N.Məmmədov Azərbaycanın Avrasiya İqtisadi İttifaqına qoşulmaq planının olmadığını bəyan edib:
“Biz hələlik bunu düşünmürük. Bizi burada maraqlandıran yalnız Ermənistanın ittifaqa üzvlüyü məsələsidir”.
Arannews - Azərbaycanın Avrasiya İqtisadi İttifaqına
qoşulmaq planı yoxdur .
“Nazarbayev söylədi ki, bu məsələyə diqqətlə baxmalıyıq və
Azərbaycan Respublikasını narazı sala bilmərik”
Azərbaycan prezidenti Avrasiya İqtisadi İttifaqının təsisçiləri
olan Rusiya, Qazaxıstan və Belarusun dövlət başçılarına həqiqətən də məktubla
müraciət edib.
Bu sözləri Azərbaycan Prezident Administrasiyası rəhbərinin
müavini, PA-nın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib .
N.Məmmədov bildirib ki, bu gün beynəlxalq münasibətlərdə ədalətli
yanaşmanın olmaması müəyyən addımların atılmasına gətirib çıxarır:
“Bu kontekstdə Avrasiya ərazisində yeni qurumun yaranmasını
normal hesab etmək lazımdır. Bura üzvlük məsələsində bizi maraqlandıran Ermənistandır.
Ermənistan 20 ildən artıqdır Azərbaycanın ərazilərinin bir hissəsini işğal
altında saxlayır. Bununla bağlı BMT TŞ-nin 4 qətnaməsi, beynəlxalq təşkilatların
mövqeyi var. Üstəlik, Minsk Qrupunun həmsədrləri bir neçə bəyanat veriblər ki,
münaqişə ilə bağlı indiki status-kvonu saxlamaq olmaz. Bütün bunlara
baxmayaraq, Ermənistan beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymur.
Bu prosesdə isə bizi təmin edəcək güclü addım atılmır. Bu çərçivədə düşündük
ki, Ermənistan hansı şərtlərlə Avrasiya İqtisadi İttifaqı və Gömrük İttifaqına
üzv ola bilər. Bununla bağlı Azərbaycan prezidentinin müraciəti oldu və bu
müraciəti də Qazaxıstan prezidenti Nazarbayevin dediyi kimi, artıq təsisçi dövlətlərin
rəhbərləri alıblar”.
N.Məmmədovun sözlərinə görə, Ermənistan Azərbaycan ərazilərini
işğal altında saxlayaraq orada özünün işğalını müəyyən mənada qəbul etdirmək,
bununla bağlı siyasi, iqtisadi, mədəni və digər addımlar atmaqla bu qurumlara
üzv ola bilməz:
“Məktubun da əsas mahiyyəti ondan ibarətdir ki, belə bir
proses baş verərsə, beynəlxalq hüquq, onun norma və prinsiplərinə əməl olunsun.
Orada həmçinin göstərilir ki, siz dövlət başçılarının Azərbaycanla yaxşı
münasibətləriniz var, bu çərçivədə Azərbaycanın maraqlarına xələl gətirən addım
atılmamalıdır. İlk andan məktuba müsbət mövqe bildirilib. Qazaxıstan prezidenti
Nazarbayev söylədi ki, bu məsələyə diqqətlə baxmalıyıq və Azərbaycan
Respublikasını narazı sala bilmərik. Ermənistanın rəhbərliyi bir qədər əvvəl bəyan
etdi ki, bu quruma üzv olacaq. Baxmayaraq ki, 3 il Avropa İttifaqı və onun rəhbərləri
ilə manevrlər etdi, işlərini qurdu, söz verdi, vəd verdi. Lakin Ermənistanın
prezidenti bir səhər yuxudan durub bəyan etdi ki mən Avrasiya İttifaqına üzv
olmağı qərara almışam”.
N.Məmmədov Azərbaycanın Avrasiya İqtisadi İttifaqına
qoşulmaq planının olmadığını bəyan edib:
“Biz hələlik bunu düşünmürük. Bizi burada maraqlandıran
yalnız Ermənistanın ittifaqa üzvlüyü məsələsidir”.
N.Məmmədov onu da vurğulayıb ki, bu gün beynəlxalq hüququn
norma və prinsiplərinə məhəl qoyulmadığı üçün dünyada qaynar nöqtələr yaranıb və
problemlər meydana gəlib.