Arannews - “Əgər Rusiya səmimi münasibət yaratsa, Azərbaycan onunla əməkdaşlığa gedəcək”.
Bu sözləri açıqlamasında politoloq Qabil Hüseynli deyib.
O, Azərbaycanın Qərblə münasibətlərində soyuqluq yarandığını bildirib:
“Çinə səfər rəsmi xarakter daşımır. Azərbaycan tərəfi orada keçirilən beynəlxalq tədbirdə iştirak edirdi. Doğrudur, tədbir Asiya ölkələrinin təhlükəsizlik və iqtisadi əməkdaşlıq məsələlərini müzakirə xarakteri daşıyırdı. Amma digər bir yandan da bu konfranslarda Azərbaycan tərəfi heç bir zaman iştirak etməyib. Azərbaycanın belə tədbirdə iştirakı və bundan bir neçə gün öncə ABŞ səfiri Morninqstarın Azərbaycanı tənqid edəcək açıqlama ilə çıxış etməsi göstərir ki, Qərblə münasibətlərdə soyuqlaşma yaranıb. Bunun səbəbi təkcə Morninqstar deyil. Azərbaycan Qərblə əməkdaşlıqda özünün Dağlıq Qarabağ konfliktini həll etmək üçün istifadə edir. Prezident Nazirlər Kabinetinin iclasında da bu fikrə toxundu. Qərb bizim problemlərimizə biganə yanaşmaqda davam edir. Rusiyanın özü də bu dəqiqə çıxılmaz vəziyyətə düşüb. Buna görə də Azərbaycana müəyyən təhdidlər etdiyi istisna deyil”.
Politoloq Azərbaycanın Gömrük İttifaqına daxil ola biləcəyini deyib:
“Petrosyanın köməkçisi olan Şahnazaryan açıqlamasında belə bir şöz işlədir ki, Azərbaycanla enerji əməkdaşlığı nəticəsində Rusiya strateji müttəfiqi olan Ermənistandan imtina edib Azərbaycanı seçə bilər. Azərbaycana Qarabağın qaytarılması məsələsində tam əminlik verilərsə, Bakı Gömrük İttifaqına da, Avrasiya İttifaqına da girə bilər. Yəni Azərbaycan siyasi kursunu dəyişə bilər. Bu, Qərb dünyasında və Türkiyədə də ciddi narahatlıq yaradıb. Hələ ki, proseslər gedir. Hazırda Azərbaycan Rusiya ilə 100% əməkdaşlıq xəttini tutmayıb. Əgər Rusiya səmimi münasibət yaratsa, Azərbaycan onunla əməkdaşlığa gedəcək”.
Qeyd edək ki, Gömrük İttifaqı Rusiya tərəfindən yaradılmış təşkilatdır. Hazırda buraya Rusiya, Qazaxıstan, Belorusiya üzvdür. Yaxın müddətdə Ermənistanın da təşkilata üzv olunma məsələsi həllini tapacaq. Ermənistan məhz bu təşkilat vasitəsilə Dağlıq Qarabağı müstəqil dövlət kimi tanıtmağa çalışır. Ekspertlər Gömrük İttifaqında dominant rol oynayan Rusiyanın bununla da postsovet məkanı dövlətlərinə yenidən təsiri gücləndirməyə çalışdığını bildirirlər.