Tarix : 2014 Apr 29
Kod 42679

Bakida II Qlobal Açıq Cəmiyyətlər Forumu başladı; dünyanın tanınmış dövlət və siyasət adamları ən aktual problemlərdən danışdı

“Ən güclü nüvə silahları ABŞ və Rusiyadadır. Beynəlxalq quruluş, beynəlxalq vəziyyət ABŞ və Rusiyanın riskli addımlar atmasından çox asılıdır”
Aprelin 28-də Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkilatçılığı, Dünya Elmlər və Mədəniyyət Akademiyası, BMT, İsgəndəriyyə Kitabxanası və digər təşkilatların birgə əməkdaşlığı çərçivəsində iki gün davam edəcək II Qlobal Açıq Cəmiyyətlər Forumu başlayıb.
57 ölkədən 200-dək nüfuzlu ictimai-siyasi xadim, rəsmi şəxs, ekspert və elm adamının qatıldığı (dəvət olunanlar arasında 32 ölkənin sabiq dövlət və hökumət başçısı da var-E.P.) forumun açılışında prezident İlham Əliyev iştirak və çıxış edib. "AzərTAc"ın yaydığı məlumata görə, ölkə başçısı forumda iştirak məqsədilə ölkəmizə gəlmiş Belçika Krallığının keçmiş Baş naziri İv Letermi, Ukraynanın Sabiq prezidenti Viktor Yuşşenkonu, Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilini qəbul edib.

Forumu isə Misirin İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin açıb. Prezidentin çıxışından sonra Finlandiyanın keçmiş prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin və Madrid Klubunun üzvü xanım Tarya Halonen, Latviyanın sabiq prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri və Madrid Klubunun prezidenti xanım Vayra Vike-Freyberqa çıxış edib.

Tədbirdə Latviyanın sabiq prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri və Madrid Klubunun vitse-prezidenti Vayra Vike-Frayberqa, İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldin, Bolqarıstan, Serbiya, Rumıniya, Moldova, İsrail və digər ölkələrin sabiq dövlət və hökumət rəhbərləri iştirak edir.

Forumun gündəliyində açıq cəmiyyətlərin əhatə dairəsi və əsasları, iqtisadi dayaqları, mürəkkəb situasiyalarda münaqişələrin həlli üsulu, davamlı inkişaf prosesinin təmin edilməsi üçün multiidarəetmə və institusional çərçivəyə olan ehtiyac və digər mühüm məsələlərin müzakirəsi daxil edilib. Müzakirələrdə daxili iqtisadi artım siyasəti ilə əməli iş, yüksək keyfiyyətli təhsil və digər sosial xidmətlər üçün bərabər imkanların yaradılması, qadınların cəmiyyətdə rolunun gücləndirilməsi kimi məsələlərə xüsusi diqqət ayrılması nəzərdə tutulurdu.

Tədbirin jurnalistlər üçün açıq olan hissəsində çıxış edən Şri-Lankarının sabiq prezidenti, Madrid klubunun üzvü Çandrika Bandaranaike Kumaratunga maraqlı məqamlara toxundu: “Açıq cəmiyyətin olmaması inqilab, qarşıdurmaya gətirib çıxarır. Bu faktlar nəzərə alınmasa inkişaf dayanıqlı olmaz. O regionlarda inkişaf istənilən səviyyədə olmaz. Biz çalışmalıyıq ki, münaqişələr azaldılsın. Ancaq bunlar azalmaq əvəzinə təəccüblü şəkildə çoxalır. İqtisadi inkişafın özü durumu tam dəyişməyəcək. İqtisadi inkişafın faydalarından cəmiyyət bərabər şəkildə bəhrələnməsə ciddi dəyişiklik olmayacaq. Hindistanda 100 milyonlarla insan yoxsulluq həddindən də aşağı yaşayır. Bəlkə də bu, onunla bağlıdır ki, hökumətlər müəyyən səbəblərə görə nəzərə almır ki, bütün qruplar bu inkişafdan bəhrələnsin”. Daha sonra o, mesajlar verdi: “O ölkələrdə ki, ciddi problemlər yaşanır, bunun səbəbi müəyyən qrupların təcrid olunmasıdır. Onlar diqqətdən kənarda qalır. Biz o qrupları nəzərdən keçirməliyik, ona görə siyasi irad çox vacibdir. Vacibdir ki, onlar fəal şəkildə enklüzivlik ehtiyaclarını nəzərə almalı, açıq cəmiyyətləri nəzərdən keçirməlidir”.

