Tarix : 2014 May 18
Kod 42840

Rusiya təhlükəsi yenidən ortadadı

Qarabağ müharibəsi başlasa, Rusiya Azərbaycana soxulub Bakını ələ keçirməyə çalışacaq

Arannews  _   Qarabağ Azadlıq Təşkilatı “Qarabağ təbliğat turu” çərçivəsində Gürcüstan paytaxtında ilk görüşünü keçirib. Suxumi Dövlət Universitetinin “Azərbaycanın dostları klubu”nda baş tutan Dəyirmi Masada QAT sədri Akif Nağı, təşkilat üzvləri Sərvər Musayev və Fəxrəddin Səfərov, Gürcüstandakı Azərbaycan təşkilatlarının nümayəndələri Sabir Mehdiyev, Ələddin Qarabağlı, Binnət Səmədov və digərləri, həmçinin universitetin Qafqazşünas alimləri və konfliktlər üzrə mütəxəssisləri iştirak etdi. Bundan əlavə, tədbirə təkcə Gürcüstanın deyil, Qafqazın problemlərini araşdıran, bir sıra ölkələrdə, həmçinin Türkiyədə monoqrafiyalarla  çıxış edən alimlər də qatılmışdı.

Tədbiri giriş sözü ilə Suxumi Universitetinin xarici əlaqələr üzrə prorektoru İndira Dzaqaniya və QAT sədri Akif Nağı giriş nitqi ilə çıxış etdikdən və ilkin tanışlıqdan sonra müzakirələr başladı. Yeri gəlmişkən, Azərbaycanın Gürcüstandakı sabiq səfiri Namiq Əliyevin dəstəyi ilə yaradılan “Azərbaycanın dostları klubu”nda Azərbaycanın əzəmətli bayrağı, xəritəsi ilə yanaşı, Azərbaycan haqqında, Qarabağ həqiqətləri barədə kitablar toplanıb ki, bu da təhsil ocağındakı azərbaycanlı tələbələrə də əlavə stimul verir.

Tarix elmləri doktoru, professor Zurab Papskiri Qafqazdakı münaqişələr barədə danışarkən bildirdi ki, Universitetin tarixçiləri Abxaziya, Cənubi Osetiya və ümumiyyətlə, separatizm məsələləri ilə xüsusi məşğul olur. Natiq Rusiyanın Qafqaza yönəlik təhlükəsindən bəhs etdi: “Rusiya üçün Gürcüstan və Azərbaycansız Qafqaz yoxdur. Abxaziya müharibəsinin iştirakçılarından olan tarix doktoru, Suxumi Dövlət Universitetinin professoru, Tarix və Etnoqrafiya İnstitutunun direktoru Bejan Xorala da münaqişələr barədə maraqlı fikirlər səsləndirdi.

A.Nağı bildirdi ki, onun rəhbərlik etdiyi təşkilat Qarabağın azad olunması üçün müharibə tərəfdarıdır. “Bizim hökumət, prezidentimiz dəfələrlə bəyan edib ki, münaqişənin sülh yoluna üstünlük verir, amma təəssüf ki, bu danışıqlar heç bir fayda vermir. Odur ki, bizim torpaqları azad etməkdən ötrü digər vasitələrə əl atmaqdan başqa çıxış yolumuz qalmır”. Gürcü alimin “sizi bu mövqeyinizə görə terrorçu təşkilat elan etmirlərmi” sualının qarşısında QAT sədri ermənilərin törətdiyi dəhşətli hadisələr, Xocalı, Meşəli, Qaradağlı  soyqırımı haqqında ətraflı məlumat verdi və dedi ki, biz ermənilərə  erməni olduqlarına görə yox, tarix boyu Azərbaycan xalqına qarşı soyqırımı törətdiyinə görə nifrət edirik. Onun “Qarabağ hadisələrinə qədər Ermənistanda 200 min azərbaycanlı yaşayırdı” deməsi gürcülərin heyrətinə səbəb oldu. QAT sədri dedi ki, Dağlıq Qarabağda 50-60 min erməni yaşadığı halda onlara muxtariyyət verilmişdi. A.Nağı bildirdi ki, 2 gün sonra Laçının işğalının 22-ci ildönümünü qeyd edəcək.  O, 1993-cü ildə torpaqlarımızın işğalı ilə bağlı BMT TŞ-da qəbul olunan 4 qətnamənin indiyədək icra olunmadığını da xatırlatdı. Gürcü təmsilçilər bu qətnamələrdə Ermənistanın işğalçı dövlət kimi tanınmamasını təəccüblə vurğuladılar.

