Tarix : 2014 Jun 09
Kod 43133

Bakı-Vaşington fikir ayrılığı!!

Azərbaycanda Vətəndaşların hüquq və azadlıqları qorunur

Arannews - Amerikanın ATƏT-dəki müşaviri Kristofer Robinsonun Azərbaycan Respublikası hökumətini birləşmək, toplaşmaq, fikri ifadə etmək və vicdan azadlıqları sahəsində beynəlxalq öhdəliklərə hörmət etməyə çağırması bir daha rəsmi Bakı təmsilçilərini narahat edib.

YAP təmsilçisi  deputat Aydın Mirzəzadə Qafqazinfo  saytına deyib ki, ABŞ-nın Azərbaycandakı səfiri Riçard Morninqstar ölkədəki demokratik inkişafı yüksək qiymətləndirib.

Aydın Mirzəzadə deyib: “Yəni bu gün Azərbaycan özünün dövlət quruculuğunu, vətəndaş cəmiyyətinin fəaliyyətini demokratik dəyərlərə uyğun qurur. Vətəndaşların hüquq və azadlıqları qorunur, Azərbaycanda açıq cəmiyyət, azad sahibkarlıq prinsipi mövcuddur. Azərbaycanın bu gün yeganə problemi qonşu Ermənistanın torpaqlarımızın bir hissəsini işğal etməsidir. Bu baxımdan Azərbaycanı region üçün təhlükə hesab etmək absurddur”.

Deputat əlavə edib : “Azərbaycanda müxalif qəzetlər var, vətəndaşlar ölkəni sərbəst şəkildə tərk edə bilirlər. ABŞ-ın ATƏT-dəki müşavirinin verdiyi bəyanat birincisi, onun səlahiyyətinə aid deyil. İkincisi isə, o, Azərbaycandakı vəziyyəti ya bilmir, ya da ki bilərəkdən təhrif edir”.

Aydın Mirzəzadə deyib ki, ABŞ səfiri Morninqstar  da sonradan mətbuata verdiyi açıqlamada özünü Azərbaycanın dostu saydığını və burdakı inkişafı gördüyünü deyib.


  • Yazılıb
  • da (də) 2014 Jun 09