Tarix : 2014 Jun 11
Kod 43150

Hacı Məsim Novruzovun xaricə getməyinə qadağa qoyulub

Abgül Süleymanovun qaynatasına qarşı qanunsuz təzyiqlər var

 

Arannews - Abgül Süleymanovun qaynatası, Bülbülə ağsaqqalı Məsim Novruzova qarşı qanunsuz təzyiqlər var

Bununla bağlı Məsim Novruzov  müsahibə verib .

 

Hacı nə baş verir? Sizin xaricə getməyinizlə bağlı qadağa hələ ləğv edilməyib?

- Suraxanı rayon baş prokuroru Sərdar İmanov 2011-ci ildə mənim ölkədən çıxmamağım barədə “stop” qoyub. O vaxtdan qalıb elə. Mənim işimi aparan müstəntiq Məhərrəm Əzizbəyli Allaha, Peyğəmbərə and içir ki, qadağanı o qoymayıb. Hara müraciət ediriksə, heç xeyiri yoxdur. Daxili İşlər Nazirliyi deyir ki, qadağanı prokurorluq qoyub, onlar da götürməlidirlər.

 

Sizcə bu nə ilə əlaqəlidir?

-  Mənə qarşı şəxsi qərəzlik mən tutulmamışdan əvvəl var idi. Kənd soveti mənə deyirdi ki, ”yuxarıdan” tapşırıq verilib ki, məni kənd ağsaqqalı vəzifəsindən çıxartsınlar. Mənə qarşı bu şəxsi qərəzlik haradan qaynaqlanır, bu barədə məlumatım yoxdur.

 

Sizə qarşı atılan bu addımlar qanunidirmi?

- Hüquqşünaslarla əlaqə saxladıq, bu məsələni onlara danışdıq. Deyirlrər ki, bu qanunsuz bir addımdır. Yəni qadağa götürülməlidir, amma götürmürlər. Dolayısı yolla bizə deyirlər ki, bizə belə tapşırıq verilib ki, götürülməsin.

 

Siz nə vaxt azadlığa çıxmısınız və qanunla bu qadağa nə vaxt sizdən götürülməlidir?

 - Mən 2011-ci ildə həbs olunmuşam. Keçən ilin may ayının 3-ü çıxmışam. Noyabr ayının 21-i mənim 2 ilim tamam olub. Yəni bu müddətdən sonra qadağa götürülməlidir. Amma hələ də olduğu kimi qalır.

 

Qeyd edək ki, Məsim Novruzov Bülbülə kənd ağsaqqallar şurasının sabiq sədridir, Bülbülə Dini İcmasının ilk təsisçilərindən olub, öz təşəbbüsü ilə yuxarı məscid adlanan "İmam Xomeyni" məscidi inşa etdirib. Hazırda zindan həyatı yaşayan ilahiyyatçı Hacı Abgül Süleymanovun qayınatasıdır. Ona qarşı vergidən yayınma ilə cinayət işi açılmış, Suraxanı məhkəməsi onun həbsinə lüzum olmadığını və az yüngül cinayət saydığı üçün həbs etməmişdi. Daha sonra prokuror apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsində elə zaldaca Məsim Novruzovun həbs ediməsi haqda qərar çıxarılmışdı. Həbs müddətinin bitməsinə yaxın isə o şərti azadlığa çıxmışdı. Lakin 7 aydan çoxdur ki, onun həbs müddəti bitib.

Onu da qeyd edək ki, şərti cəza alan məhkumlar haqqında xaricə çıxmaması üçün Sərhəd Xidmətinə Penitensiar Xidmət müraciət edir. Həbs müddəti bitdikdə isə qadağa avtomatik qaldırılır .


  • Yazılıb
  • da (də) 2014 Jun 11