Görüşdə Gürcüstana qarşı 2008-ci ildə Rusiyanın həyata keçirtdiyi işğalçılıq faktından da danışıldı. Gürcü tarixçilər münaqişənin dinc yolla tənzimlənməsinə üstünlük verdiklərini bildirdilər. A.Nağı isə bildirdi ki, Qarabağın qaytarılmasının yolu hərbi əməliyyatlardan keçir: “Ondan sonra danışıqlar mərhələsi gəlir. Gürcüstan 2008-ci ildə səhvə yol vermədi, əksinə, Rusiyanın işğalçı olduğunu isbatlayan addım atdı. Müharibə ağır, riskli addımdır, ancaq bizim də başqa çıxış yolu da yoxdur. Artıq 21-ci ildir atəşkəs müqaviləsi imzalanıb, ancaq işğala son verilmir”.

Tarix doktoru Omar Ardaşeliya dedi ki, Ukraynaya qarşı təcavüzdən sonra Rusiyanın növbəti addımı Cənubi Qafqaz ölkələri ilə bağlı olacaq: “Ancaq bir həqiqəti də deməliyik ki, Azərbaycanın Qarabağ məsələsini həll etməsində əsas mövqe Rusiyaya məxsusdur. Çünki Azərbaycanın Rusiya  ilə şimal sərhədləri var, Xəzərdə Rusiya hərbi dəniz donanmasının aktivliyi də müşahidə olunur. Digər tərəfdən hərbi əməliyyatlar başlayacağı təqdirdə Türkiyə, İran, ABŞ-ın mövqeyinin necə olacağından da çox şey asılıdır. Diplomatik sahədə mövqelər gücləndiriləndən sonra hansısa addım atmaq olar. Amerika Konqresi və Senatında ermənilərin aktivliyi göz önündədir. ABŞ Cənubi Qafqazla bağlı ehtiyatlı davranır”.

Rus və abxazlar arasında konfliktli vəziyyət

Azərbaycanlılara qarşı xüsusi rəğbəti ilə seçilən tarix doktoru, professor Quram Marxuliya Abxaziyadan qaçqın düşdüyünü xatırladıb bu münaqişədən danışdı: “Bizim abxazlarla problemimiz yoxdur, Gürcüstanın problemi Moskva ilədir. 19-cu əsrdə abxaz və gürcülər xarici təcavüzə qarşı birgə mübarizə aparıb. Bundan sonra Rusiya regiona gəlib və abxazları bizdən “müdafiə edib”. Gürcü tarixçilər dedilər ki, abxaz və osetinlər Rusiyanın tərkibində olmaqdan heç də məmnun deyillər.

Z.Papaskiri qeyd etdi ki, artıq rus və abxazlar arasında konfliktli vəziyyət hökm sürür: “2011-ci ildə bircə qığılcım lazım idi onların arasında partlayış baş versin. Ruslar abxazları faşizmdə, diktaturada ittiham edirlər”. Q.Marxuliya bildirdi ki, Azərbaycan Ermənistanla normal münasibətlər qursa belə, Moskva Qarabağ məsələsinin tənzimlənməsinə imkan verməyəcək. Öz növbəsində QAT sədri qeyd etdi ki, ABŞ və Avropanın Cənubi Qafqazla bağlı mövqeyi Rusiyadan heç də fərqlənmir: “Ancaq Rusiya öz xoşu ilə Qafqazdan getməyəcək, onu Qafqazdan çıxartmaq lazımdır”. Abxaziyanın tanınmış simalarından biri, tarix doktoru,  professor, Abxaziya Muxtar Vilayətinin sürgündəki parlamentinin sədr müavini Camal Qamaxariya da Qafqazdakı münaqişələr haqda fikirlərini ifadə etdi.

Tiflisdə Vəfa Quluzadədən danışdılar

Görüşdə ümumi rəy bundan ibarət oldu ki, ermənilər, abxaz və osetinlər Moskvanın əlində alətdir, problemi yaradan Rusiyadır. Hətta bu mövqedə olan sabiq dövlət müşaviri Vəfa Quluzadənin illərdir dedikləri xatırlandı və gürcü təmsilçilərin azərbaycanlı politoloqu yaxşı tanıdıqları və onu izlədikləri məlum oldu. Dəyirmi masada gürcü alimlər onları narahat edən ayrı-ayrı məsələlərdən də bəhs etdilər. Onlar Azərbaycan rəsmilərinin “bizim Rusiya ilə xüsusi münasibətlərimiz var” kimi bəyanatından təəssüfləndiyini ifadə etdilər. “Hansı ki, Ermənistanda Rusiya hərbi bazaları var və Azərbaycana potensial təhlükədir”-deyə, natiqlərdən biri bildirdi. QAT sədri qarşılığında dedi ki, bu, diplomatiyadır sizin prezident də eyni mövqedən çıxış edib. Sonrakı çıxışlarda da Rusiyanın Qafqaza yönəlik təhlükəsindən danışıldı. A.Nağı həmçinin Türkiyənin Ermənistan-Rusiya hərbi birliyinin qarşılığı olaraq müharibə başlayacağı təqdirdə Azərbaycana dəstək verəcəyinə ümidini ifadə etdi: “Həmçinin İranda yaşayan 25-30 milyonluq azərbaycanlılar da müharibə başlayacağı təqdirdə Arazı keçib Azərbaycana dəstək verəcəklər”.