Çıxış edən Yunanıstan təmsilçisi isə dedi ki, Azərbaycan Xəzərdə suyun durulaşdırılması məsələsi ilə bağlı daha çox tədbir görsəydi, bu, daha məqbul olardı: “Həmçinin Ermənistan tərəfindən zəbt olunmuş torpaqlardakı qurbanların sayının müəyyən olunması və açıqlanması da yaxşı hal olardı. Ermənistan və Azərbaycan arasında hər iki tərəfin müəyyən etiraflar etməsi bir-birinə doğru addımların atılmasına zəmin yaradardı. Biz hətta Sovet İttifaqı dağılmazdan öncə buna nail olmaq üçün çalışdıq. Bu məsələlərin həllində Azərbaycana yardım etməliyik”.

Norveç QHT-sinin təmsilçisi isə dövlət təhsilindəki çatışmazlıqları aradan qaldırmağa çağırdı. Dedi ki, özəl və dövlət təhsilinə münasibət eyni olmalıdır. Təhsil naziri Mikayıl Cabbarov təhsillə bağlı fikirlərə münasibətini açıqladı.

İsrailin keçmiş baş naziri Ehud Barak əvvəlcə doğulduğu məkan haqqında məlumat verdi, olduqca kasıb vəziyyətdə yaşayan, auditoriyanın səhnəsindən belə dar yerdə yaşayan valideynləri barədə danışdı. “Mənim 3 qızım var. Mən qadınların hüquqlarının daha çox təşviq edilməsinin carçısıyam” deyə, bildirdi. Finlandiyanın sabiq prezidenti Tarja Haloen ölkəsinin keçdiyi ağır müharibə illərindən bəhs etdi. Cənubi Afrikadan gəlmiş iştirakçı - Botsvananın eks-prezidenti Festus Mogac dedi ki, qadınlar və kişilər arasında hüquq bərabərliyini təmin etmək əsas məqsədi olub. Prezidentliyi dövründə 1 qadının baş prokuror, 3 qadının isə hakim təyin olunduğunu bildirdi. Buşmenlərlə bağlı danışan eks-prezident dedi ki, vaxtilə bütün qruplar Britaniya tərəfindən “buşmen” adlandırılırdı. F.Mogaç dedi ki, onun ölkəsi dünyada ən yoxsul 20 ölkədən biri idi: “Biz düşündük ki, ilkin təhsil və səhiyyə çox önəmlidir və səhiyyə mümkün qədər pulsuz olmalıdır. Biz bütün icmaları birləşdirməyə çalışdıq, icmalar arasında yollar çəkdik, əlaqələr yaratdıq və məqsədimizi cəmiyyətə izah etdik. Buşmenlərin əksəriyyəti bunu qəbul etsə də, 10 faizə qədəri yeni siyasəti qəbul etmədi. Onlar ibtidai həyat tərzi sürürlər və 3 min il ərzində bu həyat tərzini davam etdirirlər. Bir çox insanlar onları brakonyerlik kimi qəbul edirdilər. Lakin biz onların uşaqlarına peyvənd vurmağa və məktəbə qəbul etməyə çalışdıq, bu da ziddiyyətlər doğurdu. Hətta bu gün Britaniyada bir çox QHT-lər hesab edir ki, onların həyatına müdaxilə düzgün deyil".

Azərbaycan təmsilçisi, iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova Dağlıq Qarabağ münaqişəsinin mənfi təsirləri barədə danışdı: “Biz müharibənin və qaçqınlığın bizim iqtisadi vəziyyətə mənfi təsirini görmüşük”. Nazir müavini “Azərbaycanda niyə görə rəngli inqilablar baş verməyib” sualına cavabında dedi ki, biz ölkədə sürətli iqtisadi artıma nail olmuşuq və bundan sonra dayanıqlı artıma nail olunub.

