Tarix : 2014 May 24
Kod 42939

AŞPA prezidenti Azərbaycan iqtidarını çox sərt tənqid edib

AŞPA sədri siyasi məhbuslara azadlıq istədi

Arannews - Avropa Şurası hakimiyyətlə Bakıda toqquşdu.

Milli Məclisdə görünməmiş gərginlik; AŞ PA prezidenti Azərbaycan iqtidarını çox sərt tənqid edərək siyasi məhbuslara azadlıq istədi; qurumun üzvü olan deputatlar Elmar Məmmədyarovu kəskin sual yağışına tutdu, nazir və Spiker Oqtay Əsədov qəzəbləndi; “Bu, hələ başlanğıcdır...”

Mayın 23-də Azərbaycan Milli Məclisində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Daimi Komitəsinin iclası keçirildi. AŞPA sədri, xanım Anna Brassörın sədrliyi ilə keçirilən iclasda AŞ-nin baş katibi Tyorbörn Yaqland, Azərbaycan parlamentinin spikeri Oqtay Əsədov, AŞPA Nazirlər Komitəsinin sədri, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov, üzv ölkələrin nümayəndə heyətləri və digər qonaqlar iştirak edirdi.

Azərbaycanın AŞ Nazirlər Komitəsinə sədrliyi çərçivəsində baş tutan Daimi Komitənin iclasında giriş nitqi söyləyən xanım Brassör AŞPA Nazirlər Komitəsinə sədrliyi üzərinə götürdüyü üçün Azərbaycanı təbrik edərək, bildirdi ki, 6 aylıq sədrlik çətin dövrə təsadüf edir. O, bunu əsasən Ukraynadakı vəziyyətlə əlaqələndirərək, qeyd etdi ki, üzv ölkələrin ərazi bütövlüyü vacib məsələdir.

A.Brassör bildirdi ki, Ukrayna məsələsi AŞPA-nın gündəmindədir. Ukraynada  seçkilər keçiriləndən sonra AŞPA bir daha bu məsələyə qayıdacaq: “Ərazi bütövlüyünə hörmət fundamental bir prinsipdir. Assambleya bunu təkcə Ukrayna deyil, Azərbaycana münasibətində də nümayiş etdirib. AŞ-nin bütün təsisatları Avropa dəyərlərinə sadiq qalmalıdır. Ukrayna və Azərbaycan bu problemlə üzləşən  yeganə ölkələr deyil. Dondurulmuş problemlər böyük təhlükə yaradır”.

AŞPA prezidenti bildirdi ki, Dağlıq Qarabağ münaqişəsi  ilə bağlı qurum öz prinsipial mövqeyini nümayiş etdirib, ərazi bütövlüyünü dəstəkləyən qətnamə qəbul edib: “Azərbaycan və Ermənistan öz üzərinə öhdəlik götürüb ki, münaqişəni  yalnız dinc yolla həll edəcəklər. AŞPA bu məsələdə tərəfləri dəstəkləməyə hazırdır”. A.Brassör insan hüquqları sahəsində Azərbaycanda mövcud olan problemlər haqqında danışdı. Onun sözlərinə görə, AŞPA-nın  İnsan haqları komissarının son hesabatından sonra Azərbaycanda  ifadə azadlığı, sərbəst toplaşmaq azadlığı sahəsində vəziyyət daha da pisləşib: “Bu məsələlərlə təcili məşğul olmaq lazımdır. Məhkəmə sisteminin müstəqilliyi çox önəmli məsələdir.

AŞ Azərbaycanda məhkəmələrin ədalətli keçirilməsi ilə bağlı da narahatlığını bildirib. Bloggerlər, jurnalistlər, vətəndaş cəmiyyəti fəalları əksər hallarda təqiblərə məruz qalırlar.  Üzv olan dövlətdə belə halların baş verməsi narahatlıq doğurur”. AŞPA rəhbəri bildirdi ki, prezident İlham Əliyevlə görüşü zamanı bu məsələlərdən danışıb, həbsdə olan İlqar Məmmədovla görüşmək istədiyini bildirib: “Mən bu görüşə təkid edəcəyəm. Əgər o, həbsdə qalarsa, mən  görüşə nail olmağa çalışacağam. Nəyə görə "qalarsa" deyirəm? Çünki Avropa Məhkəməsi İlqar Məmmədovun həbsinin qanunsuz olduğuna qərar verib. Bildirilib ki, bu həbsin arxasında duran səbəb onu susdurmaq, cəzalandırmaqdan ibarət olub. İnanıram ki, bu qərar onun azadlığa çıxmasına səbəb olacaq".

