Arannews - Akif Nağı son günlər NATO-nun Bakıda keçirilən tədbirində iştirak etmək üçün erməni deputatlarının Azərbaycana gəlməsinə etiraz edib.
A.Nağı bununla bağlı etiraz aksiyası keçiriləcəyini bildirib. Təşkilat sədri müsahibəsində bu məsələ ərtafında suallara cavab verib.
- Siz təşkilat olaraq ermənilərin Bakıya gəlməsinə etiraz etdiniz. Bəs Qarabağdan olan adi vətəndaşlar buna necə yanaşır?
- Bu hallar məcburi köçkünlərə mənfi təsir edir. Onlar “reallıq”la barışmağa məcbur olurlar. Bizim təşkilatın əksəriyyəti məcburi köçkünlərdir.
- Qərar verərkən həmin şəxslərin fikirləri də nəzərə alınırmı?
- Təbii ki, qərar qəbul olunanda əsas onların da rəyi nəzərə alınır. Təşkilatda olmayan qaçqınlarla da əlaqələrimiz var. Həmin şəxslər heç bir halda qəbul edə bilmirlər ki, ermənilər gəlib Bakıda hansısa bir tədbirdə iştirak etsin. Bu onlara çox üzücü və əzici təsir göstərir.
- Azərbaycan ermənilərlə əməkdaşlığı qadağan edən qanun qəbul etdi. Ermənistana səfər edənlər də ciddi nəzarət altında olur. Ermənistanın isə bu məsələyə əksinə olaraq loyal yanaşmaqda məqsədi nədir?
- Ermənilər fikirləşirlər ki, artıq müharibəni udublar. Çalışırlar ki, müharibənin acıları unutdurulsun. İki ölkə arasında gediş-gəlişin olmasında maraqlıdırlar. Bu hal nə qədər tez-tez baş versə, Azərbaycan cəmiyyəti o qədər bu vəziyyətlə barışar. Bu məsələ onların maraqlarına cavab verdiyi üçün buna loyal yanaşırlar.
- Azərbaycanlıların Ermənistana getməsi ilə hansısa istisna hallarda razılaşırsınızmı?
- Heç bir istisna yoxdur. Bu bizim şıltaqlığımızdan da irəli gəlmir. Ermənilərin və onlara yaxın mərkəzlərin qurduğu bir siyasətin əsası budur ki, müharibə unutdurulsun. Buna görə Azərbaycandan Ermənistana və geriyə səfərlər təşkil edirlər. Hansısa beynəlxalq təşkilatlar konqresmenlərin, deputatların, senatların Qarabağa səfərini təşkil edir. Bunlar hamısı bir siyasətin tərkib hissəsidir. İşğala məruz qalan dövlət və cəmiyyətdə bir aqressiya olur. Bütün bunlar da həmin aqressiyanın yox olması üçün ümumi siyasətin bir tərkib hissəsidir.
- Münasibətlərdə daha çox dialoqa üstünlük verən Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyi ilə əməkdaşlıq edirsinizmi?
- Qarabağın azərbaycanlı icması ilə əlaqələrimiz var. Müəyyən tədbirlərdə görüşürük. Amma təəssüf ki, bir sıra məsələlərə fərqli yanaşmamız olduğu üçün əməkdaşlığımız mümkün deyil. “Xalq diplomatiyası” ilə onların mövqeyi başqadı. Onlar buna dəstək verirlər, tərəfdarı kimi çıxış edirlər. Rövşən Rzayev (İB-nin İdarə Heyətinin üzvü - red.) “xalq diplomatiyası”nın tərəfdarı kimi çıxış edir.