Həzrət öz atasının məktəbində tərbiyə aldığı üçün onun kimi səxavətli, saleh, güclü və imanlı idi
Arannews - Hicri təqvimi ilə 26-cı il, rəcəb ayının dördü Kərbəla ələmdarı, Neynəva saqisi, Bəni-Haşimin Qəməri Həzrət Əbülfəzl Abbas (ə) dünyaya göz açdı
Həzrət Əbülfəzl (ə) kimdir?
- Həzrətin adı Abbasdır. Fatimeyi Zəhra (s.ə) dünyasını dəyişəndən sonra Həzrət Əli (ə) Ummul-Bənin (əsl adı Fatimədir) adlı xanımla evləndi və Abbas (ə) dünyaya gəldi, Şaban ayının 4-də, hicrətin 26-cı ilində öz doğulması ilə dünyanı nura boyadı. O, Hz. Əlinin (ə) hüzurunda böyüdü, çirkinlikdən və alçaqlıqdan uzaq idi. Daim İmam Hüseynlə (ə) birlikdə idi. Addım atmağı şərəf yolunda, danışmağı hidayət üçün, baxmağı haqq tərəfində idi. Onun vücudundan şəhidlər ağasının müqəddəs nuru saçırdı. O, çox gözəl, nurani, fəzilət, hünər və kəramət sahibi olduğuna görə ona Babul Həvaic (Hacətlər Qapısı), Əbu Qirbə (Su qabı), Səqqa (Su paylayan), Əbdun Salih (Saleh Bəndə), Əzzəinə (Qadınları müdafiə edən) ləqəbləri veriblər. Həzrət öz atasının məktəbində tərbiyə aldığı üçün onun kimi səxavətli, saleh, güclü və imanlı idi.
Həzrəti Əbülfəzl (ə) uşaq yaşlarından İmam Hüseynə (ə) xidmət edirdi. Əbülfəzl (ə) çox böyük əxlaq sahibi idi. O, uşaq vaxtından qardaşı Hüseynə (ə) “ağa” deyə müraciət edirdi. Eyni zamanda bacısı Xanım Zeynəblə (ə) son dərəcə dərin bacı-qardaşlıq məhəbbəti var idi. İmam Huseynin (ə) karvanı Məkkədən hərəkət etməyə başlayandan İraq ərazisinə yetincəyə qədər Abbas (ə) yol boyu bacısının xidmətində olmuş, hətta xanım miniyə minib-endikdə belə köməkçi kimi onun yanında hazır olmuş, arzu və istəklərini yerinə yetirərdi.
O ağanın fəzilətlərini, kəramətlərini yazmağa cildlər yetməz. Hz. Əbülfəzl (ə) ağanın qəhrəmanlıqları dillər əzbəridir. Həzrət Abbas (ə) ağa Kərbəlada böyük qəhrəmanlıqlar, şücaətlər göstərmişdir. Hətta o, ağa İslamın uğrunda qollarını itirmiş, canını Allah yolunda fəda etmişdir.