A.Brassör qeyd etdi ki, bu cür problemlərin birlikdə həllinə nail olmaq lazımdır. “Problemlər haqqında danışmalıyıq, həll yollarını birlikdə tapmalıyıq. Mən bunu təkidlə qeyd edirəm. Ümid edirəm ki, Azərbaycanda hakimiyyət dairələri bu problemləri təcili, konstruktiv şəkildə həll edəcəklər”. O, qurumun vitse-prezidenti Rene Rukenin vizasının ləğvi məsələsindən də danışdı.  AŞPA prezidenti dedi ki, bu şəxslərin toxunulmazlığı var: “Üzv dövlətlər onların hərəkət azadlığını öz üzərilərinə götürüblər.  Mayın 22-də Büro qərar qəbul edib ki, iki il ərzində komitə iclasları Bakıda keçirilməyəcək. Mən belə hadisənin baş verməsindən təəssüflənirəm. Amma biz öz prinsiplərimizə sadiq qalmalıyıq”.

Daha sonra ilk sözü Milli Məclisin sədrinə yox, XİN başçısı Elmar Məmmədyarova verən AŞPA prezidenti ardınca bir neçə dəfə üzrxahlıq etdi. Ardınca söz alan spiker Oqtay Əsədov dedi ki, çaşqınlıq başa düşüləndir: “Siz elə ilk çıxışınızda hücuma keçdiniz”. Rəsmi Bakının öhdəliklərinə sadiq qaldığını bildirən spiker Azərbaycanın təcavüzə məruz qalmasına beynəlxalq aləmin adekvat reaksiya verməməsindən təəssüfləndiyini ifadə etdi. O.Əsədov Ermənistanın Azərbaycan torpaqlarını 1992-ci ildən işğal altında saxladığını bildirdi: “Təəssüf ki, Ermənistana qarşı heç bir sanksiya tətbiq olunmayıb. Azərbaycan işğal olunmuş ərazilərə icazəsiz gedən şəxsləri "persona non-qrata" elan edib və bu barədə bütün beynəlxalq təşkilatlara müraciət ünvanlanıb. Təəssüf ki, AŞPA-da son qərar verilib".

Spiker qeyd etdi ki, AŞPA qaçqın və köçkün problemlərinə xüsusi diqqətlə yanaşmalıdır: “Ermənistan Dağlıq Qarabağ və ətraf 7 rayonu işğal edib. ATƏT-in Minsk Qrupunun fəaliyyəti 20 ildir nəticə verməyib. Ancaq Ermənistana qarşı hər hansı sanksiya tətbiq edilməyib. Buna görə də Ermənistan üzərindən işğal olunmuş torpaqlarımıza gedən şəxslər ”persona non-qrata" elan edilib.

Rene Rukeyə viza verilmədiyinə görə AŞPA Bürosu qərar verib ki, iki il ərzində AŞPA-nın komitələrinin Bakıda iclası keçirilməsin. Bu qərar hələ prosedur mərhələsindədir. Ümid edirəm ki, AŞPA Azərbaycanın prinsipial mövqeyini anlayışla qarşılayacaq".

XİN rəhbəri Elmar Məmmədyarov çıxış etdikdən sonra isə AŞPA üzvlərinin gözlənilməz və xeyli sərt sualları ilə üz-üzə qaldı. Bu zaman olduqca gərgin müzakirələr və diskussiyaların şahidi olduq. Deputatlar ən çox Azərbaycanda insan haqları, demokratiya və siyasi məhbuslarla bağlı suallara cavab almaq istəyirdilər. AŞPA parlamentarisi İlqar Məmmədovla bağlı Avropa Məhkəməsinin qəbul etdiyi qərarı xatırladaraq sual etdi: “Azərbaycan nə vaxt bu qətnaməyə əməl edəcək və rəsmi Bakı nə zaman 18 vicdan məhbusunu azadlığa buraxacaq?”

Növbəti AŞPA üzvünün sualı da insan hüquqları ilə bağlı oldu: “Azərbaycan könüllü olaraq 15 il öncə AŞ qarşısında öhdəliklər götürüb. Azərbaycan tarixində ən uğurlu bir məqamdır ki, bu öhdəliklərə əməl etsin. Bu, həm Azərbaycanın xeyrinədir, həm də Avropa insanları üçün böyük əhəmiyyət kəsb edir”.

