Tarix : 2014 Jun 19
Kod 43233

Azərbaycan İŞİD məsələsində kifayət qədər diqqətli olmalıdır

Azərbaycan müsəlman toplumudur

Arannews -  Azərbaycan Respublikası İŞİD məsələsində kifayət qədər diqqətli olmalıdır, telekanallarda gerçək İslamın təbliğatına olan senzuraların yığışdırılmasına nail olunmalıdır.

Bunu Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin sədri, İçərişəhər “Cümə” məscidinin imam-camaatı, ilahiyyatçı-filosof Hacı İlqar İbrahimoğlu “Yeni Müsavat” qəzetinə verdiyi müsahibədə vurğulayıb.

“Azərbaycan müsəlman toplumudur” deyən Hacı İlqar İbrahimoğlu əlavə edib : “İnsanlar, hətta uşaqlar bu mövzu ilə maraqlanır. Populist, şoulaşan formatda İslamla bağlı mövzular deyil, gerçək İslam maarifçiliyi ilə bağlı imkanlar daha da artırılmalıdır. Diqqət etsək, telekanallarda müzakirəyə çıxarılan mövzular şou xarakterlidir. Bunların da ciddi zərəri var. Mütləq yaxın dönəmlərdə telekanallarda gerçək İslamın təbliğatına olan senzuraların yığışdırılmasına nail olunmalıdır. Ölkədə İslam maarifçiliyi üçün minimal da olsa, şəraitlər olmalıdır ki, insanlar öz fəaliyyətlərini göstərə bilsinlər. Təhsil almış minlərlə ilahiyyatçı və ruhanilərə öz mənəvi missiyalarını həyata keçirmək üçün fürsətlər verilməlidir. Bunlar olmayacağı halda yerləri boş qalmayacaq və biz ciddi təhlükələrlə, təhdidlərlə üz-üzə qalacağıq.”

İŞİD-in anti İslam quruplaşma olduğunu vurğulayan Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin sədri əlavə edib : “Demokratiya” şüarını deyib, tam əksini edənlər, “İnsan haqları” şüarını səsləndirib, əksini həyata keçirənlər kifayət qədərdir. Bu baxımdan da sadəlövh olmaq lazım deyil ki, kimsə “Allahu Əkbər” deyirsə, avtomatik olaraq bunu İslamın adına yazmaq lazımdır. “Allahu Əkbər” insanların əməlində təzahür tapmalıdır. Həm dildə deyilməlidir, həm də əməldə təzahür olunmalıdır. “Allahu Əkbər”  deyərək o cür cinayətlər eləmək - “Allahu Əkbər”in mahiyyətinə tamamilə ziddir.”

  • Yazılıb
  • da (də) 2014 Jun 19