Moldovanın sabiq prezidenti Petru Luçinski Avropaya vizasız gediş-gəlişin önəmindən danışdı: “Bu gündən Moldova vətəndaşları Avropaya vizasız gedib-gəlmək hüququ qazandı. Bu gün bir təyyarə insan Yunanıstana uçdu”. O bildirdi ki, bir müddət sonra dünyada 800 milyon əhali pensiyaçı olacaq: “Yaponiyada pensiyaçıların 75 faizi işə gedir. Yeni normalar yaradılmalıdır ki, pensiyaçılar istənilən yerdə - səhiyyə, təhsil sistemində işləsinlər.

Biz bunu etməsək problem getdikcə kəskinləşəcək. Bu, sosial partlayışa gətirib çıxara bilər. Sonuncu hadisələr göstərir ki, dünya hər gün dəyişə bilər, özü də pis tərəfə”. Natiq dedi ki, bu gün ərazi bütövlüyü və suverenlik önəmli məsələ olmalıdır: “Bir neçə dəfə ərazi bütövlüyü və öz müqəddəratını təyin etmə müddəaları dəyişikliyə məruz qalıb və hazırda bu prinsiplər bərabər tutulur. Ona görə də BMT təcili olaraq bu məsələlərə müdaxilə etməlidir. Əks təqdirdə, Butros Qali demişkən, bizim yüzlərlə dövlətlərimiz olacaq və onlar bir-biri ilə müharibə edəcək”.

Liviyadan gəlmiş xanım nümayəndə isə söz alıb Qərbi riyakarlıqda suçladı: “Biz 40 il diktator rejimləri altında yaşamışıq. Onlar Qərbin tərəfindən dəstəklənirdi. Ona görə də biz dialoqumuzda səmimi olmalıyıq. Ancaq burada da fərqli yanaşma görürük. Əks təqdirdə, bu, riyakarlıqdır.

Biz deyirik podiumda gəncləri və qadınları yerləşdirin. Ancaq burada bir xanım əyləşib. Dünya kişilər tərəfindən idarə olunur".

Tədbirdə iştirak edən Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin də maraqlı çıxışı ilə diqqət çəkib. “Hamı etiraf etməlidir ki, Qafqazda sülhə və sabitliyə ən böyük təhlükə Dağlıq Qarabağ münaqişəsidir”-deyən, diplomat Azərbaycanın Dağlıq Qarabağ və 7 ətraf rayonunun Ermənistan tərəfindən işğal olunduğunu xatırladıb. H.Çətin erməni təcavüzü nəticəsində bir milyondan çox insanı yurd-yuvasından didərgin düşdüyünü vurğulayıb: “ATƏT-in Minsk Qrupu 20 ildən artıqdır ki, münaqişənin həlli ilə bağlı fəaliyyət göstərsə də, bunun nəticəsi yoxdur. Münaqişənin həlli üçün konkret addımların atılmasının vaxtı çatıb. İlk öncə Ermənistan ətraf 5-6 rayondan öz qoşunlarını çıxarmalıdır. Bu, münaqişənin həlli və regionda sabitliyin bərpası üçün vacibdir”.

H.Çətin bildirib ki, mövcud durum daim belə qala bilməz: “Ermənistan liderlərinə üzümü tutaraq demək istəyirəm ki, onlar bu barədə bir daha düşünsünlər. Məlum olduğu kimi, hazırda Ermənistanda sosial-iqtisadi sahədə vəziyyət çox pisdir”. Sabiq nazirin sözlərinə görə, Ermənistan Azərbaycanla birgə regionda bir çox layihələrin, xüsusilə enerji layihələrinin həyata keçirilməsində iştirak edə bilər: “Bunun üçün Ermənistan Azərbaycan torpaqlarının işğalına son qoymalıdır. Bu, əməkdaşlığın başlanğıcı ola bilər”

“Ən güclü nüvə silahları ABŞ və Rusiyadadır. Beynəlxalq quruluş, beynəlxalq vəziyyət ABŞ və Rusiyanın riskli addımlar atmasından çox asılıdır”. Bunu Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov deyib. (APA) Nazir müavini qeyd edib ki, Ukraynadakı vəziyyətlə bağlı ABŞ-Rusiya əməkdaşlığı və əlaqələri imtahandan keçir: “Hər iki tərəf çalışır ki, diplomatik üsullarla vəziyyətdən çıxış yolu tapsın. Eyni zamanda müzakirələr getdiyi, Cenevrə toplantısında sənəd qəbul edildiyi halda, ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq etməklə məşğuldur”.

