialar belə mülahizələrə əsas yaradıb. İddia olunur ki, S.Əbiyev tamamilə “tərk-isilah” edilir, taqətsiz hala salınır və onun özünün də dəmir barmaqlıqlar arasına göndərilməsinə cığır açılır.
Sabiq vitse-admiral Şahin Sultanovun qandallanması, Müdafiə Nazirliyinin Elmi Tədqiqat Mərkəzinin sabiq rəhbəri, seysmoloq Elçin Xəlilovun həbsindən sonra Əbiyevin də həbsinə əsaslar yaradılacağı bildirilir.
Ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov isə bu həbslərin S.Əbiyevlə əlaqəsinin olduğunu düşünmür. Onun sözlərinə görə, istintaq getdiyi müddətdə müttəhimlərin söylədiyi fikirlər S.Əbiyevlə bağlı hansısa prosesin başlanmasına rəvac verə bilər: “Lakin indiki mərhələdə Əbiyevin həbsinə hazırlıq getdiyini iddia etmək düzgün mülahizə olmaz.
Bu halda mətbuatı da çaşdırmış olarıq. Çünki Mahmud Həziyev çoxdan ordu sıralarından tərxis edilib. Çingiz Şəfiyev Silahlı Qüvvələrin Akademiyasında pedaqoji fəaliyyətlə məşğuldur, general rütbəsi aşağı salınıb, polkovnikdir. Çingiz Şəfiyevin Səfər Əbiyevlə heç bir əlaqəsi yoxdur. Söhbət Hərbi Dəniz Qüvvələrində baş verən faktlardan gedir ki, onları da bir-bir həbs edirlər".
Ü.Cəfərov deyir ki, E.Xəlilovun həbsinin arxasında S.Əbiyev faktoru yox, mənimsəmə halları dayanır: “Məsələnin bu şəkildə təqdimatına təəssüf edirəm. Şahin Sultanov, Yunus Məmmədov, Qasım Quliyevlə bağlı iş gedir. Elçin Xəlilov isə hərbi hissə komandiri olub.
Elçin Xəlilov məxfi tapşırıqlar yerinə yetirib. Dövlət ona böyük maliyyə vəsaiti ayırıb. Amma maliyyə vəsaitlərinin xərclənməsində vəzifə səlahiyyətindən sui-istifadə edib. Qarşıdakı günlərdə onun həbsinə dair başqa faktlar ortaya çıxacaq.
Ona görə də mən indiki mərhələdə Səfər Əbiyevlə bağlı bir plan görmürəm. Yaxın 2-3 ayda hər şey bilinəcək, tutulanlar istintaqın gedişində bir fakt açıqlasalar, onda fikir yürütmək olar. Hazırda əsas məsələ budur ki, Hərbi Dəniz Qüvvələrinə heç bir təyinat olmayıb. İkinci dərəcəli kapitanın ümidinə qalıb. Təyinatı bu qədər uzatmaq olmaz".
Ü.Cəfərov əlavə etdi ki, onun çıxışına görə Ş.Sultanovun vəkili Baş Prokurorluğa şikayət etməyə hazırlaşır: “Guya mən Şahin Sultanovu vətənə xəyanətdə ittiham etmişəm. Belə olmayıb. Görünür, vəkil Adəm Məmmədovun bu ilk böyük işidir və yaxşı qonorar təklif edilib. Ona görə belə canfəşanlıq göstərir. Mən demişəm ki, müəyyən informasiyaları başqa dairələrə ötürürlər”.
Vəkil isə deyib ki, Ü.Cəfərov mətbuata açıqlama verərək müdafiə etdiyi şəxsi dövlət sirlərini Rusiyaya ötürməkdə, yəni dövlətə xəyanətdə ittiham edib.
Müdafiə Nazirliyinin mətbuat xidməti də səslənən iddialara münasibət bildirib. Nazirlikdən bildirilib ki, Mahmud Həmzəyev ordu sıralarından artıq ehtiyata buraxılıb. Çingiz Şəfiyev isə xidmətdədir. Bu şəxslərin istintaqa çağırılması, yaxud belə bir istəyin olması kimi proses yoxdur. Nazirlikdən publika.az-a deyilib ki, S.Əbiyev və onun dövründə işləmiş zabitlərlə bağlı hər hansı istintaq aparılmır: “Kimsə həbs ediləndə siz də biləcəksiniz, biz də. Hazırda belə bir şey yoxdur”.
E.SALAMOĞLU