Tarix : 2014 Apr 29
Kod 42685

Səlim Müslümov yeni tikiləcək evlərdən danışıb

Əmək və əhalinin sosial müdafiəsi naziri əlil və şəhid ailələrinin bəziləri üçün tikiləcək fərdi evlər haqda söhbət açıb

“Əlil və şəhid ailələrinin bəziləri üçün fərdi evlər tikiləcək”.Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov jurnalistlərə açıqlamasında deyib. Nazir bildirib ki, bunun üçün onlara torpaq sahələri ayrılacaq:

“Bakı, Sumqayıt, Xırdalan, Mingəçevir və Gəncə şəhərlərində kifayət qədər hündür mərtəbəli evlər tikilir. Belə evləri alıb növbədə dayanmış Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə mövcud növbəliliklə vermək bütün əlilləri bir yerə yığıb bir binada yerləşdirməkdən rahatdır. Çünki əlillərin cəmiyyətə inteqrasiyasını həyata keçirmək lazımdır. Bu baxımdan onların digər insanlar kimi yeni tikilən binalarda yaşamaları daha düzgündür. Ölkə başçısının bu sahədə tapşırığı olub. Qaldı ki, digər rayonlarda isə bütün əlilliyi olan şəxslərə və şəhid ailələrinə fərdi evlərin tikintisi həyata keçiriləcək. Bunun üçün onlara torpaq sahələri ayrılacaq", - deyə Səlim Müslümov bildirib.

Səlim Müslümov fərdi evlərin hansı formada inşa olunacağı ilə bağlı da məlumat verib:

“Rayon mərkəzində yaşayanlara elə mərkəzdə, kəndlərdə yaşayanlara isə kəndlərdə fərdi evlərin tikintisi həyata keçiriləcək. Ümumi qaydada hər bir fərdi evdə 2 yataq otağı, 1 qonaq otağı, 1 mətbəx və sanitar qovşağının olması nəzərdə tutulur. Fərdi evlərin kürsülü formada inşası planlaşdırlır”.
  • Yazılıb
  • da (də) 2014 Apr 29