Arannews - Mart ayından başlayaraq bölgədə qızışan proseslər Azərbaycana təsirsiz ötüşmədi. Üstəlik, Qarabağ konflikti ətrafında həm siyasi, həm hərbi aktivliyin artması Azərbaycanla bağlı müəyyən narahatlıqların yaranmasına səbəb oldu.
Rusiyanın da diqqət mərkəzində olan və politoloqlarının müzakirə etdiyi bu məsələlərlə bağlı Qriqori Trofimçukdanışıb.
- Rusiyada da müzakirə predmetinə çevrilən ABŞ-ın Azərbaycandakı səfiri Morninqstarın sonuncu çıxışı haqqında nə düşünürsünüz?
- Vaşinqton, Moskvadan fərqli olaraq, Azərbaycanın çoxvektorlu siyasətinə dözümsüz yanaşır və onu yeganə seçim etməyə itələyir. Aydındır ki, cənab səfir bu çıxışı heç vaxt özbaşına edə bilməzdi. Bu, Bakının reaksiyasına baxmaq üçün düşünülmüş taktikadır. Qərb artıq əmindir ki, Ukraynanı öz maraq çərçivəsinə salıb. Bundan sonra Kiyevə NATO yatırım edəcək və buna görə də növbəti sualı, yəni Cənubi Qafqaz məsələsini həll etməlidir.
Qarabağdakı separatçılar müharibəyə başlayacaq
- Amerikalı həmsədr Qarabağ konfliktinin həll edilməsi ilə bağlı 6 bəndi açıqladı. Sizcə, Minsk qrupu konfliktin həlli istiqamətində nə edə bilər?
- Minsk qrupu artıq heç nə edə bilməz. Ukrayna hadisələri göstərdi ki, Qarabağ konflikti özünün inkişaf mərhələsini gözləyir və bu, yenidən canlana bilər. Azərbaycanın bu proseslərini gözləməsi gərək deyil. Çünki Qarabağdan Qərb xeyir götürməyə çalışır. Qərbin uğurları dalğasında Ukraynadakı bu hadisələri həyata keçirmək çox sadədir. İndi çox şey Ukraynanın şərqində, yəni Donbasdakı hadisələrdən asılıdır. Əgər rusmeylli qüvvələr orada məğlub olsalar, o zaman Qərb daha dərinlərə qədər irəliləyəcək. Belə bir şeyi təsəvvür etmək olar ki, Qərb tərəfindən güclü dəstək alan Qarabağın özü ona bitişik olan ərazilərdə müharibəyə başlasın.
- Bu dəqiqə həm Rusiya, həm də Qərbin Qafqaza və Azərbaycana yönəli fəaliyyətlərini necə qiymətləndirirsiniz?
- İstənilən ssenaridə Azərbaycan Türkiyə ilə olan qardaşlıq ittifaqına güvənir. Əgər Qərb Bakıdan bu əminliyi götürsə, Azərbaycan çox güman ki, yalnız qalacaq. Şübhəsiz ki, hazırkı Azərbaycan hakimiyyətinin Rusiya və indiki rus rəhbərliyi ilə münasibətləri yaxşıdır. Əsas problem odur ki, Bakı özünün bütün ritorikalarında Rusiyanın real gücünü nəzərə almaq istəmir. Əks halda Bakı dünya liderləri olan Rusiya və ABŞ arasında manevr etmədən birbaşa Moskvanı seçərdi. Belə olan halda isə o, asanlıqla Qarabağı yenidən öz nəzarətinə geri qaytarardı.
Lakin sizin prezidentiniz realistdir və o bilir ki, əgər Azərbaycanla Rusiya arasındakı regional maraqlara kimsə ciddi zərbə vursa, ən yaxşı halda Moskva özünü Şərqi Ukraynadakı kimi aparacaq. Bu isə Azərbaycan üçün yaranacaq böyük problemlərdən xəbər verir. Digər tərəfdən isə Bakının Qərbin tabeliyinə getməsi haqqında heç bir arzusu yoxdur. Çünki orada ssenari daha ciddi və pisdir.
Ona görə də Azərbaycan praktiki olaraq, özünün çoxvektorlu siyasətini davam etdirəcək. Bu isə Cənubi Qafqazda müharibə başlayana qədər sürəcək. O zaman isə artıq iqtisadi tərəfdaşları yox, hərbi müttəfiqləri seçmək məcburiyyəti yaranacaq. Bir şeyi yaddan çıxartmaq lazım deyil ki, belə müttəfiqlərdən biri hətta İran ola bilər.
Rusiyanı terrordan avtoritarizm xilas edə bilər .
