Hilal Məmmədov astmadan əziyyət çəkir: “Saxlandığı 17 saylı Cəzaçəkmə Müəssisəsində vərəm aşkar edilib
Arannews - “Tolışi sədo” qəzetinin baş redaktoru Hilal Məmmədovun hüquqlarını müdafiə edən ictimai komitə və bir qrup hüquq müdafiəçisi Əfv Komissiyasına müraciət edərək jurnalistin həbsdən azad olunması məsələsinə baxılmasını istəyiblər. Məlumatı “Turan”a müdafiə komitəsinin rəhbəri, Helsinki Vətəndaş Assambleyasının həmsədrli Arzu Abdullayeva verib.
Arzu Abdullayeva deyib ki, Hilal Məmmədov astmadan əziyyət çəkir: “Saxlandığı 17 saylı Cəzaçəkmə Müəssisəsində vərəm aşkar edilib. Hilal Məmmədov astma xəstəsi olduğundan vərəmə tutulmaq riski var. Problemin ən yaxşı həlli onun həbsdən azad edilməsidir. İyunun 12-də Ali Məhkəmə Hilal Məmmədovun kassasiya şikayətinə baxılacaq. Hilal Məmmədovun işi üzrə istintaq kobud qanun pozuntusu ilə keçirilib. Onun təqsirsizlik prezumpsiyasının pozulması və qanunsuz həbs edilməsi ilə bağlı iki şikayəti Avropa İnsan Hüquqları Məhkəməsində qəbul edilib. Bundan əvvəl Ali Məhkəmə Hilal Məmmədovun işi ilə bağlı anlaşılmazlığı aradan qaldıra və onun hüquqlarını bərpa edə bilər”.
Hilal Məmmədov 2012-ci ilin iyununda tutulub, 5 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə Hilal Məmmədovu dövlətə xəyanətdə, milli ayrı-seçkilik salmaqda və narkotik ticarətində təqsirli bilib.