Arannews - Polis rəisi qanuna müvafiq qaydada şikayət ərizəsini rayon prokurorluğuna göndərəcək
Xəbər verildiyi kimi iyun ayının 2-də, "Əbəlfəzl" məscidi (Azriba), xanımlar mədrəsəsində Quran dərsi keçən hicablı müəllimə, Məmmədova Xuraman polis mayoru Əliyar Həziyev tərəfindən təhqirə məruz qalıb. Bundan sonra lənkəranlılar etiraz edərək polis mayorunun işdən çıxarılmasını və Lənkərandan qovulmasını tələb ediblər.
Hətta bu tələbləri ilə bağlı şikayət ərizəsi yazaraq imzalayıblar.
Hüquq müdafiəçisi Sədrəddin Kazımov "Cenubnews"-a bildirib ki, "Lənkəran sakinləri tərəfindən polis şöbəsinə şikayət olundu, imzalar toplandı. Polis rəisi də qanuna müvafiq qaydada şikayət ərizəsini rayon prokurorluğuna göndərəcək. Yəni polisin hər hansı bir qanunsuz hərəkəti ilə bağlı prokurorluq orqanlarının səlahiyyəti olduğuna görə, adı çəkilən orqan bu işə baxacaq. Və prokurorluq orqanının çıxardığı qərar nə olacaqsa oda icra ediləcək."
Sədrəddin Kazımov həmçinin qeyd etdi ki, Məmmədova Xuraman hal-hazırda respublikadan kənarda olduğu üçün işin başlanılması biraz gecikə bilər. Ondan sonra prosedur qayda olaraq, qadının ilk dindirilməsi aparıldıqdan sonra, işin araşdırılması başlanacaq.