Sual yağışına tutulan E.Məmmədyarov “Əlbəttə ki, bizim öhdəliklərimiz var və onlara əməl edəcəyik. Ancaq BMT-nin əsas orqanı 4 qətnamə qəbul edib, lakin buna əməl olunmayıb”-deyə, bildirdi. İ.Məmmədovla bağlı qərara gəldikdə XİN başçısı dedi ki, onunla bağlı konkret söz deməsi  məhkəmənin işinə qarışmaq olardı: “Məhkəmə bu barədə qərarını verəcək”.

XİN başçısı Madrid prinsipləri ilə bağlı sualı da cavablandırdı: “Madrid təklifləri çox realist təkliflər idi. Başqa şəkildə biz birlikdə, qonşuluq şəraitində bir yerdə yaşaya bilərik. Amma ən böyük problem Ermənistan hərbi qüvvələrinin Azərbaycan ərazilərində mövcud olmasıdır. Ona görə də Madrid prinsiplərində göstərilib ki, ətraf 7 rayon azad olunsun. Eyni zamanda kommunikasiyalar bərpa olunsun, yatırım qoyulsun, insanlar evlərinə qaytarılsın. Erməni silahlı qüvvələrinin burada olması qıcıqlandırıcı amildir. Özü də bu, dondurulmuş münaqişə deyil”.

Ancaq görünür bu cavablar avropalı deputatları qane etmədi və növbəti söz alan deputatdan da sərt və konkret sual gəldi: “Hansı konkret tədbirlər görüləcək ki, insan hüquqları müdafiəçiləri və vətəndaş cəmiyyəti üzvləri ölkənizdə təhlükəsiz fəaliyyət göstərsinlər?” Ardınca “çoxsaylı etnik azərbaycanlıların yaşadığı İrandakı cari vəziyyəti və münasibətlərin yaxşılaşdırılması ilə bağlı siz nə düşünürsünüz”, -  sualına cavab istəniləndə E.Məmmədyarov “siz mənə XİN başçısı, yoxsa AŞPA Nazirlər Komitəsinin sədri olaraq sual veribsiniz”, deyə sual etdi.

Bunun qarşılığında “Siz bir vəzifəni qoyub digərinə keçməmisiniz ki? XİN başçısı kimi”, - deyən AŞPA deputatının sərt reaksiyası ilə qarşılaşdı. Onun cavabı:  “Biz öhdəliklərin çox böyük hissəsini yerinə yetirmişik, sadəcə biri qalıb, Ermənistanla münaqişə məsələsi”, deyə E.Məmmədyarov bildirdi. İranla bağlı suala gəldikdə, R.Məmmədyarov dedi ki, İranda Azərbaycan Respublikasında yaşayan əhalidən 3 dəfə artıq azərbaycanlı yaşayır.

XİN başçısı 5+1 prosesi ilə bağlı danışıqların elə də sürətlə getmədiyini vurğuladı. Deputat Şveber də tikanlı danışdı: “Əgər bu qonaqpərvərlik AŞPA-nın bütün üzvlərinə şamil edilsəydi... Ştrasserə də Azərbaycana sərbəst səfər etmək hüququ verilməmişdi. Məni insan hüquqları, jurnalistlərə qaşı münasibət, 8 gənc bloggerə, QHT-lərə qarşı münasibət çox narahat edir. Sizin İlqar Məmmədovla bağlı məhkəmənin çıxardığı qərara münasibətiniz nədən ibarətdir və icrasını necə görürsünüz?”

Digər deputat “Çərşənbə günü axşam mən həbsxanaya gedib İlqar Məmmədovla görüşmüşəm. Yəni buna icazə verilir”, - dedi. Ardınca Qarabağ məsələsi haqda sual etdi: “Sizin ölkə zəngin bir ölkədir. Elə isə xahiş edirəm deyin, Ermənistanın işğalının arxasında nə dayanır?”

E.Məmmədyarov bu sualları da cavablandırmaq məcburiyyətində qaldı: “Biz ölkəmizə aid olan, lakin işğal altına alınmış əraziyə guya dövlət imiş kimi qanunsuz səfər edən şəxsləri dəstəkləyə bilmərik. İlqar Məmmədovun işinə gələndə, siz XİN başçısı olaraq mənim çiynimə yük qoymaq istəyirsiniz ki, mən hüquqi prosedurlara müdaxilə edim. Xeyr, mən heç vaxt buna getməyəcəyəm. Bu prosedur hüquqi yolla həll olunmalıdır”.

