Arannews - “Azərbaycanın Şimali Atlantika Alyansı ilə tərəfdaşlığında əsas istiqamətlər siyasi dialoq, sülhü dəstəkləmə əməliyyatlarında iştirak, təhlükəsizlik təhdidlərinə qarşı mübarizə, təhlükəsizlik və müdafiə islahatları ilə bağlı məsələlərdə praktik əməkdaşlıqdan ibarətdir”.
Bunu Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov NATO PA-nın Bakıda keçirilən “Cənubi Qafqaz: Çağırışlar və imkanlar" adlı 86-cı “Rouz-Rout” seminarında çıxışında deyib. O bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin dediyi kimi, Sülh Naminə Tərəfdaşlıq proqramında 20 il üzvlük müddəti ərzində Azərbaycan və NATO-nun münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
O. Əsədov Dağlıq Qarabağ münaqişəsinə toxunaraq xatırladıb ki, Ermənistanın silahlı təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal edilib, 1 milyon insan qaçqına və məcburi köçkünə çevrilib: “Uzun illərdən bəri Azərbaycan beynəlxalq birliyə çağırışlar edərək ədalətin bərpa olunmasını, beynəlxalq təşkilatların qəbul etdikləri sənədlərin həyata keçirilməsini tələb edir”.
MM sədri BMT-nin münaqişə ilə bağlı 20 ildən çoxdur Ermənistan tərəfindən əməl edilməyən 4 qətnaməsini də xatırladıb.
Qeyd edək ki, seminarda Ermənistan nümayəndə heyəti də iştirak edir.