Tarix : 2014 Jun 02
Kod 43060

Ərdəbildə islamçı məhbuslarla bağlı mətbuat konfransı

Onların hamısı vicdan məhbusları, din və etiqad mübarizləridir
İslamçı məhbuslarla həmrəylik ongünlüyü münasibətilə dünən 31 mayda İİR-nın Ərdəbil şəhərində mətbuat konfransı keçirilmişdir. Ərdəbil vilayətinin elm hövzələrinin rəisi Höccətül-İslam Mehdi Novruzi konfransda çıxış edərək Azərbaycan Respublikasında İslam dəyərlərinin keşikçilərinin həbsini, eləcə də BMT-nin hicab məhbuslarına diqqətsizliyini qınadı. O, Qafqaz mədəniyyət mərkəzində baş tutan mətbuat konfransında İslamçı məhbuslarla həmrəylik ongünlüyü təşəbbüsünü yüksək qiymətləndirərək dedi: “Bu ongünlük dini dəyərlər məhbusu olan İmam Kazimin (ə) şəhadəti, cəmiyyətdə əxlaqi qaydaların icrasını məqsəd seçən Peyğəmbərin besəti, yaxşı işlərə dəvət etməkdə və pis işlərdən çəkindirməkdə nümunə olan İmam Hüseynin təvəllüd günlərinə təsadüf edir”.
Höccətül-İslam Novruzi Azərbaycanda baş verənlərin iranlılara aidiyyəti olmadığını düşünənlərə cavab olaraq İslam Respublikasının müsəlman qonşularına laqeyd qalmasının yolverilməz olduğunu bildirdi. O dedi: “Vahid ümmət daxilində siyasi və inzibati sərhədlər yoxdur və bütün müsəlmanlar bir-birinə qardaş olmalıdır”.
İnsanın etiqadda azad olduğunu bildirən natiq bir nəfərin digərlərinin yerinə qərar çıxarmasının yanlış olduğunu söylədi. O, Azərbaycan Respublikasında Qərbə bağlı hakimiyyət tərəfindən əsassız ittihamlarla həbs olunmuş 180 islamçı məhbusun olduğunu media nümayəndələrinin diqqətinə çatdırıb dedi: “Onların hamısı vicdan məhbusları, din və etiqad mübarizləridir. Onlar Azərbaycanda milli təhlükəsizliyə qarşı cinayət əməli törətdiklərinə görə həbs olunmayıblar. Onların həbsinə yeganə səbəb hicabı, insani və əxlaqi dəyərləri müdafiə etmələridir”.
http://qafqaz.ir/az/?p=8227
  • Yazılıb
  • da (də) 2014 Jun 02