Tarix : 2014 May 21
Kod 42892

“Oğlumu daxili orqanlarını satmaq üçün qətlə yetiriblər”

Azərbaycan ordusunda əsgər qırğını səngimək bilmir
Azərbaycan ordusunda əsgər qırğını səngimək bilmir. Ordudakı əsgər ölümləri sabiq nazir Səfər Əbiyevdən sonra da davam etməkdədir. Yeni nazirin gəlişi də heç nəyi dəyişmədi. Ölən və ya öldürülən əsgərlərin valideynləri fəryad edir, kömək istəyirlər. Çünki övladlarının ölüm səbəbləri ya gizlədilir ya da yaxşı araşdırılmır. Belə ki, 2013-cü ilin dekabrından 10-dan 11-nə keçən gecə Naftalan rayonunda yerləşən 157 N saylı hərbi hissədə əsgər Orxan Alıyev müəmmalı şəkildə dünyasını dəyişmişdi. Hərbi tibbi ekspertiza əsgərin yataqdan durmadığını, onun hipertrafik kardiomiopatiyadan öldüyü rəyini verib. Ailə tibbi ekspertizaya inanmır, övladlarının öldürüldüyünü deyir.

Bu il mayın əvvəlində Tərtər Rayon Hərbi Prokurorluğu cinayət işinə xitam verib. Bu haqda Alıyevlər ailəsinə telefon vasitəsilə hərbi prokurorun müavini Şəfaət İmranov bildirib. Amma cinayət işinə xitam verilməsi haqda rəsmi qərar ailəyə təqdim olunmayıb. Əslinə qalsa ailə belə bir qərarın olub-olmadığını dəqiq bilmir.

“Mənim oğlumu qəsdən öldürüblər ki, onun orqanlarını satsınlar”

Mayın 20-də əsgər Orxan Alıyevin valideynləri mətbuat konfransı keçiriblər. O.Alıyevin atası Şirazi Alıyev musavat.com-a açıqlamasında bildirib ki, onun oğlunu qətlə yetiriblər və daxili orqanlarını satıblar: “Hadisə dekabrın 10-dan 11-nə keçən gecə səhər saatlarına baş verib. Hadisədən bir neçə saat öncə oğlum qardaşı Rövşənlə əlaqə saxlayıb. Aralarında bir saata yaxın telefon danışığı olub. Orxan qardaşına öz arzularından, hərbi xidmətini başa vurandan sonra nə işlə məşğul olacağına dair planlarından danışıb. Telefon danışığına müdaxilə edilib, mübahisə düşüb və bundan 5 dəqiqə sonra oğlum qətlə yetirilib. Oğlumun ölümündən dərhal sonra hərbi hissə komandirinin əmri ilə oğlumu morqa aparıblar. Qanunla belə olmamalıdır. Hadisə yerinə baxış keçirilməlidir. Fotolar çəkilməlidir. Bunların heç birinə əməl edilməyib. Oğlumun cəsədini morqa apardıqdan təxminən 30 dəqiqə sonra onun cəsədini yarıblar və daxili orqanlarını götürüblər. Elə bir qanun yoxdur ki, ölən bir insanın müayinəsi üçün bütün daxili orqanları götürülsün. Mən özüm araşdırma aparmışam. Mənə dedilər ki, cəsədin müayinəsi üçün xırda hissəciklər götürülür. Ürəyi, böyrəyi götürülmür. Bu da sübut edir ki, mənim oğlumu qəsdən öldürüblər ki, onun orqanlarını satsınlar”.

“Oğlumun qətlini öncədən planlaşdırıblar”

Ş.Alıyevin sözlərinə görə, onun oğlunu öldürmək üçün öncədən plan qurulub: “Mənim başqa şübhələrim də var. Hərbi hissədə 2013-cü ilin dekabr ayında bütün əsgərləri peyvənd ediblər. Təkcə mənim oğlumdan başqa. Orada olan əsgərlər də bunu təsdiq edir ki, oğlum özü nə qədər israr etsə də ona peyvənd vurulmayıb. Mən bunu da araşdırmışam. Aldığım məlumatlara görə, peyvəndin vurulmama səbəbi orqanların rahat satılmasına görədir. Belə ki, peyvənd vurularsa həmin insanın orqanları 6 ay ərzində satıla bilməz. Xaricdə onu heç kəs almaz. Çünki hansısa xəstəliyinin olduğundan şübhə edərlər. Bütün bunlar sübut edir ki, mənim oğlumun qətlini öncədən planlaşdırıblar”.

“Həmin hərbi hissədə olan əsgərlərin hamısına eyni sözü əzbərlədiblər”

Ş.Alıyev onu da qeyd etdi ki, bütün əsgərləri susdurublar: “Həmin hərbi hissədə olan əsgərlərin hamısına eyni sözü əzbərlədiblər. Hamısını susdurublar. Bütün əsgərlər eyni sözləri deyirlər. Guya Orxan yatdığı yerdə ölüb. Orxan polkda qaçış üzrə birinci yeri tutub və polk komandiri tərəfindən mükafatlandırılıb. Oğlum fiziki cəhətdən tam sağlam, idman yarışlarının qalibi, pəhləvan cüssəli idi. İndiyə kimi bir nəfər belə tutulmayıb. Amma söz vermişdilər ki, araşdırma aparacaqlar. Amma heç bir nəticə yoxdur. Hamısı biri-birinin üzərinə atır. Mən oğlumu vətənə xidmətə yollamışdım, amma özünü yox, meyitini geri aldım. Oğlumun meyitini gətirib bir parçada atdılar evə getdilər. Gəlib maraqlanan da olmadı. Deyən olmadı ki, bu hüzur mərasimlərini necə yola verdiniz? Mənim onlardan heç bir tələbim yoxdur. Cinayətkarları tapsınlar. Bu mənə bəsdir”.

Bu, orqanları satılmış ilk əsgər deyil

Xatırladaq ki, valideynlərin belə iddialarla müraciət etməsi ilk dəfə deyil. 2011-2013-cü illərdə azı 3 ailə bu məsələ ilə bağlı mətbuat konfransları keçiriblər. Diqqəti çəkən daha bir məqam bütün belə halların Bərdə korpusuna aid hərbi hissələrdə baş verməsidir. İndi xaricdə olan keçmiş hüquq müdafiəçisi Ələkbər Məmmədov bununla bağlı valideynlərin iştirakı ilə mətbuata dəfələrlə açıqlamalar vermişdi. Buna görə Nəsimi Rayon Məhkəməsində Ə.Məmmədova qarşı məhkəmə prosesi başlamışdı. Hüquq müdafiəçisi real həbsdən xilas olmaq üçün ölkəni tərk etdi.

Məhəmməd Türkmən
Fotolar müəllifindir


  • Yazılıb
  • da (də) 2014 May 21