Arannews - NİDA Vətəndaş Hərəkatının həbsdə olan 8 üzvünün aprelin 17-dən keçirdikləri aclıq aksiyası davam edir. Bu müddətdə hakimiyyət tərəfindən aksiyaya etinasız yanaşılması hər kəsi ciddi narahat edir.
Artıq həbsxanada aclıq aksiyası keçirən gənclərin aksiyanı dayandırmaları ilə bağlı onlara təzyiqlər edilməsi barədə xəbərlər yayılıb. Bütün bunlara aydınlıq gətirmək, gənclərin səhhəti ilə bağlı son durumu öyrənmək üçün onların yaxınları və vəkillə əlaqə saxladıq.
Vəkil Nemət Kərimli mayın 6-sı onlara artıq hökm oxunmasının gözlənildiyini bildirdi: “Sonuncu məhkəmədə hakimin özü də qeyd etdi ki, mayın 6-sı hökm oxuna bilər. Aclıq aksiyası isə hələ ki, davam edir. Dünən Şahinlə danışmışam. Səhhətləri, özlərinin dediyinə görə, normaldır”.
Rəşadət Axundovun həyat yoldaşı Türkan Hüseynova onunla sonuncu dəfə bu gün səhər danışdığını bildirdi: “İki gün öncə danışmışdım. Bu gün də Rəşadətin özü zəng vurdu. Həmişə özlərini yaxşı hiss etdiklərini və hələ də dözdüklərini bildirirlər. Amma bu müddət ərzində ac qalmaq hamımıza bəllidir ki, insana necə təsir edər. Sadəcə özləri biz narahat olmayaq deyə belə deyirlər. Görək axırı nə olacaq”.
Şahin Novruzlunun atası İbrahim Novruzlu isə iki gündür ki, oğlunun durumundan xəbərsiz olduğunu dedi: “İki gün bundan əvvələ qədər mütəmadi xəbər tuturdum. Dünən ordan-burdan əlaqə tutmağa çalışdım. Uşaqların ümumi vəziyyəti barədə soruşdum. Zaurun atası vəziyyətin normal olduğunu mənə dedi. Özüm onları sonuncu dəfə axırıncı məhkəmədə gördüm. Çox dəyişiblər. Əvvəlki gördüyüm uşaqlar deyil. Hədsiz dərəcədə arıqlayıblar. Rəngləri də solub. Hər danışandan 1 saat sonraya qədər rahat oluram. Düşünəndə ki, bu müddət ərzində acdılar, insanı dəhşət bürüməyə bilməz. Narahatçılıq hər zaman olur. Mənim görüş günüm 2-ci günə düşür. Həftədə bir dəfə gedirəm. Bu həftəki görüşüm məhkəmə gününə düşür. Məhkəməni gözləyirik. Artıq başqa yolumuz da qalmayıb”.
Zaur Qurbanlının atası Araz Qurbanlının sözlərinə görə, övladının səhhəti normaldır: “İki gün əvvəl görüşdüm. Az müddət olsa da, söhbət etdik. Heç nədən şikayətlənmədi. Zaur qan analizindən keçib. Hələ ki, onun nəticələrini deməyiblər. Aclıq aksiyasını dayandırmaq üçün onlara təzyiqlər edilmir”.
Xatırladaq ki, “NİDA”çı gənclər 1 ildən artıqdır ki, həbsdədirlər. Prokuror onlara üst-üstə 64 il iş istəyib. Onlar kütləvi iğtişaş təşkil etmə, qanunsuz yollarla silah, partlayıcı maddə və qurğular əldəetmə, saxlama, daşıma və gəzdirmədə ittiham olunurlar.