Z.Paraskiri də Rusiyanın təhdidlərindən bəhs etdi: “Cənubi Qafqazda sülhün olması yalnız bir dövləti narahat edir. 1918-ci ildə də belə olmuşdu. Bizim bir nömrəli düşmənimiz təəssüf ki, Rusiyadır. Abxaziya, Osetiya və Qarabağ da Rusiyanın əlində bir vasitədir. Mən Quluzadəni daim oxuyuram. O, rus təhlükəsi barədə tamamilə düz deyir. Qarabağ müharibəsi başlasa, mən əminəm ki, Rusiya Azərbaycana soxulub Bakını ələ keçirməyə çalışacaq. Bizdən də tez-tez soruşurlar ki, nəyi gözləyirsiniz, niyə torpaqları azad etmirsiniz. Ancaq əgər biz Rusiyaya qarşı müqavimət göstərə biləriksə, onda buyurun, müharibəyə başlayaq”. O, Universitetdəki “Dosluq kabineti”ni dəstəkləmələrindən də danışdı: “Bizim bir ümumi ağrımız var. Ona görə də biz dostluğa, qardaşlığa həmişə hazırıq. Ona görə də hansı aksiyaları keçiririksə, bir yerdə keçirək, beynəlxalq təşkilatlara birgə müraciət edək, tədbirlərdə bir araya gələk”. Gürcü alimin təklifi barədə iştirakçılar prinsipial qərar verdilər.

Gürcü alim: “Biz torpaqlarımızı birgə müdafiə etməliyik”

Görüşdə Marneulidə işə salınan Təkəli layihəsindən – “sülh bazarı” ndan da danışıldı. Gürcü təmsilçilər Zərdüşt Əlizadə və digərlərinin erməni Georgiy Vanyanın layihəsində yer almasından təəccüblə danışdılar. A.Nağı isə dedi ki, ona Vanyandan şəxsən görüş təklifi olsa da, bundan qəti imtina edib: “Mən ermənifob deyiləm, sadəcə mənim düşməni görən gözüm yoxdur”. Q.Marxuliya Gürcüstan və Azərbaycanın hərbi sahədə ciddi sazişlər imzalamalı olduğunu təklif etdi: “Biz torpaqlarımızı birgə müdafiə etməliyik. Bizim ölkələr və xalqlar konfederativ dövlət tərkibində də yaşaya bilər. Azərbaycan və Gürcüstan arasında enerji sahəsində mühüm addımlar var, bu əlaqələrə, kəmərlərə yönəlik təhlükələrə qarşı birgə addımlar atılmalıdır. Biz Cənubi Qafqaz olaraq geopolitik mənada 18-ci əsr səviyyəsindəyik. Rusiya təhlükəsi yenidən ortadadır.

A.Nağı dedi ki, biz Azərbaycan   Gürcüstan formatında əməkdaşlığı zəruri sayırıq: “Artıq son illər bu istiqamətdə dövlət səviyyəsində ciddi addımlar atılır. Gürcü təmsilçilərdən biri “bu, irəliyə doğru atılan mühüm addımdır” deyə, reaksiya verdi.

Gürcüstanın tanınmış tarixçisi, Qafqazşünas, Azərbaycan və Ermənistanı da çox yaxşı tanıyan Qivi Tseulaya da toplantıya qatılaraq mövqeyini çatdırdı.

Kifayət qədər məhsuldar və qarşılıqlı anlaşma şəraitində keçirilən tədbirin sonunda növbəti dəfə bir araya gəlinməsi barədə razılaşma əldə olundu.

Bundan sonra QAT rəhbərliyi Universitetdə təhsil alan azərbaycanlı tələbələrlə ayrıca görüş keçirdi. Borçalı bölgəsindən, həmçinin qardaş Türkiyədən olan gənclərimizlə səmimi görüşdən sonra xatirə fotosu çəkildi. Yeri gəlmişkən, Suxumi Dövlət Universitetində 70-dən çox azərbaycanlı tələbə təhsil alır.


  • Yazılıb
  • da (də) 2014 May 18