“Münaqişənin arxasında kim dayanır” sualına gəldikdə, XİN başçısı qeyd etdi ki, kimin bunun arxasında dayanıb-dayanmadığını müzakirə etməyə ehtiyac görmür: “Qaranlıq otaqda qara pişik axtarmağa dəyməz. Düşünürəm ki, Ermənistan rəhbərliyi başa düşməlidir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü danışıqlar mövzusu deyil, ola da bilməz”.

Enerji məsələsinə gəldikdə E.Məmmədyarov “45 milyard dollar və 30 min iş yeri Avropa üçün yaxşıdır, ya pisdir. Buna Avropa özü cavab verməlidir” dedi.

AŞPA prezidenti dedi ki, bu məsələləri Strasburqda da müzakirə etmək imkanı olacaq: “Ümid edirəm ki, sədrliyiniz dövründə islahatlarla bağlı mühüm addımlar atılacaq”. E.Məmmədyarovun Bakıya növbəti dəfə səfərlə bağlı dəvətinə cavabında AŞPA prezidenti yenə “tikanlı” danışdı. “Əgər insanlar həbsxanadadırlarsa, mən istərdim gəlib onlarla görüşüm, ancaq ümid edirəm ki, buna ehtiyac olmayacaq” deyə, o, daha bir sərt, diplomatik mesaj verdi.

AŞPA rəhbəri dedi ki, Azərbaycanda siyasi məhbuslarla bağlı müzakirələr keçirilib, lakin qətnamə qəbul edilməyib: “AŞPA Monitorinq Komitəsinin hesabatında siyasi məhbus məsələsinə toxunulub. Mən dəqiq bir şey deyə bilmərəm. Çünki siyasi, vicdan məhbusunu ayırmaq üçün hər hansı meyar mövcud deyil. Biz prezident İlham Əliyevə siyahı təqdim etmişik, həm də həmin siyahını Oqtay Əsədovla müzakirə etmişik. Orada azad olunmasını istədiyimiz insanlar var”.

A.Brassör R.Rukenin vizasının ləğv olunması ilə bağlı məsələyə də toxundu. AŞPA prezidenti bildirdi ki, təşkilatın Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Kristof Ştrasserlə Rukenin vəziyyətini eyniləşdirmək olmaz. Belə ki, Ştrasserə viza verilməmişdi, lakin Rukeyə viza verilməsinə rəğmən, həmin viza Azərbaycan hökuməti tərəfindən ləğv edilib: “Avropa Şurasının qəbul etdiyi Paris protokolu hansı ölkədə pozularsa həmin ölkəyə sanksiya tətbiq olunacaq”.

iclasdan sonra A.Brassör keçirdiyi mətbuat konfransında bunları deyib: “Azərbaycan Avropa Şurasının konvensiyalarının böyük əksəriyyətini ratifikasiya edib, bununla əlaqədar Azərbaycanı təbrik edirəm. Biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən sənədlər də qəbul etmişik”.

A.Brassör bir daha deyib ki, Azərbaycanda insan hüquqları sahəsində problemlər mövcuddur: “Bir necə həftə əvvəl müraciət etmişdim ki, həbsdə olan məhbuslar, eləcə də İlqar Məmmədovla görüşüm. Amma bu görüş alınmayıb. Gələn dəfə Azərbaycana səfər etdikdə onlar yenə həbsdə olsa, mən yenə də onlarla görüşməyə çalışacağam”. Mətbuat konfransında maraqlı məqam yaşanıb. “Qafqazinfo” xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran xanım A.Brassör konfransdan sonra xarici işlər naziri ilə görüşünün olduğunu bildirib və həmin görüşə gecikdiyini əlavə edib. Jurnalistlər sual vermək istədiklərini bildirsələr də, AŞPA prezidenti artıq nazirlə görüşə 15 dəqiqə gecikdiyini və mətbuat konfransını bitirmək məcburiyyətində olduğunu əlavə edib.

 Daha sonra isə zarafatla bildirib ki, o, iki ölkə arasında diplomatik qalmaqala səbəb olmaq istəmir.

Nüfuzlu beynəlxalq qurumun Bakıdakı sərt mesajları ekspertlər tərəfindən gözlənilməz və ciddi hadisə kimi dəyərləndirilir. Xüsusilə də hakim düşərgədə Rusiyayönümlü ritorikanın müşahidə olunduğu bu dönəmdə Avropanın Azərbaycan hakimiyyətinə basqısının harayadək davam edəcəyi gündəmin əsas suallarındandır. Hər halda qarşıdakı 6 ayda bir çox mətləblərə aydınlıq gələcək.
  • Yazılıb
  • da (də) 2014 May 24