Arannews - Hüquq müdafiəçisi, Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova Azərbaycan Respublikasını tərk etmək məcburiyyətində qalıb, Avropaya gedib. O bildirib ki, Qayıtmağı üçün ailəsini əsir kimi saxlayırlar.
Həbsdə olan jurnalist Rauf Mirqədirovla bağlı cinayət işində şahid kimi dindirilən və sonra ölkəni tərk edən Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova deyib: “ Mayın 1 və 2-si prokurorluqda şahid qismində dindirildim. Suallardan, cümlələrdən, zarafatlardan, hərəkətlərdən, masanın üstündə olan sənədlərdən və s. dərhal başa düşdüm ki, əsas suallar Leyla Yunusla bağlı veriləcək. Müstəntiq onun haqda “o, vətən xainidir”, “ölkəni satıb” deyəndə bildim ki, bu oyunun əsas qəhrəmanı Leyla xanımdır.Sadəcə onu deyə bilərəm ki, kiməsə qarşı yalan ifadə verə bilmərəm. Yalandan necə deyim ki, Leyla xanım bu ölkəyə qarşı hansısa addım atıb?! 13 ildir ki, onun yanındayam. Bu 13 ildə onun tərəfindən bu vətənə sevgidən, ağrıdan başqa heç nə görmədim. Mayın 2-si gecə xəbər elədilər ki, səhər səni həbs edəcəklər, gecə ikən çıxmalısan. Səhərə yaxın sərhədi keçdim və sonra da eşitdim ki, evimizə 7-8 polisin müşayiəti ilə prokurorluğun nümayəndələri gəlib. Axtarış adı ilə gəliblər, amma əsas məqsəd həm də məni həbs etmək olub.”
Hüquq müdafiəçisi ailəsinin əsir kimi saxlandığını deyib: “Sual yaranır, niyə axı mənim ailəmi ölkədən buraxmırlar. Onlar ki bu işdə şahid qismində deyillər, cəmiyyətə təhlükə hesab olunmurlar, cinayətkar deyillər. Mən isə şahid qismində bütün suallara cavab vermişəm, evimdə axtarış ediblər, istintaqa aid olmayan sənədləri, avadanlıqları götürüblər. Niyə onları ölkədən çıxmağa qoymurlar? Cavabımız budur ki, qayıtmağım üçün onları əsir kimi saxlayırlar.”