Rusiya və ABŞ arasında soyuq münasibətlərin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına təsiri barədə danışan A. Əzimov deyib ki, bu iki dövlət beynəlxalq aləmdə əlaqələrin hansısa mərhələdə soyuması halında belə, əsas oyunçulardır: “Beləliklə, burada söhbət əlaqələrin pisləşməsindən yox, əsrlər boyu formalaşan beynəlxalq vəziyyətin, ərazilərin, sistemin ciddi imtahandan keçməsindən gedə bilər. ABŞ və Rusiya keçmişdə də bu cür çətin vəziyyətlərdən keçiblər, ümid edirəm ki, bu halda da çıxış yolu tapılacaqlar. Amma Avropa, ABŞ və Rusiya Ukrayna ilə bağlı çox çətin vəziyyətlə üzləşib. İstəməzdim ki, bu məsələdən ATƏT-in Minsk Qrupu çərçivəsində gedən prosesdə də sui-istifadə edilsin, yaxud kimsə belə fikrə düşsün. Çünki proses sağlam əsaslar, beynəlxalq hüququn norma və prinsipləri əsasında qurulmalıdır”.

Fasilə zamanı Dövlət Komitəsinin sədri Nazim İbrahimov jurnalistlər üçün brifinq keçirib. KİV nümayəndələrinin suallarını cavablandırarkən dünyanın 50-dən çox ölkəsindən nüfuzlu dövlət xadiminin iştirak etdiyi forumun əhəmiyyətini xüsusi qeyd edən N.İbrahimov bildirib ki, ölkənin sürətli inkişafı, əhalinin sosial rifahının yüksəlməsi kimi amillər dünyanı narahat edən qlobal problemlərin məhz Bakı şəhərində müzakirə edilməsinin səbəbidir. “Azərbaycan prezidentinin forumda iştirak etməsi tədbirin ölkəmiz və dövlətimiz üçün nə qədər əhəmiyyətli olduğunu göstərir” deyə vurğulayan, komitə sədri bildirib ki, iki gün ərzində dünyanı narahat edən bir çox qlobal problemləri müzakirə olunacaq, onun həlli yolları axtarılacaq və gələcəkdə Azərbaycan Respublikası da bu işdə öz töhfəsini verəcək.

N.İbrahimov Azərbaycanın tanıdılması istiqamətində forumun əhəmiyyətini xüsusi vurğuladı: “Buraya gələn insanlar öz ölkələrinə on illərlə rəhbərlik etmiş insanlardır, həmin ölkələrin bütün əhalisi tərəfindən seçilmiş, öz ölkələrində tanınan, sayılan, seçilən insanlardır. Həmin insanların buradan qayıdıb öz ölkələrində Azərbaycan, onun paytaxtı Bakı şəhəri haqqında, buradakı inkişaf barədə, Azərbaycanda yürüdülən siyasət haqqında dedikləri xoş fikirləri rəğbətlə qarşılanacaq. Bu da Azərbaycanın tanıdılması üçün çox mühüm hadisədir”. N.İbrahimov iki gün ərzində bir sıra problemlərlə yanaşı, müxtəlif regionlarda olan münaqişələrin müzakirə ediləcəyini vurğulayaraq qeyd etdi ki, ötənilki forumdan fərqli olaraq bu dəfə Azərbaycan nümayəndə heyətinin çıxışı da nəzərdə tutulub: “Biz istəyirik ki, gələn qonaqlarımıza Azərbaycanda gedən proseslər haqqında daha ətraflı məlumat verək və müzakirə edək. Azərbaycanın qarşılaşdığı Dağlıq Qarabağ problemini, Azərbaycanda qaçqınların və məcburi köçkünlərin acınacaqlı vəziyyətini, Azərbaycana qarşı olan ikili standart məsələsini bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırmağa nail olaq. Güman edirəm ki, bu forum bu işdə bizə çox yardımçı olacaq”.

Forum bu gün öz işini davam etdirəcək.

Elşad PAŞASOY



  • Yazılıb
  • da (də) 2014 Apr 29