Bölgədə regional təhlükəsizliyi təhdid edən, açıq işğalçılıq siyasəti yürüdən yeganə ölkə
Ermənistandır. Təəssüf ki, ABŞ-ın Azərbaycandakı səfiri bu real təhlükə barədə danışmır, əvəzində isə Azərbaycanın qonşuları ilə bağlı müxtəlif şayiələr üçün əsas verir
Arannews - Azərbaycan Respublikası Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov ABŞ-ın İran-Azərbaycan əlaqərini pozmaq cəhdindən danışdı.
ABŞ səfirinin Azərbaycan Respublikasının qonşularla əlaqələrini pozmaq cəhdi barəsində isə Əli Həsənov deyib : “Bölgədə regional təhlükəsizliyi təhdid edən, açıq işğalçılıq siyasəti yürüdən yeganə ölkə Ermənistandır. Təəssüf ki, ABŞ-ın Azərbaycandakı səfiri bu real təhlükə barədə danışmır, əvəzində isə Azərbaycanın qonşuları ilə bağlı müxtəlif şayiələr üçün əsas verir. Bu tendensiya yeni deyil, Qərb rəsmiləri və mediası ayrı-ayrı vaxtlarda müxtəlif iddialar, əsassız mülahizələr, məlumatlar vasitəsilə dəfələrlə Azərbaycanın regionun böyük ölkələri ilə münasibətlərini pozmağa çalışıblar. Bu gün də insanlar fikirləşir ki, görəsən Azərbaycanın müstəqilliyinə qarşı hansı ciddi təhlükə mövcuddur ki, ABŞ səfiri onun "müstəqilliyi və suverenliyi üçün səsini ucaltmaq" haqqında danışır. Açıq etiraf etməliyik ki, İran-Azərbaycan münasibətlərində yaxın vaxtlara kimi mövcud olmuş anlaşılmazlığın da başlıca səbəbi qəsdən mediaya sızdırılmış müxtəlif səpkili dezinformasiyalar olmuşdur. Lakin bu ilin aprelində Prezident İlham Əliyevin İrana səfəri zamanı bütün anlaşılmazlıqlar aradan qaldırıldı və ikitərəfli əlaqələr özünün yeni inkişaf mərhələsinə qədəm qoydu.”Azərbaycan Respublikası Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov ABŞ ilə münasibətlərin normal olduğunu deyib.
ABŞ səfirinin Azərbaycan Respublikası hökuməti barəsində mənfi fikirlərinin səslənməsinin ardınca Bakı mediasında geniş tirajlanan müsahibəsində Əli Həsənov vurğulayıb : “ABŞ-la Azərbaycan arasında keçən iyirmi ildə daim yaxşı münasibətlər olub. Bu gün də iki ölkə arasındakı əlaqələr kifayət qədər sabitdir, bir sıra sahələr üzrə əməkdaşlığımız strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir.”
Əli Həsənov əlavə edib : “Konkret olaraq cənab Riçard Morninqstarın məlum müsahibəsinə gəldikdə, deyə bilərəm ki, onun fikirləri, nə Azərbaycan-ABŞ əlaqələrinin bugünkü ruhuna uyğun deyil.”
Əli Həsənovun fikrincə, təəssüf ki, cənab R.Morninqstarın açıqlamalarında diplomatik nümayəndəliyin əsas funksiyalarına dair tələblər “bir qədər” pozulub!
PA rəsmisi deyib : “R.Morninqstarın müsahibəsində irəli sürülən bir çox iddialar erməni diasporunun təsiri altında neçə illərdir ki, öz anti-Azərbaycan mövqeyi ilə ad çıxarmış bəzi xarici QHT-lərin hesabatlarındakı subyektiv mülahizələri xatırladır. Açıq söyləyim, bu paralellik bizi olduqca narahat edir və düşündürür!”
Əli Həsənov deyib : “Bu gün dünyanın müxtəlif nöqtələrində ABŞ və Qərbin yaxından iştirakı ilə elə hadisələr baş verir ki, təkcə biz yox, bütün dünya bunların məntiqini başa düşməkdə çətinlik çəkir. İraq, Liviya, Misir, Suriya, Ukrayna və bəzi digər ölkələrdə baş verən "Maydan" hərəkatları müasir beynəlxalq münasibətlər sistemində mövcud olan bütün mütərəqqi prinsiplərin üzərindən xətt çəkir.”
PA rəsmisi eyni halda ABŞ ilə six əməkdaşlığı vurğulayıb : “Enerji təhlükəsizliyi, transmilli nəqliyyat-kommunikasiya və dəhliz siyasəti, terrorizmlə mübarizə, beynəlxalq sülhyaratma proseslərində birgə iştirak və s. ikitərəfli tərəfdaşlıq əlaqələrimizin gündəliyində duran mühüm məsələlərdir. Biz beynəlxalq hüquq normaları əsasında, ABŞ da daxil olmaqla bütün transmilli dünya ilə, dost və tərəfdaş ölkələrlə qarşılıqlı etimad, faydalı və səmərəli əməkdaşlıq, bir-birinin daxili işlərinə qarışmamaq prinsipləri çərçivəsində geniş əməkdaşlıq edirik.”