- Rusiya bu yaxınlarda Şimali Qafqazda yerləşən hərbi texnikasının sayını artırdı. Səbəblərdən biri kimi Putinin Qafqazdakı terrorçulardan tamamilə canını qurtarmaq istəməsi göstərilirdi. Rusiya həqiqətənmi “Qafqaz İmarəti”ndən canını tam qurtara biləcəyini düşünür?
- Rusiya yalnız bir halda - əsl avtoritar ölkəyə çevrildikdə terrorçulardan canını tam qurtara bilər. Hazırda Putin haqqında xoş fikirlərin olmamasına baxmayaraq, Rusiya liberal-demokratik ölkə hesab edilir. Belə formatda Rusiya terrorizm üzərində heç vaxt qələbə qazana bilməz. Bunun üçün sərt metodlar və sərt dövlət strukturu lazımdır. Bu, həm maliyyə sisteminə, həm də terrorizmlə mübarizədə ən böyük maneə olan korrupsioner və oliqarxlara aiddir. SSRİ-də terrorizmin heç vaxt olmamasının əsas səbəbi başqa bir ictimai-siyasi sistemin olması idi. Fikir versəniz, görərsiniz ki, liberal-demokratik sistemi olan bütün ölkələrdə terrorizm var. Amma nizamın olduğu ölkələrdə bu kimi hallara rast gəlinmir. Məsələn, Belorusiyada terroristlər beşikdəcə məhv edilir.
- Bəzi ekspertlər Qarabağ konfliktinin həllində yeni şansın yarandığını düşünürlər...
- Əgər siz Azərbaycanın hərbi yolla Qarabağ problemini həll etməsini nəzərdə tutursunuzsa, mən sizə yalnız bu variantın Qərbin istəklərinə uyğun ola biləcəyini deyə bilərəm. Bu halda Azərbaycan özü müharibəni başlayacaq. Qərb bunu boş yerdən yarada bilməz. Təsəvvür edin ki, ikinci Əfqanıstana dönən Ukraynadan sonra xaos Cənubi Qafqaza yayılır. Burada isə bütöv Qafqazı öz ağuşuna alır. Bu isə regiona dini radikalların və xüsusilə də vəhabilərin girməsi üçün bir variant olacaq.
Qarabağ konflikti Rusiyanın gücü olmadan həll edilə bilməz. Rusiyanın özü bütün şəraiti qura bilərdi. Bu halda Azərbaycan işğal olunmuş əraziləri öz tabeliyinə qaytara, etibarlı hərbi-siyasi müdafiə ala, neft və qazını daha sərfəli qiymət satardı. Qeyri-stabillik, vəziyyətin kövrəkliyi, bölgədə yerləşən zəif postsovet ölkələri Azərbaycan üçün ən böyük təhlükədir.
Türkiyə Bakını qoruya bilməyəcək .
- Bəs Kremlin Azərbaycanda hakimiyyətə rusiyameylli insanları gətirmək istəməsi haqqında verilən proqnozlar barədə nə deyə bilərsiniz?
- Azərbaycanın özünü qorumasının yeganə real yolu var. Moskva və Tehranla olan yaxınlığı ictimailəşdirmədən əməldə və reallıqda yaxınlıq göstərmək lazımdır. Azərbaycan hiyləgər olmalıdır və yalnız bu halda özünü qoruyub saxlaya bilər. Qərb Bakı və Moskva arasında ayrılığı gördüyü zaman Azərbaycana daxildən zərbə vuracaq. O zaman Azərbaycanı Türkiyə də qoruya bilməyəcək. Bir şeyi yaddan çıxarmaq lazım deyil ki, Türkiyə Azərbaycanın dostu olmazdan əvvəl NATO-nun üzvüdür. Ancaq etiraf edək ki, hələlik situasiya təhsil və dünyagörüş baxımından Rusiya ilə bağlı olan Prezident İlham Əliyevin tam nəzarətindədir.
Ən pis variantda belə Azərbaycan ikinci Ukrayna olmayacaq. Burada bütün Qafqaza təsir edə biləcək dini radikal qrup yarana bilər. Bu halda yeni Azərbaycan Ukrayna xaosunu xatırlatmayacaq. Bu, əslində çox sərt sistemə malik klerikal hakimiyyət olacaq. Ölkəni növbəti idarə edəcək şəxsin isə Rusiya ilə əlaqəsi olduqca müxtəlif olacaq. Rusiya məhz onun üçün boş bir yer kimi görünəcək.
Məhz bu faktı nəzərə almaqla Azərbaycan hakimiyyətinin kadr islahatlarını izləmək və başa düşmək olar. Dəqiq deyirəm ki, bugünkü Azərbaycan Moskva əleyhdarı deyil və bu fakt sizin stabilliyinizin ana xəttidir.