Tarix : 2014 May 29
Kod 43018

Azərbaycan hökuməti viza prosedurunu ləğv etməyə meyllidir

Azərbaycan hökumətinin İran vətəndaşları üçün viza prosedurunu ləğv etməsi məsələsi hər iki ölkənin Xarici İşlər nazirliklərinin prioritet proqramlarındandır

Arannews - İldə bir milyon Azərbaycan vətəndaşı müalicə məqsədilə İrana səfər edir. Bunu İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin Təbrizdə jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, hər bir Azərbaycan vətəndaşı İranda 700-1000 dollar pul xərcləyir: “Onlar əsasən İranın Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil, Tehran və Gilan vilayətlərinə müalicə məqsədilə səfər edirlər. Bundan əlavə, hər il orta hesabla İrandan Azərbaycana 200-250 min nəfər turizm məqsədilə səfər edir. Eyni zamanda Azərbaycan vətəndaşları Qum və Məşhəd şəhərlərinə də ziyarət məqsədilə gedirlər”.

M.P.Ayin deyib ki, hazırda Azərbaycanda 1000 İran vətəndaşı yaşayır: “Onlardan da 700 nəfəri tələbədir. Bundan əlavə, Azərbaycanda 500 İran şirkəti qeydiyyatdan keçib. Azərbaycan Respublikası İranın 4 vilayəti ilə ortaq sərhədə malikdir. Ona görə də Azərbaycan Respublikası ilə həmin vilayətlər arasında əməkdaşlıq qurmağa çalışırıq”.

Səfir həmçinin vurğulayıb ki, son 20 il ərzində İranla Azərbaycan arasında münasibətlərin səviyyəsi həmişə enişli-yoxuşlu olub: “Ancaq son bir il ərzində iki ölkə arasında əlverişli siyasi və iqtisadi münasibətlər yaranıb və bu tendensiyanın davam etdiriləcəyinə ümidvaram. Hazırda İranla Azərbaycan arasında münasibətlər müsbət atmosferdə davam etdirilir. Mən iki ölkə arasında əlaqələrin gələcək prespektivinin daha yaxşı səviyyədə olacağına inanıram. Çünki Azərbaycan prezidenti İlham Əliyevin İrana sonuncu səfəri iki ölkə arasında əməkdaşlığın inkişafı sahələrini daha əlverişli edib. İki ölkə arasında çox güclü mədəni, siyasi, iqtisadi və ticarət potensialı var. Bu cür oxşarlıqlardan İranla Azərbaycan arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi yararlanmalıyıq”.

M.P.Ayin bildirib ki, Azərbaycan hökumətinin İran vətəndaşları üçün viza prosedurunu ləğv etməsi məsələsi hər iki ölkənin Xarici İşlər nazirliklərinin prioritet proqramlarındandır: “Azərbaycan tərəfi İran vətəndaşları üçün viza prosedurunu ləğv etməyə meyllidir. Ancaq bəzi problemlər səbəbindən məsələnin həlli gecikir. İranın Azərbaycandakı səfirliyi zamanı gəldiyində bu mövzu ilə bağlı lazımi məsləhətləşmələr aparacaq”.

Eyni zamanda səfir Azərbaycan Respublikasında İrana qarşı fəaliyyət göstərən təşkilatlardan da danışıb: “Biz həmin qrupların bütün fəaliyyətlərini müşahidə edirik. Onların sayı 50 nəfərdən çox deyil və İranın milli təhlükəsizliyinə qarşı zidd addım kimi hər hansı bir xüsusi narahatlıq yoxdur. Çünki həmin qrupların sayının çox olmaması səbəbindən siyasi baxımdan təsir gücləri də yoxdur. Ancaq həmin qruplar ABŞ Konqresinin maddi-mənəvi dəstəyi sayəsində mediadakı öz mövqelərini yaxşılaşdırmağa çalışırlar. Lakin Azərbaycan dövləti həmin qrupların heç birini dəstəkləmir. Onlar bu kimi məsələlərin Azərbaycanda gündəmə gətirilməsindən razı deyil. Həmin qruplar Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyin düşüncələrinə bağlıdır. Azərbaycanda keçirilmiş ən son prezident seçkilərində etnosentrist qrupların təsirinin şahidi olduq. Onlar seçkilərdə iki namizədlə iştirak etmələrinə baxmayaraq, çox az səs topladılar”.

M.P.Ayin həmçinin deyib ki, Azərbaycanla İran dərsliklərdəki bəzi tarixi təhriflərin araşdırılması üçün ortaq komitə formalaşdırıb: “Hələlik bu komitənin iclası keçirilməyib. Amma biz şübhəli məqamların aradan qaldırılması üçün komitənin yığıncağının keçirilməsinə çalışırıq”.

  • Yazılıb
  • da (də) 2014 May 29