Arannews - İrəvan Kremlin diktəsi ilə separatçı rejimin arxasından çəkilir; Qarabağ məsələsi Qərblə Rusiyanın çəkişmə mövzusuna çevrilir; region uğrunda həlledici savaş başlayıb...
Qarabağ problematikası ətrafında nələrsə baş verir. Bunu adi gözlə görmək mümkün olmasa da bir neçə istiqamətdə müəyyən hərəkətliliyi sezmək, hər halda, mümkündür. Xüsusən də Krımın işğalından və Moskvanın Avrasiya İttifaqı layihəsi real olaraq gündəmə gələndən sonra məsələdə Rusiya ilə digər vasitəçi dövlətlər - Qərbi təmsil edən ABŞ, Fransa arasında hansısa gizli təşəbbüskarlıq yarışının başladığı müşahidə edilməkdədir.
Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin 6 bəndlik təklifi və bu təklifləri sırf Amerikanın adından elan eləməsi, Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın qondarma soyqırımın ildönümündə qardaş ölkənin dövlətçilik tarixində ilk dəfə olaraq erməni xalqına başsağlığı verməsi, ardınca Serj Sərkisyanın Türkiyə prezidentini Ermənistana səfərə dəvət eləməsi, az sonra prezident Abdulla Gülün Amerikada “sərhədlərin açılmasına ümidlər qalır” deməsi, nəhayət, Nursultan Nazarbayevin Astanada Azərbaycana ünvanlı məlum xoşməramlı jestinin böyük ehtimalla ya birbaşa, ya da dolayısıyla Qarabağ nizamlanmasına aidiyyəti var.
Son qənaətin xeyrinə işləyən daha bir fakt: dünən Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Dağlıq Qarabağa gedib. Düzdür, indiyədək bu cür qanunsuz səfərlər çox olub. Ancaq Nalbəndyan ora XİN-in mərkəzi aparatının rəhbər işçiləri və Ermənistanın xarici ölkələrdəki səfirləri ilə birgə gedib. Rəsmi məlumata görə, erməni diplomatları separatçı rejimin başçısı Bako Saakyanla Qarabağ münaqişəsinin nizamlanması prosesinin gedişini müzakirə ediblər.
Maraqlısı da odur ki, indiyədək Ermənistanın bütün diplomatik korpusunun başda nazir olmaqla və səfirlər daxil Xankəndinə məsləhətləşmələrə yollanması halına rast gəlinməyib. Bu fakt onu göstərir ki, işğalçı ölkə həqiqətən problem ətrafında situasiyanın son aylardakı inkişafından narahatdır və o səbəbdən təcili şəkildə “saatın əqrəblərini tutuşdurmaq”, eyni zamanda xaricdə diplomatik-təbliğati fəaliyyətləri gücləndirmək yönündə hansısa “yol xəritəsi” cızmağı planlaşdırır.
Demək, nizamlama prosesində çoxtərəfli hərəkətlilik var ki, İrəvan və Xankəndi həşirə düşüb. Yəni belə bir toplantını sırf Astana sammitində Ermənistana üzvlüklə bağlı verilən qısa möhlətlə (1 ay) bağlamaq yanlış olardı. Buradaca xatırladaq ki, Sərkisyan ötən həftəsonu verdiyi açıqlamada Gömrük İttifaqına Ermənistanın Dağlıq Qarabağsız daxil olacağını aydın şəkildə bəyan edib.
Əlbəttə ki, Putinin istəyi belədir və Azərbaycana görədir. Odur ki, Rusiyanın öz gizli servis əməkdaşı olan Saakyanın guya bu qərara hansısa etiraz bildirəcəyi istisnadır. Üstəlik, MDB-də də, Ümumdünya Ticarət Təşkilatında da Ermənistan Dağlıq Qarabağla təmsil olunur. Qalır o qənaət ki, Xankəndi görüşü məhz problem ətrafında yeni situasiya ilə, Moskva-Bakı mümkün Qarabağ anlaşması ilə əlaqədardır. Azərbaycanla Rusiya arasında uğurla davam edən hərbi-texniki əməkdaşlıq erməni tərəfində bu yöndə narahatlığı xeyli artırıb. Nədən söhbət gedir?
Ondan ki, Xankəndindəki fövqəladə toplantı ən əvvəl məsələdə söz sahibliyini artıq itirmiş olan və Rusiyadan tam asılı duruma düşən Ermənistanın, sadəcə olaraq, Dağlıq Qarabağın arxasından çəkilməsi ilə bağla ola bilərdi. Daha doğrusu, İrəvan istəməsə belə, tərəfsizliyə Rusiya tərəfdən vadar edilir və Xankəndinə aparılan yeni, əsas mesaj da budur...
***
Heç şübhəsiz, Amerika və Avropa ixtilafın tezliklə həllində maraqlıdır. Bundan ötrü Qərb Türkiyə-Ermənistan münasibətlərini qaydaya salmağa çalışır və bir az da, deyəsən, tələsir. Təsadüfi deyil ki, son vaxtlar Amerika və Avropa rəsmilərinin bu mövzuda nikbin bəyanatları artıb, Sürix protokolları haqda həm Qərbdə, həm də Türkiyə və Ermənistanda, özü də rəsmilər və diplomatlar (səfirlər) səviyyəsində daha intensiv danışmağa başlayıblar. Bəzi təhlilçilərə görə, hətta Ərdoğan iqtidarı uzağı, uydurma “genosid”in 100 illiyinədək Ermənistanla sərhədləri açacaq.
Təbii ki, Qərbin gerçək niyyətini, zamanın imperativini yaxşı anlayan Moskva da dinc dayanmayıb. O da Qarabağ kartından maksimum yararlanıb Qərbi önləməyə, onun hansısa əlahiddə həll planını tormozlamağa çalışır. Söz düşmüşkən, nizamlama prosesi tarixində bir neçə belə məqam olub ki, Azərbaycanla Ermənistan həllə yaxın olub. Ancaq Rusiya imkan verməyib. 1997-ci ilin oktyabrında bundan ötrü Moskva hətta Ermənistan parlamentini gülləbaran etdirib.
Şimal qonşumuzun strateji niyyəti bəllidir: Moskva münaqişə tərəflərinə bənzərsiz təsir imkanlarından yararlanaraq Azərbaycanı - Güney Qafqazın açar ölkəsini bəzi şirnikləndirici vədlərlə (konkret hansı vədlərlə, bunu zaman göstərəcək) öz yanında saxlamağa səy edir. Bakıya artan reveransların, jestlərin (Putinin 28 mayla bağlı İlham Əliyevə göndərdiyi təbrik məktubundakı indiyədək rast gəlinməyən yüksək fikirlər də bu qəbildəndir) motivi əsasən budur. Bəzi müşahidəçilərə görə, Nazarbayevin Astana bəyanatı da məhz Vladimir Putinin rüsxəti ilə olub.
***
Beləlilklə, ilkin təhlillər Qərbin və Rusiyanın Qarabağa dair gizli “yol xəritələri”nin heç də uzlaşmayacağı rəyini formalaşdırır. Dəqiq olan budur ki, Azərbaycan uğrunda, hələ də öz strateji seçimini eləməyən Güney Qafqazın əsas ölkəsi uğrunda, Güney Qafqaz uğrunda Qərblə Rusiya arasında həlledici savaş başlayıb. Deyəsən, hərənin öz “yol xəritəsi” var. Bəs Azərbaycanın ?